Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə
xeyriyyə aksiyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Fondun təşəbbüsü,
Azərbaycanın Gürcüstandakı səfirliyi və
Gürcüstan İş Adamları Birliyinin təşkilatçılığı
ilə 1 nömrəli uşaq evində keçirilən tədbirdə
müxtəlif millətlərin nümayəndələri öz
bacarıqlarını nümayiş etdirmişlər.
Uşaq evinin direktoru Leyla Merabaşvili
xeyriyyəçilik məqsədilə məktəbə gələn qonaqlara
və Heydər Əliyev Fonduna, səfirliyin
əməkdaşlarına minnətdarlığını bildirərək
demişdir: "Bu uşaqların hər zaman diqqətə və
qayğıya ehtiyacı vardır. Biz Heydər Əliyev
Fonduna göstərdiyi diqqətə və hədiyyələrə görə
təşəkkür edirik".
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri
Şövqi Mehdizadə bildirmişdir ki, əsas məqsəd
belə bir həssas kateqoriyaya aid olan uşaqlara
qayğı göstərməkdir. Eyni zamanda, bu uşaqlarda
Azərbaycan, onun mədəniyyəti, tarixi haqqında
bilikləri daha da artırmaqdır ki, onlar
böyüyəndə iki ölkənin dostluğunun
möhkəmlənməsinə töhfələrini versinlər.
Uşaqlara gürcü dilində ensiklopediya, dərsliklər
və bayram hədiyyələri verilmişdir.
Sonda Tbilisidə fəaliyyət göstərən "Ceyran" rəqs
ansamblının üzvləri gürcü və Azərbaycan
rəqslərini ifa etmişlər. |