Təkcə bu il ərzində rayonda 3 yeni məktəb binası
istifadəyə verilib.
Şərur
muxtar respublikanın inzibati-ərazi bölgüsünə
daxil olan səkkiz rayon və şəhərdən biridir.
Regionların sosial-iqtisadi inkişafının Dövlət
Proqramları çərçivəsində aparılan genişmiqyaslı
quruculuq tədbirləri muxtar respublikanın digər
bölgələri kimi yüz min nəfərdən artıq sakini
olan, rayon mərkəzi ilə yanaşı 64 kənd yaşayış
məskənini öz ətrafında birləşdirən bu rayonu də
ağuşuna alıb.
Ölkə Prezidenti İlham Əliyev bu ilin oktyabr
ayında bölgəyə səfəri çərçivəsində ictimaiyyət
nümayəndələri ilə keçirdiyi görüşdə həyata
keçirilən tədbirlərdən məmnun qaldığını
bildirib: "Şərur rayonunda bütün sosial
məsələlər həllini çox uğurla və keyfiyyətlə
tapır. Keçən dəfə Olimpiya Kompleksinin
açılışında, mərkəzi rayon xəstəxanasının
istifadəyə verilməsində iştirak etmişdim. Digər
obyektlərin, sosial infrastrukturun yaradılması
bu rayonda çox uğurla və sürətlə gedir...".
Nahaq deməyiblər ki, hər bir mərkəz rayonun
siması sayılır. Son illər 7 min nəfərə yaxın
sakini olan Şərur şəhərində də böyük
infrastruktur tədbirləri həyata keçirilib. O,
böyük hədəflərə doğru iri addımlarla irəliləyən
bölgələrdən birinin mərkəzinə çevrilib.
Cari il burada 200 yerlik müasir tipli uşaq
bağçası istifadəyə verilib. Üç bölmədən ibarət
Şərur ticarət mərkəzində 220 yerlik açıq və
örtülü bazarlar, 48 mağaza, məişət xidməti
sahələri, iaşə obyektləri fəaliyyət göstərir. O,
muxtar respublikada fəaliyyət göstərən ən iri
ticarət obyektlərindən biridir. Ötən il
istifadəyə verilən Şərur Olimpiya-İdman
Kompleksi də rayonun ictimai-mədəni həyatında
böyük canlanma yaradıb. Az vaxt ərzində o, kiçik
şəhərə böyük idman mədəniyyəti gətirib. Artıq
burada idmanın ayrı-ayrı növləri üzrə bir necə
mötəbər yarışlar keçirilib. 68 çarpayılıq Şərur
rayon Mərkəzi Xəstəxanası da Avropa standartları
əsasında tikilib, burada xidmətin müasir
tələblər səviyyəsində təşkili üçün hər cür
şərait yaradılıb. Şərur şəhər məscidi də müasir
memarlıq üslubunda inşa olunub. Şərur Türk
Liseyi üçün də yeni və müasir tipli obyekt inşa
olunub. İki hektardan artıq sahəni əhatə edən
mədəniyyət və istirahət parkı da rayon
mərkəzinin simasına yeni çalarlar gətirib. Yeni
salınan bağlar, parklar da göz oxşayır, könül
açır.
Böyük
quruculuq tədbirləri kənd yaşayış məskənlərinə
də yeni nəfəs gətirib. Bir çox kəndlərdə
tikinti-quruculuq tədbirləri kompleks şəkildə
aparılıb. Eyni vaxtda həmin kəndlərdə müasir
tipli məktəb, kənd mərkəzi, həkim ambulatoriyası,
ticarət obyekti, məişət evi sakinlərin
ixtiyarına verilib. Kənd yollarında əsaslı təmir
və yenidənqurma tədbirləri aparılıb. Aralıq,
Tumaslı, Yengicə, Maxta, Qarxun, Aşağı Daşarx,
Mahmudkənd, Vərməziyar, Axura, Aşağı Yaycı
kəndlərində görülən işləri bu dediklərimə misal
göstərmək olar.
Yeni və müasir tipli təhsil ocaqlarının inşası
isə aparılan quruculuq tədbirlərində üstün
istiqamətə çevrilib. Rayon mərkəzi kimi,
kəndlərdə də yeni, müasir və orijinal tipli
təhsil ocaqlarının inşasına başlanılıb. 26 yeni
və müasir tipli təhsil ocağı inşa olunub. Hər
bir təhsil müəssisəsində də tədrisin yüksək
səviyyədə təşkili üçün lazımi şərait yaradılıb.
Rayon icra hakimiyyətinin başçısı İbrahim
Məmmədov deyir ki, rayondakı mövcud
məktəblərdən bir çoxu ötən əsrin 70-80-ci
illərində respublikamızda aparılan
genişmiqyasılı quruculuq siyasəti nəticəsində
inşa olunub. Amma son illərə qədər burada
yararsız hala düşən, bu səbəbdən də tədrisin
keyfiyyətinə ciddi xələl törədən təhsil
ocaqları da az olmayıb. İndiki quruculuq
siyasətində bu cür məktəblər ön planda
saxlanılıb. Bu mühüm və vacib məsələdə
xalqımızın ümummilli lideri Heydər Əliyevin belə
bir kəlamı əldə rəhbər tutulub: "Hər bir
millətin, hər bir ölkənin gələcəyi gənclərdir.
Biz gəncliyimizi nə qədər yüksək təhsilli etsək,
onların müəyyən ixtisaslara mütəşəkkil
yiyələnməsinə şərait yarada bilsək, müstəqil
Azərbaycanın gələcəyi və demək, müstəqil
Azərbaycanın iqtisadiyyatının inkişafı, təhsilin
inkişafı, insanların rifah halı da bir o qədər
də yaxşı olacaqdır".
Ötən
il də rayonda yeni məktəblərin inşası, onların
texniki və kadr təminatının yaxşılaşdırılması,
təhsil müəssisələrinin informasiya-kommunikasiya
texnologiyaları və pulsuz dərsliklərlə təmin
edilməsi, məktəb kitabxanalarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində xeyli işlər görülüb.
Aşağı Daşarx, Tumaslı kəndlərində yeni məktəb
binaları tikilib. Şərur şəhərindəki 1 nömrəli
1176 şagird yerlik orta məktəb binası isə əsaslı
təmir və yenidənqurma işlərindən sonra
istifadəyə verilib. Məktəbin müasir informasiya
texnologiyaları ilə təminatı da diqqət
mərkəzində saxlanılıb.
Təhsil sahəsində quruculuq tədbirləri cari ildə
də böyük vüsətlə davam etdirilir. Yeni və
müasir tipli təhsil ocaqlarından biri Yengicə
kəndində inşa olunub.
Onu da qeyd edək ki, XIX əsrin sonu, XX əsrin
əvvəllərində Yengicə Şərur-Dərələyəz qəzasında
mühüm mərkəzlərdən biri kimi tanınıb. Uzun
müddət qəza inzibati-ərazi bölgüsünün mərkəzi
olub, indiki rayon mərkəzi funksiyasını yerinə
yetirib. Muxtar respublikada ilk təhsil ocağı
1882-ci ildə burada açılıb. Həmin məktəbin
açılmasının təşəbbüskarı və təşkilatçısı
dövrünün böyük maarifçi ziyalılarından olan
Mirzə Ələkbər Süleymanov olub. Qori Müəllimlər
Seminariyasını bitirən bu şəxs həmin il kənddə
11 uşağı təhsilə cəlb edib. İki il sonra isə
məktəb üçün ikisinifli bina inşa edilib. O,
rayon əhalisinin maariflənməsində,
savadlanmasında önəmli rol oynamaqla yanaşı,
məktəbi ədəbi-pedaqoji fikrin qabaqcıl
mərkəzlərindən birinə çevirmişdir.
Üç yüzdən artıq şagirdin təhsil aldığı kənd orta
məktəbi bu gün də öz müsbət ənənələrini yaşadır.
Ötən il məktəbi bitirən 15 məzundan 5-i ali
təhsil ocağına qəbul olunub. Köhnə və yararsız
bir binada yerləşən məktəb üçün bu, böyük uğur
sayılıb. Yeni dərs ilində 302 şagirdin
təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. 33
yaşlı kimya müəllimi Pakizə Əliyeva isə bu il
ölkə başçısının sərəncamı ilə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb. Züleyxa Abdullayeva,
Afət Seyidova, Ədalət Tağıyev, Laləzar
Zeynalova, Səriyyə İbrahimova təcrübəli
müəllimlər kimi tanınıblar.
Təbii
ki, bu tədris ilində qazanılan uğurlar ötən
ildəkindən də çox olacaq. Bu, ilk növbədə,
regionların sosial-inkişafının Dövlət Proqramı
çərçivəsində kənddə 568 şagird yerlik, zirzəmi
qatı ilə birlikdə dörd mərtəbədən ibarət olan
müasir tipli məktəb binasının tikilib istifadəyə
verilməsi ilə bağlıdır.
Prezident İlham Əliyev bu ilin oktyabr ayında
muxtar respublikaya səfəri çərçivəsində təhsil
ocağında görülən işlərdən, yaradılan şəraitdən
razı qaldığını bildirib: "Bu məktəb əslində kənd
məktəbinə oxşamır. Çox əzəmətli, gözəl, geniş,
işıqlı bir məktəbdir," -deyib. Dövlət başçımız
həmin görüşündə bu gün ölkəmizdə həyata
keçirilən sosial siyasətin bəzi məqamlarından da
danışıb: "Bu gün Azərbaycanın bütün kəndlərində
belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz
məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün
bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir
səviyyə, insanların yaşaması, işləməsi üçün
bütün şərait yaradılmalıdır".
Müasir layihə əsasında inşa olunan yeni təhsil
ocağında müəllim və şagirdlərin ixtiyarına 32
sinif otağı ilə bərabər, zəngin əyani
vəsaitlərlə təmin olunan fənn kabinetləri,
laboratoriyalar, kitabxana, idman zalı,
yeməkxana verilib. Şagirdlərin müasir
informasiya texnologiyalarına yiyələnə bilmələri
üçün burada kompüter mərkəzi yaradılıb. İki
elektron lövhəli sinif də tədrisin yüksək
səviyyədə aparılmasına imkan yaradır. Məktəb
müasir istilik sistemi ilə də təmin olunub.
Azərbaycanın Milli Qəhrəmanı Əli Camalovun adını
daşıyan Maxta kənd orta məktəbi dövlət
başçımızın xeyir-duası ilə istifadəyə verilən
yeni təhsil ocaqlarındandır. 2,5 min nəfərə
yaxın əhalinin məskunlaşdığı və rayon
mərkəzindən 7 km aralıda yerləşən bu kənddə də
quruculuq tədbirlərinə kompleks şəkildə
yanaşılıb. Üçmərtəbəli, 540 şagird yerlik təhsil
ocağı müəllim və şagirdlərin ixtiyarına verilib.
"Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib.
Əminəm ki, bu, uşaqlara böyük bir
töhfədir"-deyən dövlət başçımız məktəbin açılış
mərasimində ölkəmizin gələcək və xoş inkişafı
naminə öz tövsiyə və tapşırıqlarını da bildirib:
"Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar.
Müəllimlər də uşaqlara yaxşı tərbiyə
verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə
savadlı, bilikli gənclər lazımdır ki, bundan
sonra bütün sahələrdə işləyə bilsinlər. Bu gün
Azərbaycanda inkişaf çox sürətlə gedir. Hər bir
sahədə yeni, peşəkar mütəxəssislər lazımdır ki,
bütün işləri yüksək səviyyədə aparsınlar. Təhsil
bu məqsədlərə nail olmaq üçün başlıca vasitədir.
Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət
göstərilir".
Hazırda kənd orta məktəbində 192 şagirdin
təlim-tərbiyəsi ilə 29 nəfər müəllim məşğul
olur. Onların içərisində qabaqcıl müəllimlər
çoxdur. İbtidai sinif müəllimi Zülafə Abbasova
bu il ölkə başçısının sərəncamı ilə "Tərəqqi"
medalı ilə təltif olunub.
Qızılı payızın soyuq günlərində Naxçıvan-Sədərək
magistral yolunun kənarında yerləşən Zeyvə
kəndində də tikinti-quruculuq işləri böyük
həvəslə aparılır. Yeni inşa olunan obyektlərdən
biri də 612 şagird yerlik üçmərtəbəli təhsil
ocağıdır. "Gəmiqaya" MMC tərəfindən inşası
aparılan obyektdə tikinti-quraşdırma işləri beş
ay ərzində yüksək keyfiyyətlə başa çatdırılıb.
Burada müəllim və şagirdlərin ixtiyarına 33
sinif otağı ilə bərabər, zəngin əyani
vəsaitlərlə təmin olunan fənn kabinetləri,
laboratoriyalar, kitabxana, idman zalı,
yeməkxana veriləcək. Şagirdlərin müasir
informasiya texnologiyalarına yiyələnə bilmələri
üçün burada iki kompüter otağı yaradılıb. Hər
bir otaqda 18 kompüter İnternetə qoşulub. İki
elektron lövhəli sinif otağı da tədrisin yüksək
səviyyədə aparılmasına imkan yaradacaqdır.
Burada qiymətli tikinti materiallarından
istifadə olunub. Pilləkən və foyelərə mərmər
daşlar döşənib. Sinif otaqları, fənn kabinet və
laboratoriyalar lazımi avadanlıq və mebel
dəstləri ilə təmin olunub. Məktəbin qarşısında
və arxasında isə böyük həcmdə yaşıllıq salınıb.
337 şagirdin təhsil aldığı Zeyvə kənd orta
məktəbi də rayonun qabaqcıl təhsil
müəssisələrindən biridir. Məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi Gültəkin Həsənova
"Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən
biri olub, ölkə başçısının sərəncamı ilə
birdəfəlik beş min manat məbləğində pulla
mükafatlandırılıb. Məhərrəm Rəhimov, Əhliman
Həsənov, Ceyran Qasımova, Dünyamir Hüseynli də
rayon müəllimləri arasında təcrübəli
pedaqoqlar kimi tanınıblar.
Ən başlıcası isə yeni məktəbin tikintisində
kəndin gələcək inkişaf perspektivinin nəzərə
alınmasıdır. Bu hesabla yaxın 20-25 il ərzində
burada əlavə sinif otaqlarına, yeni tədris
korpusuna ehtiyac duyulmayacaq.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı, tarix
elmləri
üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
|