| 
								
								Fevralın 23-də Azərbaycan  Müəllimlər 
								İnstitutunda  Azərbaycan Respublikası  əsir  və 
								itkin düşmüş, girov götürülmüş vətəndaşlarla 
								əlaqədar Dövlət  Komissiyası  və  AMİ ilə birgə 
								"Vətənpərvərlik tərbiyəsinin formalaşmasında və 
								Azərbaycan həqiqətlərinin yayılmasında 
								ictimaiyyətin rolu" mövzusunda respublika  
								konfransı keçirildi.  
								
								Tədbiri giriş sözü ilə AMİ-nin rektoru, 
								professor Aqiyə Naxçıvanlı açaraq bildirdi ki, 
								keçirilən konfransın məqsədi 
								Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
								münaqişəsinin tarixinə nəzər salaraq  təcavüz 
								zamanı törədilmiş soyqırımı, etnik təmizləmə, 
								terror, insanlığa və bəşəriyyətə qarşı digər 
								cinayətlər, o cümlədən, əsir və girovlarla 
								münasibətdə beynəlxalq hüquq normalarının 
								pozulması ilə  bağlı faktların ictimaiyyətin, 
								xüsusən tələbə-gənclərin diqqətinə  çatdırmaqdır. 
								Ən vacib vəzifələrdən biri tələbə- gənclərdə  
								vətənpərvərlik və vətəndaşlıq hisslərinin 
								möhkəmlənməsinə, formalaşmaqda olan gələcək 
								nəsillərin bu cinayətlərdən xəbərdar olaraq 
								düzgün nəticələr çıxarmasına nail olmaqdır. Həm 
								də  təcavüz zamanı Ermənistan ordusu və terrorçu 
								qrupları tərəfindən törədilmiş cinayət 
								əməllərinin ölkə və  beynəlxalq ictimaiyyətin 
								diqqətinə  çatdırılması üçün  təbliğat işlərinə 
								geniş yer vermişdir. 
								
								AMİ-nin ixtisasartırma və yenidənhazırlanma  
								fakültəsinin dekanı Telman  Haqverdiyev, 
								Azərbaycan Respublikası əsir və  itkin düşmüş, 
								girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət 
								Komissiyasının işçi qrupunun rəhbəri Firudin 
								Sadıqov və başqaları çıxış edərək ermənilər 
								tərəfindən Azərbaycan ərazisində törədilmiş 
								terror-təxribat faktlarından ətraflı danışdılar.
								 
								
								Sonra erməni əsirliyindən azad olmuş Bəxtiyar 
								Nağıyev  döyüş zamanı əsir düşməyindən   və  
								əsirlikdə olduğu müddətdə başına gələn  
								işgəncələrdən ürəkağrısı ilə  danışdı. 
								 
								
								Tədbirin sonunda Azərbaycan torpaqlarında 
								ermənilərin törətdikləri vəhşiliklərə aid film 
								göstərildi.  
								
								
								Şakir CƏFƏROV |