| 
								
								Bakıdakı 53 nömrəli məktəbdə  "Ana dilim, yaşa, 
								dilim!" adlı tədbir keçirildi. Tədbirdə direktor 
								Firəngiz Həsənova qonaqları salamladıqdan sonra 
								bildirdi ki, bizim ana dilimiz Azərbaycan dilini 
								ulu babalarımız və ulu öndərimiz Heydər Əliyev 
								də çox sevib, ona həmişə böyük qiymət verib. 
								Dünyanın ən qədim dillərindən sayılan dilimizi 
								biz də bilməli, sevməli və onun saflığını 
								qorumalıyıq.  
								
								Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin 
								müəllimi, professor Yusif Seyidov türk dünyası 
								dillərinin fövqündə dayanmağa layiq olan 
								Azərbaycan dilinin zənginliyindən söz açdı.
								 
								
								Məktəbin şagirdlərinin böyük həvəslə 
								hazırladıqları C.Məmmədquluzadənin "Qurbanəli 
								bəy" hekayəsi, "Anamın kitabı" dramı, 
								C.Cabbarlının "Oqtay Eloğlu", İlyas Əfəndiyevin 
								"Xurşudbanu Natəvan" əsərlərindən göstərdikləri 
								səhnəciklər onların doğma ana dilinə böyük 
								məhəbbətinin nümunəsi idi. Şagirdlərin 
								S.Vurğunun, R.Rzanın, M.Müşfiqin ana dili 
								haqqında yazılmış şeirləri əsasında 
								hazırladıqları "Ana dilim, yaşa, dilim!" adlı  
								ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının 
								qəlbinə hakim kəsildi.  
								
								
								Ədalət DAŞDƏMİRLİ |