Ölkəmizin qocaman təhsil müəssisələrindən biri
olan Laçın rayonundakı Minkənd kənd orta
məktəbinin 120 yaşı bu il tamam olur. Bu
münasibətlə fevralın 20-də Xırdalan şəhər
mədəniyyət evində yubiley mərasimi keçirildi.
Mərasimdə bir sıra dövlət qurumlarının
rəhbərləri, millət vəkilləri, ziyalılar,
yubilyar məktəbin məzunları və pedaqoji
kollektiv üzvləri, KİV mənsubları iştirak
edirdilər.
Yubiley tədbirində öncə 120 yaşlı məktəbin
fəaliyyətindən bəhs edən "Butafilm" studiyasının
hazırladığı film nümayiş olundu. "Dağların
ziyalı yaddaşı" adlı filmdə Minkənd məktəbinin
təşəkkülü və inkişaf yolu, rayonda, bütövlükdə
Azərbaycanın tarixi ərazisi olan Zəngəzur
mahalında təhsilin inkişafındakı, ziyalıların
yetişməsindəki rolu xronoloji ardıcıllıqla geniş
və dolğun şəkildə əks olunmuşdur.
Mərasimi giriş sözü ilə açan Laçın Rayon İcra
Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbir
iştirakçılarını salamlayıb məktəbin yubileyinin
keçirilməsi barədə təşəbbüslərinə dəstək vermiş
müvafiq dövlət qurumlarının rəhbərlərinə,
Abşeron Rayon İcra Hakimiyyətinə, tədbirin
təşkilində əməyi olan hər kəsə minnətdarlığını
bildirdi. Azərbaycan dövlətinin, onun başçısı
möhtərəm Prezident İlham Əliyevin ölkədə
təhsilin inkişafına böyük diqqət və qayğı
göstərdiklərini xüsusi qeyd edən R.Cəbrayılov
yubiley ərəfəsində cənab Prezidentin
sərəncamları ilə Minkənd kənd orta məktəbinin
iki müəlliminin "Tərəqqi" medalı ilə təltif
olunmasını, bir müəlliminin isə əməkdar müəllim
fəxri adına layiq görülməsini nəinki yubilyar
məktəbin pedaqoji kollektivinin, habelə
bütövlükdə Laçının təhsil ictimaiyyətinin,
ziyalılarının əməyinə verilən yüksək qiymət kimi
dəyərləndirdi, göstərdiyi bu qayğıya görə cənab
Prezidentə minnətdarlığını ifadə etdi. İcra
hakimiyyətinin başçısı Minkənd məktəbinin
keçdiyi tarixi yola qısa ekskurs edərək onun
Azərbaycan təhsilinin inkişafına böyük töhfələr
verdiyini, respublika səviyyəli görkəmli ziyalı
və elm xadimləri yetişdirdiyini, məktəbin
məzunları arasında 10 elmlər doktorunun, 22
elmlər namizədinin olduğunu vurğuladı, zala
toplaşanları, məktəbin kollektivini yubiley
münasibəti ilə təbrik etdi.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin
müavini, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
çıxış edərək dövlət başçısının qaçqın və
köçkünlərə göstərdiyi qayğıdan, onların sosial
problemlərinin həlli, o cümlədən də təhsil
şəraitlərinin yaxşılaşdırılması istiqamətində
son illər atılmış addımlardan bəhs etdi, ölkə
Prezidentinin son günlər imzaladığı sərəncamla
qaçqınların və məcburi köçkünlərin sosial
problemlərinin həlli üçün Prezident Fondundan 14
milyon manat vəsaitin ayrılmasını bu diqqət və
qayğının yeni təzahürü kimi dəyərləndirdi,
göstərilən diqqət və qayğıya, habelə yubiley
tədbirinin keçirilməsinə yaradılan şəraitə görə
mərasim iştirakçıları adından ölkə Prezidentinə
dərin hörmət və ehtiramını bildirdi.
Son illər Dağlıq Qarabağ probleminin həlli
istiqamətində aparılan işlərin dərinləşdiyini
deyən komitə sədri artıq böyük qayıdış
proqramının hazırlandığını, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yeritdiyi müdrik daxili və xarici siyasət
sayəsində torpaqlarımızın tezliklə azad
olunacağına, məcburi köçkünlərin öz doğma
yurd-yuvalarına dönəcəklərinə inamını ifadə etdi.
Ə.Həsənov çıxışının sonunda yubilyar məktəbin
kollektivini təbrik edib Prezident sərəncamları
ilə təltif olunmuş müəllimlərə müvafiq
mükafatları təqdim etdi.
Təhsil naziri Misir Mərdanov mərasimdə təbrik
nitqi söylədi. Öncə zala toplaşanları Təhsil
Nazirliyi adından salamlayan Misir müəllim adi
bir kənd məktəbinin yubileyinin yüksək təntənə
ilə keçirilməsini, bu münasibətlə düzənlənən
mərasimdə xeyli dövlət rəsmisinin, Milli Məclis
üzvünün, ölkənin tanınmış ziyalılarının
iştirakını təhsilə, məktəbə göstərilən diqqət və
qayğı kimi qiymətləndirdi. Nazir Misir Mərdanov
belə bir yubileyin keçirilməsinin Azərbaycan
mədəniyyətinin, tarixinin zənginliyini,
böyüklüyünü dünyaya göstərmək baxımından dəyərli
olduğunu diqqətə çatdırdı. Misir Mərdanov
Minkənd məktəbinin təhsilimizin inkişafı
tarixindəki böyük rolunu xüsusi vurğulayaraq
qeyd etdi ki, vaxtilə Azərbaycan Demokratik
Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi
100 nəfər azərbaycanlı gəncin 2-si məhz bu
məktəbin məzunu olmuşdur.
Nazir təbrik nitqində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında son illər təhsil sahəsində görülmüş
böyük işlərə də toxunaraq ölkəmizdə bir neçə il
ərzində 2000-dən çox məktəb üçün yeni binanın
tikildiyini, 5 il öncə 1063 şagirdə bir kompüter
düşən məktəblərdə indi 20 şagirdə 1 kompüter
nisbətinin təmin olunduğunu, təhsilin inkişafı
ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş işlərin bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini, təhsilin, elmin müasir
texnologiyalar əsasında inkişaf etdirilməsi
istiqamətində məqsədyönlu addımlar atıldığını və
bu işləri gələcəkdə də davam etdirməyin
zəruriliyini diqqətə çatdırdı. Nazir Misir
Mərdanov çıxışının sonunda 120 yaşlı Minkənd
məktəbinin bir qrup müəlliminin Təhsil Nazirliyi
kollegiyasının qərarı ilə nazirliyin "Qabaqcıl
təhsil işçisi" döş nişanı və Fəxri fərmanları
ilə təltif olunduğunu bildirib mükafatları
sahiblərinə təqdim etdi.
Yubilyar məktəbin məzunu, BDU-nun professoru
Maarif Cəfərov çıxış edərək təhsil ocağının
xidmətlərindən danışdı, kollektivə ürək
sözlərini çatdırdı.
Tədbirdə habelə bir sıra rayonların icra
hakimiyyətləri tərəfindən yubilyar məktəbə
kompüter dəstləri hədiyyə edildiyi bildirildi,
onun bir qrup müəlliminə Laçın Rayon İcra
Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.
Yubiley tədbiri incəsənət ustalarının ifasında
bədii proqramla davam etdirildi.
Yusif ƏLİYEV |