| 
								
								Çalışdığım orta  məktəbdə İKT-nin tətbiqi 
								müxtəlif sahələr üzrə aparılır. Şagirdlərimiz  
								aldığı bilikləri texnologiyaların  vasitəsi ilə 
								təcrübədə tətbiq edirlər. Xüsusən, İKT vasitəsi 
								ilə hazırladıqları layihələr tərtib olunmuş 
								meyarlar üzrə qiymətləndirilir. Məktəbdaxili 
								müsabiqələrdən biri şagirdlərimizin fərdi 
								İnternet veb səhifələrinin (bloqlarının) 
								yaradılmasıdır.  
								
								 Bu 
								mərhələyə biz  pillə-pillə gəlmişik, ilk əvvəl 
								"Skype" proqramı vasitəsilə müxtəlif ölkələrdəki 
								məktəblərlə əlaqə yaradıb fikir mübadiləsi 
								aparmışıq. Növbəti mərhələdə məktəbdə 
								İP-telefonların və kameraların 
								quraşdırılmasından sonra, virtual məkanda  
								informatika və tarix fənnləri üzrə 
								metodbirləşmələrin iclaslarını digər məktəb 
								müəllimləri ilə  keçirmişik. 
								
								Respublikamızda keçirilən istənilən müsabiqələr 
								tədris sahəsinə çox müsbət təsir edir.  
								Müəllimlərimiz innovativ müəllim layihəsində, 
								şagirdlərimiz isə "Gənc istedad" müsabiqəsində 
								həvəslə iştirak edərək yüksək yerlər qazanıblar. 
								Dərslərimizin keyfiyyətli tədrisi üçün 
								interaktiv  lövhə rahat vasitədir.  
								
								Təhsil Nazirliyinin üç il sınaqdan keçirilən  
								"Elektron məktəb" layihəsi, xüsusən "elektron  
								jurnal" müəllimlər, şagirdlər və valideynlər 
								tərəfindən bəyənilir.  Bu il  məktəbdə 
								quraşdırılan HDMİ formatlı Tandberg C20  Plus 
								qurğusunun köməyi ilə təşkil edilmiş "Say 
								sistemləri" viktorinasının virtual sinifdə 
								keçirilməsini planlaşdırmışıq. Bu dərsi ötən il 
								İP-telefon vasitəsi ilə  liseylə keçirmişdik.  
								Belə dərslərin keyfiyyətli alınması üçün 
								əvvəlcədən moderator təyin olunur, dərs 
								videokonfransda iştirak edən məktəblərə şəbəkə 
								etikası gözlənilməklə, növbə ilə söz verilir.  
								Bu dərslərin əvvəlcədən plan-proqramı yazılır və 
								iştirakçı məktəbin sinif şagirdləri onunla 
								əvvəlcədən tanış olurlar. Bir sözlə, son illər 
								məktəblərin yeni  İKT avadanlıqları ilə sürətlə 
								təchizatı müəllimlərimizi  onlardan istifadəyə, 
								şagirdləri isə yaradıcı işləməyə sövq edir. 
								
								Mənim fikrimcə, şagirdin tədris prosesinə, 
								müəllimin şagirdin biliyinə, valideynin məktəbin 
								təlim prosesinə nəzarəti onlayn "qaynar xətt"lə 
								təşkili məqsədəuyğundur. 
								
								Hər bir məktəbin onlayn "qaynar xətt"i olmalı, 
								müəllimlər, şagirdlər və valideynlər onda 
								iştirak etməlidirlər. İnternetə çıxışı olmayan 
								məktəblər isə məktəbin foyesindəki kompüterdə 
								"qaynar xətt" yaratmalıdırlar. Daxil olmuş 
								şikayət və təkliflər araşdıırılaraq 
								cavablandırılmalıdır. Biz məktəbimizdə bu 
								prosesi iki ildən çoxdur ki, tətbiq  edirik və 
								böyük səmərə verir.  
								
								
								Aygün ƏZİZOVA, akademik Zərifə Əliyeva
 adına məktəbin İKT profili
 üzrə direktor müavini
 |