Sənətkar əsərləri ilə tanınır. Hər bir
sənətkarın da öz dünyası, söz dünyası olur. Şair
sözü hikmətə çevirərək poetik dillə qələmə
alırsa, rəssam da duyduğunu, düşünüb təsəvvür
etdiyini fırçasıyla ağ kətana köçürüb tarixdə
qalacaq bir əsər yaradır.
Haqqında söz açacağımız Yeganə Ağayeva da belə
sənətkarlardan biridir. Təbiət mənzərələrini
xüsusi duyğu ilə təsvir etdiyini, gözəl portret
əsərləri işlədiyini, bacarıqlı və istedadlı
rəssam olduğu qədər də təvazökarlığını da
eşitmişdim.
Eşitdiklərimin şahidi olmaq, haqqında yazmaq
üçün vədələşdiyimiz kimi onunla Bakı şəhəri 42
nömrəli Gənc Turistlər və Diyarşünaslıq
Mərkəzində rəhbərlik etdiyi qrupda - iş başında
görüşdük. Qrupda tədris aparmaq üçün ayrılmış bu
otaq rəsm qalereyasını xatırladırdı. Divarlar
başdan-başa Yeganənin və onun rəhbərlik etdiyi
qrup üzvlərinin müxtəlif çalarlı rəsm işləri ilə
bəzədilmişdi. Qrupun şagirdlərdən ibarət bir
neçə üzvü Yeganənin rəhbərliyi altında
çəkdikləri əsərlər üzərində işləyirdilər.
Yeganənin rəsm işləri ilə tanışlıqdan məlum oldu
ki, o, əsasən əsərlərində Səttar Bəhlulzadənin
və Van Qoqun üslubuna üstünlük verir. Elə buna
görə də sanki təbiətin dilbər guşələrindən bir
parça bu otağa köçmüşdü. İnsan özünü burada
gözəlliklərlə dolu sirli bir dünyada hiss edir.
Rəssamın başqa işləri də maraqlı və
düşündürücüdür. Yaratdığı portret əsərlərinə
baxanda sanki canlı insanla üz-üzə qalırsan.
Dəhlizdə yerləşdirilmiş böyük bir rəsm əsəri
ağrılı yerimiz olan Xocalı soyqırımına həsr
edilib. Onun yaratdığı rəngarəng əsərlərində
insan nəfəsi, insan ürəyinin çırpıntısı duyulur.
Rəsmlərində çalarları dəqiq verməsi, rənglərdən
ustalıqla istifadə etməsi nəticəsində əsərləri
daha canlı, daha cəlbedici olmaqla bərabər,
baxanlar tərəfindən sevilir.
Ağayeva Yeganə Seyidrəsul qızı 1974-cü il
fevralın 2-də Saatlı rayonunun Mollaəzizli
kəndində anadan olub. 1991-ci ildə M.Əzizbəyov
adına Saatlı şəhər 2 nömrəli orta məktəbi "əla"
qiymətlərlə başa vurub. Həmin il bədii tərtibat
ixtisası üzrə Bakı şəhər 84 nömrəli texniki peşə
məktəbinə daxil olur. 1993-cü ildə peşə
məktəbini "əla" qiymətlərlə bitirdikdən sonra
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rəngkarlıq fakültəsinə qəbul
olur. 1997-ci ildə bu təhsil ocağını da "əla"
qiymətlərlə başa vuran Yeganə kənd həyatına həsr
etdiyi bədii rəngkarlıq mövzusu ilə diplom işini
yüksək səviyyədə müdafiə edib. Elə buna görə də
diplom müdafiəsi komissiyasının qərarı ilə
Yeganə Ağayeva universitetin magistraturasına
qəbul edilib. Lakin müəyyən səbəblər üzündən
təhsilini davam etdirə bilməyən Yeganə bir neçə
il fərdi yaradıcılıqla məşğul olur. Vaxtilə
təhsil aldığı kənd əsas məktəbi ilə əlaqə
saxlayır, sifarişlərlə müxtəlif portret əsərləri
yaradır.
2002-ci ildə qabiliyyət imtahanlarını uğurla
verə bildiyi üçün Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının magistratura pilləsinin
rəngkarlıq şöbəsinə daxil olur. 2004-cü ildə
xalq artisti Alim Qasımova impresionalizm
üslubunda həsr etdiyi muğam əsəri ilə
magistraturanı "əla" qiymətlərlə başa vuran
Yeganə hazırda fəaliyyət göstərdiyi mərkəzdə işə
düzəlir. Rəssamlar İttifaqı tərəfindən 2005-ci
ildə Vəcihə Səmədova adına sərgi salonunda
təşkil edilmiş gənc rəssamların əsərlərindən
ibarət sərgidə xalq artisti Əminə Dilbaziyə və
onun həyat yoldaşı Cövdət Hacıyevə həsr etdiyi "Sənət
və məhəbbət" əsəri ilə iştirak edir və uğur
qazanır. Buna baxmayaraq, keçirilən başqa
sərgilərdə iştirak etməyə səy göstərməyən Yeganə
xanım bilik və bacarığını şagirdlərinə öyrədir,
rəngkarlığın sirlərini onlara aşılayır. Elə
bunun nəticəsidir ki, şagirdləri həmişə Təhsil
Nazirliyi üzrə keçirilən rəsm müsabiqə və
sərgilərində fəal iştirak etməklə yüksək
göstəricilərilə fərqlənirlər. Təsadüfi deyil ki,
yetirmələrindən 70 nəfərdən çoxu müxtəlif sərgi
və rəsm müsabiqələrində yüksək yer tutmaqla
diplom və mükafatlara layiq görülüb.
Yeri gəlmişkən qeyd edək ki, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü
münasibətilə keçirilmiş şagirdlərin rəsm
müsabiqəsində iştirak edən yetirmələrindən
Tərlan İsazadə və Tərlan Zülfüqarov I yeri
tutaraq diplom və pul mükafatlarına layiq
görülüblər. Hazırda Yeganə Ağayevanın qrupunda
dərs alan 24 şagird rəssamlıq sənətinin
sirlərini ondan öyrənir, gələcəkdə müəllimləri
kimi istedadlı rəssam olmağa çalışır.
Yeganənin ən böyük arzusu şəxsi emalatxanası
olması, yaxın gələcəkdə Şuşa qalasında oturub o
yerlərin füsunkar təbiətini ağ kətana
köçürməkdir.
Biz də, öz növbəmizdə, ona arzusunun həyata
keçməsini dilədik, müxtəlif səpgili rəsm
əsərlərinin füsunkar gözəlliyinə qərq olmuş bu
balaca otağı bir də gözdən keçirdik, bütün
bunlar "Yeganənin ecazkar dünyasıdır", - deyə
düşünüb ondan xoş təəssüratla ayrıldıq.
Nizami MİRZƏ |