Fevralın 17-də Bakıdakı 53 nömrəli məktəbdə xalq
şairi Zəlimxan Yaqubla görüş keçirildi.
Məktəbin direktoru F.Həsənova tədbir
iştirakçılarını salamlayaraq bildirdi ki,
şeirlərini sevə-sevə oxuduğumuz şair Zəlimxan
Yaqubun bu günlərdə 60 yaşı tamam oldu. Elə bu
münasibətlə dövlət başçısı cənab İlham Əliyev
tərəfindən "Şərəf" ordeninə layiq görüldü.
Şairin həm 60 illik yubileyini, həm də "Şərəf"
ordenini təbrik etmək üçün onu təhsil ocağımıza
dəvət etmişik.
Görüşdə çıxış edən BDU-nun müəllimi, professor
Qara Namazov xalq şairi Zəlimxan Yaqubun həyat
və yaradıcılığından ətraflı danışdı.
Sonra söz xalq şairi Zəlimxan Yaquba verildi.
Şair onu təbrik etdikləri, görüşə dəvət
etdikləri üçün məktəbin kollektivinə təşəkkür
etdi. Daha sonra o qeyd etdi ki, yaşadığım 60 il
olduqca mənalı, maraqlı, rəngarəng bir ömür olub.
Ulu öndər Heydər Əliyevin verdiyi "Şöhrət"
ordeninə, möhtərəm Prezidentimizin verdiyi "Xalq
şairi" adına və nəhayət, "Şərəf" ordeninə layiq
görülmüşəm.
Şair görüşdə öz şeirlərini də söylədi. Şagird və
müəllimlərin çoxsaylı suallarını ətraflı
cavablandırdı. Son zamanlar çapdan çıxmış "Peyğəmbər"
və "Böyük ömrün dastanı" adlı kitablarını məktəb
kitabxanasına hədiyyə etdi.
Məktəbin şagirdlərinin şairin şeirləri əsasında
hazırladıqları kompozisiya tamaşaçılarda xoş
ovqat yaratdı.
Görüşdə Əbilov adına mədəniyyət evinin "Şəlalə"
xalq çalğı alətləri ansamblının bədii rəhbəri
Zamiq Əliyevin Zəlimxan Yaqubun sözlərinə
bəstələdiyi mahnılar səsləndi.
Ə.DAŞDƏMİRLİ |