| 
								
								Son 30 ilin dünya təcrübəsi göstərir ki, təhsil 
								müəssisələri daha çox maliyyə vəsaitləri əldə 
								etmək üçün alternativ gəlir mənbələrindən 
								istifadə edirlər. Belə ki, inkişaf etmiş və 
								həmçinin inkişaf etməkdə olan ölkələrin 
								əksəriyyətində yeni maliyyələşdirmə mənbələrinin 
								müəyyən edilməsinə keçən əsrin 80-ci illərindən 
								başlanılmış və nəticədə həmin ölkələrin təhsil 
								müəssisələrinə müvafiq sahibkarlıq fəaliyyətləri 
								ilə məşğul olmaqla əlavə gəlirlər əldə etmək 
								üçün geniş hüquq və səlahiyyətlər verilmişdir. 
								Nəticədə dünyanın bir sıra ölkələrinin təhsil 
								müəssisələri yeni maliyyə mənbələrinin 
								müəyyənləşdirilməsi hesabına öz vəsaitlərini 
								əhəmiyyətli dərəcədə artıra bilmişlər. Hazırda 
								bu proses dünyada getdikcə sürətlə inkişaf edir. 
								Onu da qeyd etmək lazımdır ki, inkişaf etmiş 
								ölkələrdə əlavə maliyyə vəsaitlərinin cəlb 
								edilməsi təhsilə dövlət  maliyyələşdirilməsinin 
								azaldılmasını stimullaşdırmışdır.
								 
								
								Azərbaycanda dövlət təhsil müəssisələrində 
								büdcədənkənar vəsaitlərin  formalaşmasının ilkin 
								prosesi əsasən 90-cı illərin əvvəlinə təsadüf 
								edir. Belə ki, təhsil müəssisələrinin 
								maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 
								1993-cü ildə hökumətin müvafiq  qərarına əsasən 
								ali təhsil müəssisələrində ödənişli əsaslarla 
								təhsil qrupları yaradılmışdır. Həmin ildən 
								etibarən Azərbaycanda dövlət ali təhsil 
								müəssisələri ödənişli təhsil xidmətləri 
								göstərməyə başlamışlar. Sonrakı illərdə ödənişli 
								təhsil xidmətləri dövlət orta ixtisas və 
								həmçinin peşə təhsili müəssisələrini də əhatə 
								etmişdir.  
								
								Hazırda dövlət təhsil müəssisələrində ödənişli 
								əsaslarla təhsil alan tələbələrin, şagirdlərin 
								təhsil haqqı hər bir təhsil müəssisəsinin 
								büdcədənkənar daxilolmalarının əsas tərkib 
								hissəsini təşkil edir. Təhsil müəssisələrinin 
								büdcədənkənar vəsaitləri ödənişli əsaslarla kadr 
								hazırlığından başqa, həmçinin kurs tədbirləri və 
								yenidənhazırlanma, tədris istehsalatı və sair 
								üzrə daxilolmalar hesabına formalaşır. Təhsil 
								müəssisələrində büdcədənkənar vəsaitlərin 
								formalaşdırılması, istifadə edilməsi və uçota 
								alınması xüsusi təlimata əsasən həyata keçirilir. 
								 
								
								Qeyd etmək lazımdır ki, artıq yeni qəbul edilmiş 
								"Təhsil haqqında" Azərbaycan Respublikasının 
								Qanununa əsasən  təhsil müəssisələrinin 
								qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin 
								vəsaiti ilə yanaşı, digər mənbələrdən gəlir əldə 
								etmək hüquqları müəyyənləşdirilmişdir. Belə ki, 
								Qanunun 38-ci maddəsinə əsasən təhsil 
								müəssisələri qanunvericiliklə müəyyən edilmiş 
								qaydada fiziki və hüquqi şəxslərə müxtəlif 
								ödənişli təhsil xidmətləri göstərmək, 
								sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi 
								və fiziki şəxslərdən ianələr və könüllü 
								yardımlar almaq hüququna malikdir. Bu 
								mənbələrdən əldə olunan vəsait və digər əmlak 
								dövlət təhsil müəssisəsinə büdcədən ayrılan 
								vəsaitlərin miqdarına təsir göstərmir və onun 
								nizamnaməsinə uyğun olaraq sərbəst istifadə 
								edilir. Qanunda həmçinin dövlət, bələdiyyə və 
								özəl təhsil müəssisələrinin maliyyələşdirilməsi 
								mənbələri ayrıca təsbit olunmuşdur. Belə ki, 
								yeni qanunvericiliyə uyğun olaraq dövlət və 
								bələdiyyə təhsil müəssisələrinin 
								maliyyələşdirilməsi mənbələri aşağıdakı kimi 
								müəyyənləşdirilmişdir: 
								
								-qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin 
								və yerli büdcənin vəsaitləri; 
								
								-ödənişli təhsildən daxil olan vəsaitlər; 
								
								- hüquqi və fiziki şəxslərin, o cümlədən 
								əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, 
								xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun 
								olaraq verilən qrantları,  ianələri və 
								yardımları; 
								
								-müsabiqə əsasında dövlət tərəfindən ayrılan 
								elmi-tədqiqat qrantları; 
								
								-təhsil müəssisəsinin təhsil, elm, istehsal, 
								məsləhət (konsaltinq) və qanunvericiliklə 
								müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi 
								vəsaitlər; 
								
								-hüquqi və fiziki şəxslərin müqavilə əsasında 
								mütəxəssis hazırlığı, ixtisasartırma və 
								kadrların yenidənhazırlanması üçün ayırdıqları 
								vəsait; 
								
								- dövlət orqanları tərəfindən maliyyələşdirilən 
								məqsədli proqramlar və layihələr üzrə əldə 
								olunan vəsaitlər; 
								
								- təhsil müəssisəsinin mülkiyyətində olan fiziki 
								və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, 
								nəqliyyat vasitələrinin və təhsil məqsədləri 
								üçün yararsız olan digər əmlakın satışından 
								qanunvericiliyə uyğun olaraq əldə edilən 
								vəsaitlər; 
								
								- təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq 
								nəticəsində qanunvericiliyə uyğun olaraq əldə 
								etdiyi qrantlar və vəsaitlər; 
								
								-qanunvericiliklə qadağan edilməyən digər 
								mənbələrdən əldə olunan vəsaitlər. 
								
								Özəl təhsil müəssisələri üzrə maliyyələşdirmə 
								mənbələrinə isə təhsil xidmətlərinə görə əldə 
								etdiyi vəsaitlər, təsisçilərin (himayəçilərin) 
								vəsaitləri, qanunvericiliyə uyğun olaraq alınan 
								qrantların və kreditlərin məbləğləri,  hüquqi və 
								fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət 
								etdikləri əmlak və bağışladıqları hədiyyələr, 
								təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və 
								həmçinin qanunvericiliklə müəyyən edilmiş digər 
								xidmətlərdən əldə etdikləri vəsaitlər aid 
								edilmişdir.  
								
								Qeyd olunanlarla yanaşı, yeni qəbul edilmiş 
								qanuna əsasən  təhsil müəssisələrinin əlavə 
								maliyyə vəsaitləri əldə etməsi baxımından müasir 
								dövrdə mühüm iqtisadi əhəmiyyət kəsb edən 
								sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının 
								hüquqi əsası da müəyyənləşdirilmişdir. Belə ki, 
								qanunun 41-ci maddəsinə əsasən təhsil müəssisəsi 
								əlavə gəlir əldə etmək məqsədi ilə 
								nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq 
								icra hakimiyyəti orqanının müəyyən etdiyi 
								sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola 
								bilər. Bu zaman təhsil müəssisəsi sahibkarlıq 
								fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst 
								istifadə etmək hüququna malikdir. Həmçinin 
								dövlət təhsil müəssisəsinin sahibkarlıq 
								fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə 
								təhsilin inkişafına və işçilərin sosial 
								müdafiəsinə yönəldilir. Bundan əlavə, təhsil 
								müəssisəsi sahibkarlıq fəaliyyətini həyata 
								keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən 
								edilmiş qaydada hüquqi şəxslər yarada bilər və 
								ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak 
								edə bilər. 
								
								Bununla əlaqədar olaraq  "Təhsil haqqında" 
								Azərbaycan Respublikası Qanununun tətbiq 
								edilməsi barədə" Azərbaycan Respublikası 
								Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 
								nömrəli Fərmanının 1.28-ci bəndinin icrasının 
								təmin edilməsi məqsədilə Azərbaycan 
								Respublikasının Nazirlər Kabinetinin "Təhsil 
								müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə 
								məşğul olmasına yol verilən sahibkarlıq 
								fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" 
								2010-cu il 19 yanvar tarixli Qərarı qüvvəyə 
								minmişdir.  
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 
								yanvar 2010-cu il tarixli, 10 nömrəli Qərarına 
								əsasən təhsil müəssisələrinin öz nizamnamələri 
								çərçivəsində profil və fəaliyyət istiqamətlərinə 
								uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədilə 
								məşğul olmasına yol verilən aşağıdakı 
								sahibkarlıq fəaliyyəti növləri müəyyən 
								edilmişdir: 
								
								-  ödənişli əlavə təhsil; 
								
								-  məsləhət-konsaltinq xidmətlərinin 
								göstərilməsi; 
								
								- təhsil məhsulunun (təhsil sahəsində 
								innovasiyalar, orijinal təhsil və fənn 
								proqramları, təlim metodları sistemi, təhsil 
								modulları, təhsil layihələri) satışı; 
								
								-  elmi-tədqiqat və təcrübi-konstruktor işləri; 
								
								-  elmi-praktiki tədbirlərin təşkili; 
								
								-  nəşriyyat-poliqrafiya işləri; 
								
								-  tədris prosesində əldə olunan məhsulun satışı. 
								
								Qeyd olunan sahibkarlıq fəaliyyəti növlərinin 
								mahiyyətinə bu sahədə mövcud beynəlxalq təcrübə 
								çərçivəsində qısa nəzər salaq. 
								
								Ödənişli əlavə təhsil  
								
								Ümumiyyətlə, əlavə təhsil dedikdə "Təhsil 
								haqqında" Qanunun ümumi müddəalarında qeyd 
								olunduğu kimi, vətəndaşların hərtərəfli təhsil 
								tələbatını ödəmək məqsədi ilə əlavə təhsil 
								proqramları əsasında verilən təhsil başa düşülür. 
								 
								
								Qanunun 24-cü maddəsinə əsasən əlavə təhsil 
								fasiləsiz təhsilin və peşə hazırlığının tərkib 
								hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər 
								hansı pilləsini bitirmək haqqında dövlət sənədi 
								olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq 
								imkanını təmin edir və insan potensialının 
								inkişafı, kadrların intellektual və peşə 
								hazırlığı səviyyəsinin yüksəldilməsi və 
								təkmilləşdirilməsi, onların daim dəyişən və 
								yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, 
								yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, 
								siyasi və mədəni həyatında fəal və səmərəli 
								iştirakının təmin edilməsi vəzifəsini  daşıyır.
								 
								
								Azərbaycan Respublikasında əlavə təhsil 
								aşağıdakı istiqamətləri əhatə edir: 
								
								- ixtisasartırma; 
								
								- kadrların yenidənhazırlanması; 
								
								- stajkeçmə və kadrların təkmilləşdirilməsi; 
								
								- təkrar ali təhsil və orta ixtisas təhsili; 
								
								- dərəcələrin yüksəldilməsi; 
								
								- yaşlıların təhsili.  
								
								Beləliklə, qeyd olunan əlavə təhsil xidmətlərini 
								təhsil müəssisələri ödənişli əsaslarla 
								sahibkarlıq fəaliyyəti çərçivəsində həyata 
								keçirə bilərlər. Əlavə ödənişli təhsilə, eyni 
								zamanda fənnin dərindən öyrənilməsi məqsədilə (müəyyən 
								edilmiş tədris planından əlavə) təhsil alanlarla 
								repetitorluq, ali təhsil müəssisələrinə daxil 
								olmaq , xarici dillərin öyrənilməsi üçün 
								müxtəlif kursların təşkili və s. aid edilə bilər. 
								Qeyd edək ki, ölkəmizdə  repetitorluq fəaliyyəti 
								çox təəssüf ki, təhsil müəssisələrinin  leqal 
								sahibkarlıq fəaliyyəti kimi deyil, ayrı-ayrı 
								fiziki şəxslərin (müəllimlərin) gizli "sahibkarlıq 
								fəaliyyəti" kimi tanınır. Bu isə xüsusən ümumi 
								təhsil səviyyəsində daha savadlı və təcrübəli  
								müəllimlərin məktəbdən uzaqlaşması ilə müşayiət 
								olunur və son nəticədə təhsilin keyfiyyətinə öz 
								mənfi təsirini göstərir.  
								
								Məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi  
								
								Məlum olduğu kimi, bazar iqtisadiyyatı 
								şəraitində müxtəlif təsərrüfat subyektləri, 
								hüquqi və fiziki şəxslər, xüsusən özəl sektor 
								daimi olaraq yeniləşən iqtisadi və hüquqi 
								münasibətlərə uyğun fəaliyyət göstərməyə 
								çalışırlar. Bununla əlaqədar müvafiq təsərrüfat 
								subyektləri mütəmadi olaraq məsləhət-konsaltinq 
								xidmətləri bazarına üz tuturlar. Bu zaman 
								müvafiq xidmət bazarında güclü iqtisadi, hüquqi 
								bazaya, konkret sahə üzrə elmi, praktiki 
								təcrübəyə və kadr potensialına malik təhsil 
								müəssisələri tələbat olan  uyğun profil üzrə 
								sahibkarlıq fəaliyyəti çərçivəsində   
								məsləhət-konsaltinq xidmətlərini təklif 
								edirlər.Məsələn, iqtisadyönümlü təhsil 
								müəssisələri ilə bağlanmış müqavilə şərtlərinə 
								əsasən hər hansı bir şirkətə maliyyə, biznes 
								sahəsində məsləhətlər verir, biznes-planlar 
								hazırlayır,  maliyyə, mühasibat üzrə 
								xidmətlərini təmin və təşkil edir. Qeyd olunan 
								məsləhət-konsaltinq xidmətləri təhsil 
								müəssisələrinin profilindən asılı olaraq digər, 
								məsələn, hüquq, mühəndis, tibb və s. sahələri də 
								əhatə edə bilər. Göründüyü kimi, müasir və 
								rəqabətyönümlü bazar iqtisadiyyatı şəraitində 
								sahibkarlıq fəaliyyətinin bu növü təhsil 
								müəssisələrinə  böyük iqtisadi imkanlar yarada 
								bilər.        
								
								Təhsil məhsulunun satışı  
								
								Adından göründüyü kimi, təhsil məhsulunun satışı 
								dedikdə təhsil müəssisəsinin təhsil sahəsində 
								yaratdığı, hazırladığı innovasiyaların, orijinal 
								təhsil və fənn proqramlarının, təlim metodları 
								sisteminin, təhsil modullarının, təhsil 
								layihələrinin müvafiq şərtlərlə (təhsil 
								müəssisəsinin rəsmi adının və fərqləndirici 
								nişanlarının saxlanılması, müəlliflik hüququnun 
								qorunması və s.) daxili və ya beynəlxalq təhsil 
								bazarında reallaşdırılması başa düşülür.   
								
								Elmi-tədqiqat və təcrübi-konstruktor işləri  
								
								Beynəlxalq təcrübə göstərir ki, sahibkarlıq 
								fəaliyyətinin bu növü  müasir dövrün tələblərinə 
								uyğun  elmi-tədqiqat və təcrübi-konstruktor 
								işlərinin aparılması üçün müvafiq kadr və 
								maddi-texniki bazaya və digər lazımi resurslara 
								malik təhsil müəssisələrinin, xüsusən ali təhsil 
								müəssisələrinin əldə etdikləri büdcədənkənar 
								vəsaitlərin əhəmiyyətli hissəsini təmin edir. 
								Belə ki, müvafiq biznes sferaları üzrə fəaliyyət 
								göstərən müəssisələr hər hansı bir mövzuda və 
								yaxud sahədə  tədqiqat və təcrübi-konstruktor 
								işlərinin aparılmasını müəyyən razılaşmalara, 
								müqavilələrə əsasən təhsil müəssisələrinə 
								sifariş edir və  müqavilənin şərtlərinin icrası 
								nəticəsində təhsil müəssisəsi həmin sahibkarlıq 
								fəaliyyətindən mənfəət əldə edə bilir.   
								
								Elmi-praktiki tədbirlərin təşkili  
								
								Bu növ sahibkarlıq fəaliyyətinə təhsil 
								müəssisələri tərəfindən  hüquqi və fiziki 
								şəxslərin  sifariş və müraciətlərinə əsasən 
								müvafiq xidmət haqlarının ödənilməsi müqabilində 
								elmi-praktiki seminarların, konfransların və 
								digər bu kimi tədbirlərin hazırlığı, təşkili və 
								həyata keçirilməsi işləri aiddir.      
								
								Nəşriyyat-poliqrafiya işləri  
								
								Təhsil müəssisələrinin nəşriyyat-poliqrafiya 
								fəaliyyəti dedikdə tədris prosesi, təhsilalanlar 
								və digər istehlakçılar üçün  kitab və digər 
								nəşriyyat məhsullarının istehsalı və satışı başa 
								düşülür.  
								
								Tədris prosesində əldə olunan məhsulun satışı  
								
								Tədris prosesində əldə olunan məhsulun satışı 
								dedikdə isə təhsil müəssisəsində 
								tədris-istehsalat  fəaliyyəti  çərçivəsində 
								təhsil alanların iştirakı ilə istehsal edilən 
								məhsulun, görülən işlərin və göstərilən 
								xidmətlərin və digər bu kimi işlərin realizə 
								edilməsi başa düşülür.  
								
								Əlbəttə ki, bütün təhsil müəssisələrində 
								yuxarıda qeyd olunan sahibkarlıq fəaliyyəti 
								növlərinin tətbiqi mümkün deyil. Təhsil 
								müəssisələrinin yuxarıda qeyd olunan sahibkarlıq 
								fəaliyyəti növləri ilə məşğul olmaq imkanları 
								onların mövcud profil və fəaliyyət 
								istiqamətlərindən, yəni tədris, elmi, 
								elmi-texniki, təcrübi-konstruktor və digər 
								müvafiq fəaliyyətlərindən asılıdır.  
								
								Onu da qeyd edək ki, bu gün artıq hüquqi 
								cəhətdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq 
								imkanları əldə edən təhsil müəssisələrinin 
								qarşısında böyük vəzifələr durur. Belə ki, 
								praktika göstərir ki, dövlət ali təhsil 
								müəssisələri sahibkarlıq fəaliyyəti ilə  həmişə 
								əvvəlki idarəetmə strukturunu saxlamaq şərtilə 
								məşğul olmağa can atırlar. Lakin sahibkarlıq 
								fəaliyyəti ilə məşğul olmaq üçün təhsil 
								müəssisələri özlərini ətrafdakı bazar 
								iqtisadiyyatı mühitinə uyğunlaşdırmaqla, 
								qeyri-kommersiya (büdcə) və sahibkarlıq 
								fəaliyyətlərinin təşkili arasında müəyyən 
								tarazlıq yaratmalıdırlar. Qeyd olunan bu 
								problemin həlli əsasən təhsil müəssisəsinin 
								mövcud elmi-texniki, maddi-texniki potensialı və 
								digər resursları əsasında sahibkarlıq 
								fəaliyyətinin inkişaf istiqamətlərinin düzgün 
								seçilməsindən  asılıdır.  
								
								
								Şahrza ƏLİYEV,Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri,
 iqtisad elmləri namizədi
 |