| 
								
								Buket Akkoyunlu 1963-cü il fevralın 13-də 
								Türkiyənin Ankara şəhərində anadan olub. 
								Bakalavr dərəcəsini 1983-cü ildə  Hacəttəpə 
								Universitetinin sosiologiya  bölümündə, magistr  
								dərəcəsini isə 1986-cı ildə  təhsildə  
								proqramlama  bölümündə  alıb. 1988-1992-ci 
								illərdə  İngiltərənin Leicester Universitetində 
								"Təhsildə İKT-nin istifadə edilməsi"  mövzusunda 
								dissertasiya müdafiə edib. 1993-1995-ci illərdə 
								Türkiyə Respublikasının  Təhsil Nazirliyində 
								təhsil texnologiyaları  üzrə müşavir  işləyib, 
								müəllim hazırlanması proqramlarının iştirakçısı 
								olub. 2004-2006-cı illərdə ibtidai  məktəb 
								səviyyəsində  İKT təhsil proqramı və I-VIII 
								siniflər üzrə  İKT  ilə bağlı  şagird və 
								müəllimlər üçün dərsliklər hazırlayan 4 nəfərlik 
								komissiyanın üzvü kimi fəaliyyət göstərib. 
								Professor Buket Akkoyunlu  Hacəttəpə 
								Universitetinin Boloniya Təhsil Komissiyası, 
								Yüksək  Öyrətim  Kurumu (Ali Təhsil  Şurası, YÖK) 
								- Milli Müəllim Yetişdirmə Komissiyası və 
								Universitetlərarası  Qurul-Dosentlik  
								Attestasiya Ali Qurulunun üzvüdür. 2006-cı ildən  
								Hacəttəpə Universitetinin  pedaqoji fakültəsinin 
								dekanı vəzifəsində çalışır. 1998-ci ildən 
								etibarən Azərbaycan-Türkiyə arasında  həyata 
								keçirilən  təhsil layihələrində yaxından iştirak 
								edir. 300-ə qədər elmi  məqalənin və 4 kitabın 
								müəllifidir. 
								
								Hazırda ölkəmizdə müəllim hazırlığı, pedaqoji 
								kadrların hazırlıq səviyyəsi, onların peşəkarlıq 
								və bacarıqlarına yenidən baxılması diqqətdə 
								saxlanılan məsələlərdəndir. Təhsil Nazirliyinin  
								həmin istiqamətdə həyata keçirdiyi məqsədyönlü 
								tədbirlər,  dünyanın inkişaf etmiş ölkələrinin 
								bununla bağlı təcrübəsinin mütəxəssislərimiz 
								tərəfindən öyrənilməsi, vaxtaşırı 
								respublikamızda səfərdə olan xarici həmkarları 
								ilə təcrübə mübadiləsi aparmaları öz müsbət 
								nəticəsini verməkdədir. Qeyd etdiyimiz kimi, 
								müəllim hazırlığı, ixtisasartırma təhsili ilə 
								bağlı dünyanın inkişaf etmiş ölkələrinin 
								təcrübəsinin öyrənilməsi, ondan Azərbaycan 
								reallıqları nəzərə alınmaqla səmərəli istifadə 
								bu sahənin  daha  da təkmilləşməsinə,  
								yeniləşməsinə və inkişafına kömək edən 
								amillərdən  biri sayıla bilər. 
								
								Elə bu yaxınlarda  Bakıda növbəti dəfə  səfərdə 
								olan, artıq neçə illərdir ki, ölkəmizin təhsil 
								mütəxəssisləri ilə yaxından əməkdaşlıq edən  
								Türkiyə Respublikası Hacəttəpə Universitetinin 
								pedaqoji fakültəsinin dekanı, professor  Buket 
								Akkoyunlu ilə görüşümüzün əsas mövzusu da qardaş 
								ölkədə   müəllim hazırlığı, ixtisasartırma 
								təhsili və  təhsillə bağlı digər məsələlərin  
								necə həyata keçirilməsi ilə bağlı oldu. Pofessor 
								Buket Akkoyunlunun qəzetimizə verdiyi müsahibəni 
								oxucularımıza təqdim edirik. 
								
								- Buket xanım , Türkiyədə  ixtisasartırma 
								təhsili ilə məşğul olan xüsusi qurum varmı?  
								Müəllimlərin ixtisasının artırılması necə həyata 
								keçirilir? Ümumiyyətlə, müəllimlər neçə ildən 
								bir ixtisasartırmadan keçməlidir? 
								
								- Məlumat üçün bildirim ki, müəllimlərin 
								ixtisasının artırılması  Türkiyənin Milli Təhsil 
								Nazirliyinin nəzdindəki İxtisasartırma Tədris 
								İdarəsi (Hizmet İçi Eyitim Dairə Başqanlığı) 
								tərəfindən həyata keçirilir. Adıçəkilən qurum 
								nazirlik kadrlarının ölkə daxilində və ya xarici 
								ölkələrdə ixtisasartırma yolu və digər üsullarla 
								hazırlanması ilə əlaqədar  gərəkli bütün  
								fəaliyyət və vəzifələri yerinə yetirir.  
								İxtisasartırma Tədris İdarəsi müəllimlərin 
								ixtisasının artırılması ilə bağlı hər il üçün 
								plan və proqram hazırlayır. Bu zaman nə qədər 
								müəllimin hansı ixtisaslar üzrə təhsil alması 
								müəyyənləşdirilir. Qeyd edim ki, bizdə 
								müəllimlərin sayı 900 000-dir. Onların hamısının 
								ixtisasının artırılması, təbii,  çox çətin bir 
								işdir.  Ölkəmizdə radikal dəyişikliklər olduğü 
								zaman bizim təhsil  proqramlarında da  bir sıra 
								yeniliklər öz əksini tapdı. 1999-cu ildə 
								Türkiyədə kompüterləşmə başladı. Türkiyə orta 
								məktəblərinin kompüterlərlə tam təchizatından 
								sonra  şagirdlərə bununla bağlı mükəmməl bilik 
								öyrədə biləcək  müəllimlərə  ciddi ehtiyac 
								duyuldu.10-12 il ərzində bütün müəllimlər 
								kompüter kurslarından keçdi. 2004-cü ildə 
								universitetlərin  pedaqoji fakültələrinin 
								proqramları dəyişdi, bura kompüter dərsləri 
								salındı. 2004-cü ildə həmçinin  ibtidai təhsil 
								(ilk öyrətim) proqramları, tədris planları 
								dəyişərək müasir dövrün tələblərinə uyğun 
								şəkildə hazırlandı. İxtisasartırma Tədris 
								İdarəsi bununla bağlı bir sıra işlər həyata 
								keçirməyə başladı. Belə ki, 2005-ci ildən 
								etibarən adıçəkilən idarə ölkənin  tanınmış 
								universitetləri ilə birlikdə razılığa gələrək  
								ibtidai sinif müəllimlərini  bir yerə topladı. 
								Pedaqoji fakültələrin müəllimləri təhsil 
								işçilərini yeni tədris proqram və planlar,  
								təhsildə baş verən yeniliklər, müasir təlim 
								metodları, dərs materiallarının hazırlanması, 
								təhsildə qiymətləndirmə meyarları, təhsilin 
								məzmunu, fəlsəfəsi, mahiyyəti  və digər 
								məsələlər barədə məlumatlandıraraq onlara 
								bilgilər verdilər. Müəllimlər təhsildə baş verən 
								ən son yeniliklərdən xəbərdar olmaqla yanaşı, 
								dərslərdə müasir təlim metodlarından uğurla 
								istifadə etməyi də öyrəndilər. Onu da bildirim 
								ki, bizdə həmçinin ehtiyaclar nəzərə alınmaqla 
								hər məktəbin özündə ixtisasartırma kursları 
								təşkil olunur. Orta məktəblərdə tədris ilinin 
								sonunda-15 iyunda şagirdlər yay tətilinə 
								buraxıldıqdan sonra müəllimlər burada növbəti 
								aya qədər  təşkil olunan ixtisasartırma 
								kurslarında  bilik səviyyələrini, 
								peşəkarlıqlarını artırırlar. Hər bir təhsil 
								müəssisəsinin rəhbəri hansı fənn müəllimlərinin 
								ixtisasartırma kurslarından keçəcəyini 
								əvvəlcədən müəyyənləşdirir, həmin  zaman dediyim 
								kimi, ehtiyaclar nəzərə alınır. Məsələn, 
								məktəbin rəhbəri müəyyənləşdirir ki, bu il onun 
								informatika  və yaxud ingilis dili fənlərini 
								tədris edən müəllimlərinin ixtisasartırmadan 
								keçməsi zəruridir. Direktor bununla bağlı il 
								ərzində  proqram hazırlayır və görülən işlər 
								barəsində İxtisasartırma Tədris İdarəsinə 
								məlumat verir. İdarənin əməkdaşlıq etdiyi 
								pedaqoji universitetlərdən müəllimlər həmin 
								məktəblərdə  bu kursları aparırlar.  Kurslar 
								sentyabrın 1-dən 15-dək yenidən təşkil olunur. 
								Bundan əlavə,  İxtisasartırma Tədris İdarəsi  
								özü də ehtiyaca görə Türkiyənin tanınmış 
								mərkəzlərində iyul-avqust aylarında  məktəb 
								rəhbərləri tərəfindən müəyyənləşdirilərək 
								göndərilən fənn müəllimlərini  ixtisasartırma 
								kurslarından keçirir. Bu, hər il təşkil edilir. 
								Gördüyünüz  kimi, bizdə İxtisasartırma Tədris 
								İdarəsi ilə pedaqoji universitetlərin sıx 
								əməkdaşlığı nəticəsində ixtisasartırma təhsili 
								öz uğurlu həllini tapıb. 
								
								- Müəllimlərin işə qəbulu necə həyata keçirilir? 
								Hansı  qurumlar bu prosesi tənzimləyir və hər 
								tədris ilində neçə dəfə belə qəbul aparılır?
								 
								
								- Bizim universitetimizi hər il yüzlərlə gənc 
								bitirir. Ancaq bu o demək deyil ki, gənclərin 
								hamısı müəllim olacaq. Türkiyədə universitetləri 
								bitirən məzunlar müəllimlik hüququ qazanmaq üçün  
								Öyrənci Seçmə Yerləşdirmə Mərkəzi  (ÖYSM) 
								tərəfindən keçirilən  test imtahanında iştirak 
								etməlidir. Test imtahanında məzunların  
								müəllimliyə xas bütün keyfiyyətləri, təhsil 
								aldığı illər ərzində əldə etdiyi bilikləri, yeni 
								metodlardan istifadə etmək bacarığı yoxlanılır. 
								Bütün bunları  və  təhsillə bağlı digər 
								məsələləri əhatə edən suallara cavab verən  
								gənclər 100 baldan ən azı 70-ni toplamalıdırlar.  
								Əgər tələb olunan balı toplayarsa, müəllim olmaq  
								hüququ qazanır. Bundan sonra həmin gənclər 
								Türkiyənin Milli Təhsil Nazirliyinə işlə təmin 
								olunmaq, həmçinin   harada işləmək istədikləri 
								barədə yazılı şəkildə müraciət edirlər. Milli 
								Təhsil Nazirliyi də, öz növbəsində, ölkənin 
								təhsil müəssisələrinin fənlər üzrə ehtiyacını  
								öyrənərək onların sayını göstərməklə  siyahını 
								açıqlayır. Bütün bu işlər kompüter vasitəsilə 
								həyata keçirilir. Onu da  bildirim ki, test 
								imtahanında tələb olunan balı toplamaq  hələ heç 
								də  həmin il işlə təmin olunmaq demək deyil. Ola 
								bilər ki, bir gənc  imtahanda daha yüksək bal 
								toplayaraq az bal toplayan gəncin işləmək 
								arzusunda olduğu məktəbdə  müəllim kimi çalışmaq 
								hüququ qazansın və yaxud  hər hansı bir məktəbdə 
								o fənn üzrə  müəllimə həmin il az tələbat olsun. 
								Elə məktəblər də var ki, həmin fənn üzrə 
								müəllimə o il  heç  ehtiyac olmur. İşlə təmin 
								edilməyən müəllimlər 1il gözləməli olurlar. 
								Növbəti il onlar test imtahanında iştirak 
								etmədən  yenidən işləmək üçün Milli Təhsil 
								Nazirliyinə müraciət edə bilərlər.  Test 
								imtahanının nəticəsi 2 il etibarlı sayılır. 
								Ümumiyyətlə, müəllim olmaq hüququnu qazanmaq 
								üçün  Öyrənci Seçmə Yerləşdirmə Mərkəzi 
								tərəfindən  ildə 2 dəfə - noyabr və may 
								aylarında test imtahanı olur. Müəllimlərin işə 
								qəbulu 2 cür həyata keçirilir: dövlət məmuru ( 
								kadrolu) və müqavilə əsasında (sözləşməli).  
								Bunu isə Milli Təhsil Nazirliyi müəyyənləşdirir. 
								Türkiyədə məktəbəqədər təhsil müəssisələrində 
								çalışmaq uçun tərbiyəçilərə,  məktəblərdə  
								ingilis dili, informatika müəllimlərinə ehtiyac 
								olduğundan onlar yerlərdə dövlət məmuru kimi işə 
								götürülürlər. Digər fənlər üzrə müəllimlərin  
								dövlət məmuru kimi və ya müqavilə əsasında işə 
								götürülməsi isə təbii ki, yenə də həmin fənlərə 
								ehtiyacın nə dərəcədə olmasından asılıdır. 
								Dövlət məmuru kimi  və ya  müqavilə əsasında 
								işləyəcək  gənclərin hamısı eyni test 
								imtahanında iştirak  edirlər və şərtlər hamı 
								üçün birdir.  
								
								- Ümumi  təhsilin strukturu təhsil səviyyələri 
								üzrə hansı sinifləri əhatə edir?  
								
								- Türkiyədə məktəbəqədər təhsil müəssisələri  və 
								orta məktəblərdəki uşaqların sayı 15 352 
								000-dir. Həmin təhsil müəssisələrində müəllim 
								sayı 679 373 nəfərdir. Bu 2008-2009-cu ilin 
								statistikasıdır.   3-6 yaş məktəbəqədər dövr 
								hesab olunur. I-VIII siniflər ibtidai (ilk 
								öyrətim), IX-XII yuxarı siniflər (orta öyrətim), 
								ali təhsil isə yüksək öyrətim adlanır. Ümumi 
								təhsil məktəblərində müəllim-şagird nisbəti 
								1:44-dür. Siniflərdə şagird sıxlığı 50-55 olub, 
								70-75-ə çıxan yerlər də vardır.     
								
								- Buket  xanım, pedaqoji təcrübə hansı kurslarda 
								və hansı həcmdə keçirilir?      
								
								- Məlumat  üçün bildirim ki, 4 il ərzində  
								tələbələrimiz  3 (140 saat) pedaqoji təcrübə 
								keçirlər. Tələbələr   I kursun   2-ci   
								semestrində   hər həftə  (cəmi 14 həftə ) 2 saat  
								məktəbdə, 2 saat universitetdə təcrübə keçirlər.  
								2-ci təcrübə III kursun 2-ci semestrində olur. 
								Tələbələr hər həftə  (cəmi 14 həftə)  hərəsi  2 
								saat olmaqla  məktəbdə və universitetdə  təcrübə 
								keçirlər. Gənclər  3-cü təcrübəni  IV kursun  
								2-ci  semestrində hər həftə  (cəmi 14 həftə) 6 
								saat  məktəbdə, 2 saat universitetdə keçirir. 
								Pedaqoji təcrübədə olarkən tələbələrin hamısı  
								hər həftə nə işlər görəcəkləri ilə bağlı plan 
								tərtib edirlər. Plana uyğun həftə ərzində  öz 
								fəaliyyətlərini qurur və nəticə olaraq görülən 
								işlər barədə hesabat hazırlayıb  təcrübə 
								rəhbərinə  təqdim edirlər. Təcrübə rəhbəri  
								hesabatla tanış olduqdan sonra tələbənin 
								fəaliyyətinə qiymət verir, bununla bağlı öz 
								fikir və təkliflərini söyləyir.  Hər kursun 
								axırında isə  tələbələr  təcrübə vaxtı  
								hazırladıqları həftəlik hesabatları toplayaraq  
								onları təcrübə rəhbərinə təqdim edirlər. 
								Pedaqoji təcrübə keçən tələbələrə daim nəzarət 
								olunur.Təcrübə rəhbəri  məktəbin direktoru, 
								oradakı müəllimlərlə sıx əlaqə saxlayaraq  
								tələbələrin dərslərdə iştirakı, hazırlıq 
								səviyyəsi barədə mütəmadi olaraq onların  
								fikirlərini öyrənir.Tələbələr  bu hesabatları 
								hazırlayarkən təcrübə rəhbərinin məsləhət  və 
								təkliflərini nəzərə alır.  Artıq neçə illərdir 
								ki, bizim birlikdə  əməkdaşlıq etdiyimiz 
								məktəblər var. Müəllim hazırlığı ilə məşğul olan 
								universitetlər pedaqoji təcrübə keçmək üçün 
								tələbələrini istədikləri hər hansı  məktəblərə 
								göndərməyi qabaqcadan  müəyyənləşdirərək bu 
								təhsil ocaqlarının  siyahısını  Milli  Təhsil 
								Nazirliyinə  təqdim edirlər.  
								
								- Pedaqoji fakültələrdə  fənnin tədrisi üzrə 
								hazırlıq necə aparılır? 
								
								- Bizim universitetlərin pedaqoji fakültələrində 
								tələbələr  hər bir fəndən   müəyyən siniflər 
								üzrə hazırlanır. Məsələn, I-VIII və  IX-XII 
								siniflər üzrə  müəllim hazırlığı ayrı aparılır. 
								I-VIII siniflərdə dərs deyən  müəllim yuxarı 
								siniflərdə  şagirdlərlə məşğul  ola bilməz. 
								Çünki hər bir müəllim seçdiyi ixtisasdan  dərs 
								deyəcəyi siniflər üzrə bilik alır, ixtisaslaşır,  
								o siniflərdə oxuyan  uşaqların  yaş 
								psixologiyasını öyrənir. Onların tədris  
								proqramları  ayrı-ayrı siniflər üzrə  hazırlanır. 
								
								- Müəllim hazırlığında "Təhsilin əsasları"  
								fənni tədris olunurmu? Onun  əsas məzmunu nədən 
								ibarətdir?  
								
								- Bizdə həmin fənn "Öyrətmənlik məsləyinə giriş" 
								və ya  "Eyitimə  giriş" adlanır. Fənnin 
								tədrisində  10 əsas mövzu öz əksini tapır.Belə 
								ki, burada  təhsilin fəlsəfəsi,  müəllimlik 
								öyrədilir,   müəllimliyə  xas olan keyfiyyətlər, 
								məktəb direktoruna verilən tələblər açıqlanır, 
								proqram tərtibi,  dərs planlarının hazırlanması, 
								uşaqlarla işləmək bacarığı, qiymətləndirmə 
								meyarları  göstərilir,  insanlarla ünsiyyət, 
								təşkilatçılıq  və digər məsələlər barədə 
								məlumatlar verilir.  Bundan əlavə,  
								tələbələrimizə  "Rəhbərlik psixoloji danışma"  
								dərsi də  keçilir ki, burada da məktəb 
								direktorunun bilməsi vacib olan bir  sıra 
								məsələlərdən söz açılır.  
								
								- Müəllimlər və məktəb rəhbərləri üçün   yaş 
								həddi varmı? Onların təqaüdə  göndərilməsi  necə 
								həyata keçirilir?  
								
								-  Türkiyədə bütün sahələrdə çalışanlar, o 
								cümlədən müəllimlər  də 65 yaşa çatdıqda  
								təqaüdə çıxırlar. Bu zorunlu əməklilik sayılır 
								və təqaüdə çıxanlar işləyə bilməz. Təkcə 
								universitetlərdə çalışan müəllimlər 67 yaşında 
								təqaüdə çıxa bilərlər. Bu isə orada dərs deyən 
								müəllimlərin sayının çox az olması ilə 
								əlaqədardır. 
								
								- Buket xanım, sonuncu sualımız sizin 
								Azərbaycandakı fəaliyyətinizlə bağlıdır. Bilirik 
								ki , Bakıya tez- tez səfərləriniz olur. Bizim 
								təhsil mütəxəssisləri ilə sıx əməkdaşlıq 
								edirsiniz,alim və pedaqoqlarımızla səmimi 
								münasibətiniz var. Bu barədə  bir  qədər  
								məlumat verməyinizi xahiş edirik.   
								
								- Düz qeyd etdiniz. Mənim Bakıya səfərlərim tez- 
								tez olur. 1998-ci ildən etibarən Azərbaycan- 
								Türkiyə arasında həyata keçirilən təhsillə bağlı 
								layihələrdə yaxından iştirak edirəm.  Bu, mənim 
								üçün olduqca xoşdur. Çalışdığım Hacəttəpə 
								Universiteti ilə  Azərbaycan Dövlət Pedaqoji 
								Universiteti  arasında  21 oktyabr 2006-cı ildə 
								əməkdaşlıq müqaviləsi imzalanmışdır. Hər iki 
								universitet arasında işgüzar əməkdaşlıq 
								mövcuddur, ali təhsil ocaqları birgə  bir sıra 
								işlər həyata keçirirlər.  Sizin  olduqca savadlı,  
								peşəkar, elmi potensialı güclü alim və 
								pedaqoqlarınız,  təhsili gözəl bilən 
								mütəxəssisləriniz var. Onu da qeyd edim ki,  son 
								illər   ölkənizin  təhsili çox uğurla inkişaf 
								edir. Bakıya hər gəlişimdə  mən bunun bir daha 
								şahidi oluram. Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin ölkənin təhsil sistemində gördüyü 
								işləri, həyata keçirdiyi tədbirləri yüksək 
								dəyərləndirirəm.  
								
								- Buket xanım, suallarımızı belə ətraflı 
								cavablandırdığınıza  görə sizə öz 
								minnətdarlığımızı bildiririk.   
								
								
								Müsahibəni apardı:Samirə KƏRİMOVA
 |