|
Yerləşir: |
Böyük Britaniya, İngiltərə,
Koventri şəhəri |
|
|
Yaranma tarixi: |
1965-ci il |
Tipi: |
Dövlət |
İllik gəlirləri: |
375656000 funt-sterlinq |
İllik xərcləri: |
374377000 funt-sterlinq |
İşçi heyəti: |
4992 nəfər |
Tələbələrin ümumi sayı: |
21598 nəfər |
Rəsmi saytı: |
www.warwick.ac.uk |
Uorvik Universiteti (Warwick University)
İngiltərənin Koventri şəhərində yerləşən dövlət
ali məktəbidir. Universitet Böyük Britaniyanın
nəhəng elmi-tədqiqat universitetləri qurumu olan
"Russell Qrupu"nun, MBA Assosiasiyasının,
Universitetlərin Biznes Məktəblərinin İnkişafı
Assosiasiyasının (AACSB), Avropa, Birlik
Ölkələri universitetləri assosiasiyalarının
üzvüdür.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Uorvik
Universiteti 100 ən yaxşı ali məktəb arasında
58-ci yerdə sıralanıb. "QS World University
Rankings"in açıqlamasına görə, 2010-cu ildə
dünyanın ən nüfuzlu universitetləri arasında
Uorvik Universiteti 53-cü yerdə qərarlaşıb.
2010-cu il üzrə "Times Higher Education World
University Rankings"in 200 universitetdən ibarət
olan reytinq cədvəlinə Uorvik Universiteti daxil
edilməyib.
Tarixi
İkinci
Dünya müharibəsindən sonra Böyük Britaniyanın
Koventri şəhərində universitet yaradılması
ideyası müzakirə edilir. Universitet Koventri və
Uorvikşir qraflıqları arasında yerləşdiyindən
ali məktəbin yaradıcıları onun Koventri və ya
Uorvikşir adlandırılması ilə bağlı mübahisə
edirlər. Bu ali məktəb Koventri şəhərində
yerləşsə də, Uorvik adlandırılır. Uorvik şəhəri
isə Koventri şəhərindən 13 km cənub-qərbdə
yerləşir. Böyük Britaniya hökuməti 1961-ci ildə
universitetin yaradılmasına icazə verir və bu
qərar 1965-ci ildə Kral xartiyası ilə təsdiq
edilir. Həmin ilin oktyabrında Uorvik
Universitetinə 450 tələbə qəbul olunur.
1979-cu ildə universitet keçmiş Koventri
Pedaqoji Kollecinin ərazisini əldə edir, bununla
yanaşı kollecin yaxınlığındakı torpaq sahələrini
də alır. Universitet Cek Martin ailəsinin
xeyriyyə yardımları nəticəsində xeyli gəlir
qazanır və bu yardım hesabına Uorvik İncəsənət
Mərkəzini yaradır. Universitetin ərazisi
Koventri şəhərindən Uorvikşir qraflığına qədər
genişlənərək 2,8 km2 olur. 2000-ci ilin
sentyabrında universitetin Tibb Məktəbi açılır
və ilk tələbələrini qəbul edir. 2004-cü ildə bu
məktəbi 64 məzun bitirir. Həmin ilin oktyabrında
məktəbə 403 tələbə qəbul edilir. 2007-ci ildən
Uorvik Universiteti tibb üzrə elmi dərəcə vermək
hüququ alır.
2000-ci ilin dekabrında ABŞ prezidenti Bill
Klinton Böyük Britaniyanın baş naziri Toni
Bleyerin tövsiyəsi ilə Uorvik Universitetini
özünün sonuncu ən böyük xarici siyasi çıxış
arenası kimi seçir. Bill Klintonu burada xanımı
Hillari Klinton və qızı Çelsi Klinton müşayiət
edir.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu
tədris ilində Uorvik Universitetinin illik
gəlirləri 375656000 funt-sterlinq olub.
Gəlirlərin 115858000-ni təhsil haqqı və s.
vergilər, 86822000-ni maliyyə yardımları,
72979000-ni tədqiqat sazişləri, 98244000-ni isə
digər əməliyyat gəlirlərinin payına düşüb.
Həmin il ali məktəbin xərcləri 374377000
funt-sterlinq olub. Bu məbləğin 203841000-ni
işçi heyətin əməkhaqqı və s., 19849000-ni
amortizasiya (avadanlığın işlənməsi nəticəsində
get-gedə onun qiymətinin azalması, borcun
tədricən ödənilməsi) xərcləri, 148977000-ni isə
digər məsrəflər təşkil edib.
Uorvik Universitetində yerli və Avropa
Birliyinə daxil olan ölkələri təmsil edən və
əyani oxuyan tələbələrin təhsil haqqı ildə 3290
funt-sterlinqdir. Əcnəbi tələbələrin təhsil
haqqı isə Band 1 kursları üzrə 11500, Band 2
kursları üzrə 15000, Tibb Məktəbində 1 il təhsil
alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil
alan tələbələr üçün isə 24990 funt-sterlinq
təşkil edir.
Uorvik Universitetində 1 il təhsil almaq üçün
tələbəyə təhsil haqqını çıxmaq şərti ilə,
təxminən 9000 funt-sterlinq lazım gəlir.
Dünyanın digər ali məktəblərində olduğu kimi,
burada da tələbələrə kredit və təqaüdlər təklif
edilir. Ailə büdcəsi ildə 25001 funt-sterlinqdən
aşağı olan, ailəli, uşaqlı yerli tələbələrə ildə
2906 funt-sterlinq dəyərində maddi yardım
verilir. Ailə büdcəsi ildə 36000
funt-sterlinqdən aşağı olan yerli tələbələr ildə
1500 funt-sterlinq təqaüd alır. Uorvik
Universiteti bakalavr pilləsində oxuyan əcnəbi
tələbələrə təqaüd vermir, onlar təqaüdü öz
dövlətləri tərəfindən alırlar. Əcnəbi tələbələr
təqaüdlər haqqında məlumatı ölkələrinin Təhsil
Nazirliyindən və ya Britaniya Şurasının yerli
ofislərindən əldə edə bilərlər. Uorvik
Universitetinin Beynəlxalq İdarəsi magistratura
pilləsində ödənişli oxuyan və yüksək nəticələr
göstərən əcnəbi tələbələrə 20000 funt-sterlinq
təqaüd təklif edir. Uorvik İstehsalat Qrupu
2010-2011-ci tədris ili üzrə Mərkəzi Asiya,
Qafqaz və Rusiyadan olan magistrantlar üçün
3000, 5000 funt-sterlinq təqaüd ayırıb. Bu
təqaüdü almaq üçün idarəyə ərizə ilə müraciət
etmək lazımdır. Ərizələr 2011-ci ilin 30 iyun
tarixinədək qəbul ediləcək. Universitetdə əcnəbi
doktorant və tədqiqatçılar üçün ən geniş təqaüd
imkanları mövcuddur. Onlara ildə 13590, 14600
funt-sterlinq dəyərində təqaüdlər təklif olunur.
Universitet bu gün
Uorvik
Universiteti adını daşıdığı Uorvik şəhərində
deyil, Koventri şəhərindən 5,5 km cənub-qərbdə
yerləşir. Universitet üç kampusdan ibarətdir
(Mərkəzi, Gibbet Hill, Vestvud) və ümumilikdə
290 hektar ərazini əhatə edir. Kiçik şəhəri
xatırladan səs-küylü kampuslarda mağazalar,
banklar, bar və restoranlar, bərbərxanalar,
apteklər, tələbələrin ehtiyaclarına cavab verən
şərait mövcuddur. Universitetin 1960-cı illərdə
tikilmiş və daha müasir binaları orta əsrlər,
klassik memarlıq üslublarından fərqlənir. Ali
məktəbin əsas binası əvvəllər Milli Şəbəkə
Qərargahı olub və 2003-cü ildə universitet
rəhbərliyi tərəfindən alınıb. Hazırda həmin
tikili Universitet Evi adlanır və universitetin
əsas binası kimi fəaliyyət göstərir. 2008-ci
ilin martında Vestvud şəhərciyində örtülü tennis
mərkəzi tikilib. Həmin ilin avqustunda isə Baş
nazir Qordon Braunun təşəbbüsü sayəsində
universitetin ərazisində Rəqəmsal Laboratoriya
açılıb. 2009-cu ilin yazında universitetin
İncəsənət Mərkəzi, 2010-cu ildə isə Tələbə
Təşkilatının yenidən tikilmiş binası istifadəyə
verilib.
Mərkəzi və Gibbet Hill kampuslarının arasında
Tosil meşəsi yerləşir. Meşədə bir kampusdan
digərinə piyada getmək üçün 10-12 dəqiqə vaxt
sərf etmək lazım gəlir. Kampusun ərazisindəki
meşələr, göllər, bağ və parklar, yaşıl çəmənlər,
zəngin canlı aləm burada tədqiqat aparmaq üçün
ideal şərait yaradır. Uorvik Universitetinin
kampusu Böyük Britaniyanın ən gözəl tələbə
şəhərciyi elan olunub.
Uorvik Universitetində aşağıdakı fakültələr
fəaliyyət göstərir:
İncəsənət
fakültəsi tarixi, ədəbi, tamaşa, vizual
mədəniyyətlər sahələri üzrə geniş tədqiqatlar
həyata keçirir. Fakültə Qədim və klassik tarix,
İngilis və müqayisəli ədəbiyyatşünaslıq, Kino və
televiziya tədqiqatları, Fransa, Almaniya,
İtaliya tədqiqatları, Tarix və müqayisəli
Amerika tədqiqatları, İncəsənətin tarixi, Teatr,
tamaşa və mədəniyyət siyasəti tədqiqatları,
eləcə də Fəlsəfə departamentlərindən, Karib,
Mədəni Siyasət tədqiqatları, Qlobal Tarix və
Mədəniyyət, Humanitar Tədqiqatlar, Tibbin
Tarixi, İntibahın Öyrənilməsi, Tərcümə və
Müqayisəli Mədəniyyətşünaslıq elmi-tədqiqat
mərkəzlərindən ibarətdir.
Dəqiq Elmlər fakültəsi modelləşdirmə və
simulyasiya, sistemlər biologiyası, enerji və
sabit inkişaf, mürəkkəblik elmi, əlavə
materiallar, riyaziyyat, bitki və
mikroorqanizmlər elmləri üzrə nano və makro
tədqiqatlar aparır. Fakültə çərçivəsində
Biologiya, Kimya, Riyaziyyat, Fizika,
Mühəndislik, Psixologiya, Statistika, Kompüter
elmləri, Sistem biologiyası, Uorvik HRI
departamentləri, Əlavə Materiallar, Mürəkkəblik
Kompleksi, İnterfeyslər və Materiallar,
Statistik Metodologiya Tədqiqatları, Elmi
Hesablama, Maye Dinamikası, Riyaziyyat, Risk
Təşəbbüsü və Statistik Konsultasiya Vahidi,
Uorvik İnnovativ İstehsal elmi-tədqiqat
mərkəzləri, Kütləvi Spektrometriya İnstitutu
mövcuddur.
İctimai Elmlər fakültəsi uşaqlar, uşaqlıq və
gənclik, qloballaşma, idarəetmə, sağlamlıq və
rifah, miqrasiya, diaspora, transmillilik və
eynilik, əmək və məşğulluq sahələri üzrə nəzəri
və tətbiqi tədqiqatlar aparır. Fakültəyə
İqtisadiyyat, Təhsil, Səhiyyə və sosial
tədqiqatlar, Hüquq, Fəlsəfə, Siyasət və
beynəlxalq tədqiqatlar, Sosiologiya
departamentləri, Uorvik Biznes Məktəbi, Təhsilin
İnkişafı, Qiymətləndirmə və Tədqiqat, Təhsil və
Sənaye, Məşğulluq Tədqiqatları, İngilis Dili
Pedaqoji Təhsili, Qloballaşma və Regionlaşdırma
elmi-tədqiqat mərkəzləri daxildir. Uorvik Biznes
Məktəbi Menecment Təhsili Beynəlxalq
Assosiasiyası tərəfindən təyin edilmiş Böyük
Britaniya ilk biznes məktəbidir. Həmçinin məktəb
MBA Assosiasiyasının üzvüdür.
Tibb
fakültəsində xərçəng və palliativ (xəstəliyi
sağaltmayıb yalnız müvəqqəti yüngüllük verən
dərman) yardım, ürək-damar xəstəlikləri, uşaq
sağlamlığı, mürəkkəblik və səhiyyə, diabet,
elektron səhiyyə, fövqəladə vəziyyət və intensiv
qayğı (terapiya), etnik mənsubiyyət və
sağlamlıq, psixi, metabolik sağlamlıq,
metodologiya, ilkin yardım, səhiyyə, təkrar
istehsal və s. sahələr üzrə geniş tədqiqatlar
həyata keçirilir.
Fakültənin nəzdində Uorvik Tibb Məktəbi, Kliniki
Elmlər, Sağlamlıq Elmləri tədqiqatları
institutları, Tibbi Təhsil, Etika və İdarəetmə,
Biotibbi Tədqiqatlar mərkəzləri fəaliyyət
göstərir. Uorvik Tibb Məktəbi universitetin bir
çox bölmələri ilə birgə fəaliyyət göstərərək
beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır.
Məktəb Koventri və Uorvikşir NHS Trust
universitet xəstəxanaları, Uorvikşir Diabet,
Endokrinologiya və Metabolizm İnstitutu ilə
əməkdaşlıq edir.
Uorvik Universitetinin kitabxana sisteminə
Universitet Evində yerləşən Əsas və fakültə
kitabxanaları daxildir. Əsas kitabxanada 1,2
milyon cild kitab, 30000-dən çox elektron
jurnal, arxiv və Müasir Hesabat Mərkəzi
mövcuddur. Bu kolleksiyaya hər il 26500-ə qədər
yeni material əlavə olunur. Kitabxananın
25000-dən çox qeydə alınmış istifadəçisi və
150-dən çox əməkdaşı var. 5 mərtəbəli binada
yerləşən Əsas kitabxananın 1-ci mərtəbəsində
ümumi xidmət göstərilir, 2-ci mərtəbəsində dəqiq
elmlər, 3-cü mərtəbəsində incəsənət, 4-cü
mərtəbəsində təhsil, hüquq, statistikaya aid
materiallar, rəsmi sənədlər, 5-ci mərtəbəsində
isə ictimai elmlərə aid materiallar toplanıb.
Tibb sahəsinə aid olan kolleksiya tibb
fakültəsinin binalarında saxlanır. Kitabxananın
veb-saytında buradakı kolleksiya, verilənlər
bazası, elektron jurnal, xidmət və personal
barədə informasiya təqdim olunub. İstifadəçilər
veb-sayta daxil olaraq axtardıqları materialı
əldə edə bilərlər.
Uorvik
İncəsənət Mərkəzi Böyük Britaniyanın Londondan
kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir.
Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbir
keçirilir (klassik və müasir musiqi, dram, rəqs,
komediya, film və təsviri incəsənət). Mərkəzin
ildə 300000-dən çox ziyarətçisi olur. Mərkəzdə
konsert zalı, iki teatr, kinozal, Mid
qalereyası, musiqi mərkəzi, konfrans zalları,
lüks otaqlar, restoran, kafe, mağazalar, iki
bar, kitab mağazası və s. mövcuddur. Mərkəzin
Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna
malikdir. Uorvik İncəsənət Mərkəzinin girişində
rəssam Lilian Lijna aid müasir incəsənət əsəri
olan Ağ Koan yerləşir. 6 metr hündürlüyündə olan
ağ rəngli koan flüoressensiya (işıqlanma təsiri
altında bəzi cisimlərin işıqvermə xassəsi)
lampaları ilə elliptik işıqlandırılmaya malikdir
və elektrik mühərrikin köməyi ilə fırlanır. Koan
cavabsız suallar ətrafında buddistlərin
axtarışlarını təcəssüm etdirən abidədir. Koan
1971-ci ildə Plimutda Piter Stayvesant Fondu
Şəhər Abidə Layihəsinin bir hissəsi kimi
yaradılıb. Daha sonra koan Londonda Heyvord
Qalereyasında yerləşdirilib, 1972-ci ildə isə
Uorvik Universiteti tərəfindən alınıb.
Uorvik Universitetinin rəhbərliyinə kansler,
vitse-kansler, vitse-kanslerin müavini, 4
pro-vitse-kansler - fakültələrin dekanları, Ali
Təhsil (magistratura və doktorantura) Şurasının
sədri, katib, katibin müavini və maliyyə
direktoru daxildir. 2008-ci ildən universitetin
kansleri hüquq elmləri doktoru Riçard
Lambertdir. Kansler formal olaraq universitetin
rəhbəri hesab edilir. Onun əsas vəzifəsi
universitetin adından elmi dərəcələr vermək,
Böyük Britaniyada və xaricdə universitetin
maraqlarını qorumaq, universitetin inkişafı üçün
maliyyə vəsaiti toplanmasına nəzarət etməkdən
ibarətdir. Ali məktəbin vitse-kansleri professor
Naycel Trift, onun müavini isə professor Mark
Smitdir. Uorvik Universitetində ümumilikdə 4992
nəfər işçi çalışır. Onların 1046 nəfərini
akademik heyət, 702 nəfərini tədqiqatçı,
qalanlarını isə inzibati heyət təşkil edir.
Universitetdə təhsil alan tələbələrin ümumi sayı
21598 nəfərdir. Tələbələrin 12510 nəfəri
bakalavr, 9088 nəfəri isə magistratura və
doktorantura pillələrində oxuyanlardır. Uorvik
Universitetində dünyanın 120-dən çox ölkəsindən
5743 tələbə təhsil alır.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Uorvik Universitetinin beynəlxalq
kooperasiya hüququ fakültəsinin magistratura
pilləsində Lalə Rüfət qızı Səfərəliyeva, hüquq
fakültəsinin bakalavr pilləsinin III kursunda
İlqar Bəkir oğlu Qasımlı təhsil alırlar. Rüstəm
Elçin oğlu Şərifov isə bu il universitetin
informasiya sistemləri fakültəsinin magistratura
pilləsinin məzunu olub.
Uorvik Universitetində tələbələrin həyatı iki
fazaya bölünür. Birinci kurs tələbələri, adətən,
kampus ərazisində yaşayır və Tələbə Təşkilatının
təşkil etdiyi çərçivədə həyat tərzi sürürlər.
Uorvik Universitetinin Tələbə Təşkilatı Böyük
Britaniyanın ən böyük təşkilatlarından biridir
və hazırda 260 cəmiyyət, 76 idman klubundan
ibarətdir. Tələbə Təşkilatı iki binada - Cənub
və Şimal təşkilat binalarında yerləşərək
fəaliyyət göstərir. Sonrakı illər isə gənclər
daha çox kampusdan kənarda Liminqton Spa,
Kenilvort, Erlsdon, Kanli və ya Koventridə
qalmağa üstünlük verirlər. Kampus ərazisində
tələbə və müəllimlərin istirahətlərini təmin
etmək üçün 25 metrlik hovuz, iki idman
kompleksi, trenajor zalları, skvoş (bağlı yerdə
iki və ya dörd nəfərdən ibarət xatırladan
raketka oyunu, tennisi xatırladan idman növü)
kortları, 400 metrlik atletika stadionu
mövcuddur. Kampus ərazisində yerləşən kafe və
restoranlarda tələbələr günün istənilən vaxtı
xoşladıqları təamlardan dada və istirahət edə
bilərlər. Burada verilən bütün içki və qidalara
Tələbə Təşkilatı və Uorvik Qonaqpərvərlik
İdarəsi nəzarət edir.
Uorvik
Universiteti yetərincə tələbə yerləşdirə biləcək
yataqxanalara malikdir. Bunlar bakalavrlar üçün
nəzərdə tutulmuş Artur Vik, Benefaktors,
Kleykroft, Krifild, Heronbank, Harst, Cek
Martin, Leyksayd, Redfern, Ruts, Beynəlxalq Ev,
Tosil, Vestvud, Uaytfilds, eləcə də magistrant
və doktorantlar üçün Kleykroft, Leyksayd,
Heronbank, Tosil yataqxanalarıdır.
Yataqxanaların bütün otaqları sürətli İnternet
şəbəkəsinə qoşulub və lazımi şəraitlə təmin
edilib. Hər bir otağın mətbəxi var. Kampus
ərazisindəki yataqxana otaqlarının qiyməti 2220
(30 həftəlik) - 4524 (39 həftəlik) funt-sterlinq
arasında dəyişir. Odəniş hər semestrin əvvəlində
edilməlidir. Su, işıq, istilik sistemi, qaz,
İnternet və s. xidmətlər üçün ödəniş otaq
qiymətinə daxildir.
Hazırda kampus ərazisində ümumilikdə 5778 otaq
mövcuddur. 2011-2012-ci tədris ilində yeni
yataqxana istifadəyə verildikdən sonra bu
rəqəmin 6283-ə qədər artacağı planlaşdırılır.
Yataqxanalar tərbiyəçilər və nəzarətçilər
tərəfindən idarə olunur, sakinlərin
təhlükəsizliyi və rahatlığına xüsusi diqqət
yetirilir. Yataqxanalarda siqaret çəkmək
qadağandır. Kampus ərazisində müəllim və
qonaqlar üçün də yataqxana və qonaq evləri
yerləşir.
Uorvik Universiteti Böyük Britaniyanın gənc
universiteti olmasına baxmayaraq, dünyada özünə
yetərincə yüksək akademik şöhrət qazanıb.
Universitetin missiyası tədqiqat və təhsil
sahəsində dünya liderinə çevrilmək, insan
anlayışı diapazonunu əhəmiyyətli dərəcədə
yüksəltmək, mədəni və iqtisadi inkişafı
sürətləndirmək, burada həyata keçirilən
tədqiqatlardan hər bir kəsin bəhrələnməyini
təmin etməkdən ibarətdir.
Uorvik Universitetinin nailiyyətlərini
möhkəmləndirən və onu daha uğurlu fəaliyyətə
təhrik edən əsas dəyərlər bunlardır: üstünlük,
ambisiya və stimul, sahibkarlıq qabiliyyəti,
kosmopolitizm, peşəkar xidmət, sadəlik, birlik
və sərbəstlik. 2015-ci ildə Uorvik Universiteti
50 illik yubileyini qeyd etməyə hazırlaşır.
Yubiley mərasiminədək ali məktəb qarşısında bir
sıra məqsədlər qoyub və hazırda bununla bağlı
mühüm işlər həyata keçirir.
Universitetin məşhur məzunları
|
Yakubu Qovon |
Nigeriyanın sabiq prezidenti |
|
|
Valentina Ştrasser |
Syerra-Leone Respublikasının (Afrika)
sabiq rəhbəri |
|
|
Vernon Koaker |
Böyük Britaniyanın Dövlət Təhlükəsizlik,
Terrorizmlə Mübarizə, Cinayət və
Mühafizə naziri |
|
|
Kim Hauells |
Böyük Britaniyanın xarici işlər naziri |
|
|
Devid Devis |
Britaniya Mühafizəkarlar partiyasının
siyasətçisi |
|
|
Baronessa Amos |
Avropa İttifaqının Afrika İttifaqında
(53 Afrika dövlətindən ibarət) xüsusi
nümayəndəsi, Böyük Britaniya lordlar
palatasının sabiq lideri |
|
|
Baronessa Morris |
Böyük Britaniyanın təhsil məsələləri
üzrə sabiq dövlət katibi, Leyborist
partiyasının üzvü |
|
|
Çan Yun Han |
Honq-Konq Qanunvericilik şurasının sabiq
üzvü |
|
|
Corc Saitoti |
Keniyanın sabiq vitse-prezidenti |
|
|
Devid Li |
Şərqi Asiya bankının sədri və baş icraçı
direktoru |
|
|
Corc Kanyeihamba |
Uqanda prezidentinin hüquq məsləhətçisi |
|
|
Merfin Cons |
BBC İdarəçilər Şurasının üzvü, Banqor
Uels Universitetinin vitse-kansleri |
|
|
Ouayn Ceyms |
Milli Tələbə Təşkilatının sabiq
prezidenti |
|
|
Tomas Samner (Stinq) |
məşhur musiqiçi |
|
|
Tom Solesbari |
avarçılıq üzrə Olimpiya çempionu |
|
|
Stiv Heyuey |
"Liverpul" klubunun futbolçusu |
|
|
Mark Hyuz |
futbol meneceri |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |