Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir
filialında 2010-2011-ci tədris ilinin qış
imtahan sessiyasının keçirilməsi ilə əlaqədar
"Açıq qapı - İnstitut günü" keçirilmişdir.
İmtahan sessiyasının şəffaf və ədalətli
keçirilməsinin şahidi olmaq, sessiyanın gedişini
izləmək istəyən valideynlər, mətbuat işçiləri
"Açıq qapı - İnstitut günü"nə dəvət
olunmuşdular.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər
Əliyevin filialda ucaldılan büstü önünə təzə
gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla
yad etdilər.
Filialın direktoru, professor Orucəli Rzayev
çıxış edərək son illər təhsil ocağında görülmüş
işlər, qazanılmış nailiyyətlərdən danışdı.
Tədris və elmi işlər üzrə direktor müavini
Nizami Abbasov qeyd etdi ki, bu gün Azərbaycan
Müəllimlər İnstitutu və onun filiallarında
təhsil, Avropa təhsil sisteminə - Boloniya
prosesinin, kredit sisteminin tələblərinə uyğun
olaraq qurulur.
Pedaqoji fakültənin dekanı, dosent Namaz
Manafov, ibtidai təhsilin pedaqogikası və
metodikası fakültəsinin dekanı, dosent Flora
Namazova imtahan sessiyasının yüksək səviyyədə
aparılması üçün fakültələrdə görülmüş işlərdən
söz açdılar. Bildirildi ki, filialda qış imtahan
sessiyasının mütəşəkkil keçirilməsi üçün ciddi
hazırlıq işləri aparılmış, imtahan sənədləri,
cədvəllər vaxtında hazırlanmış, tələbələrin
mühazirə və seminarlardan topladığı ballar
hesablanmış və "imtahan güşəsi"ndən asılmışdır.
İmtahanların gedişini izləmək, bu işə daha
yaxşı nəzarət etmək məqsədi ilə imtahan
keçiriləcək auditoriyalarda videokameralar
quraşdırılmışdır.
Filial kitabxanasının əməkdaşı Zoya Süleymanova
isə burada zəngin kitab fondu olduğunu,
kitabların elektron kataloqunun yaradıldığını
bildirib, müəllim və tələbələrə İnternet xidməti
göstərildiyini qeyd etdi.
Filial valideyn komitəsinin sədri Çingiz
Bağırov, valideynlər Roman Mahmudov, Toğrul
Məmmədov, Züleyxa Məmmədova, filialın əlaçı
tələbələri Ülviyyə İbrahimova, Vüsalə Abbasova
və başqaları çıxış edərək öz ürək sözlərini
söyləyərək "Açıq qapı - İnstitut günü"nun
təşkilinə görə filial rəhbərliyinə
minnətdarlıqlarını bildirdilər.
Cari ildə ali məktəbə qəbul olunmaq istəyənlərin
valideynləri övladlarına ixtisas seçimini
birinci növbədə Azərbaycan Müəllimlər İnstitutu
və onun Mingəçevir filialı üzrə aparacaqlarını
qeyd etdilər.
Sonda "Açıq qapı - İnstitut günü" iştirakçıları
filialın dekanlıqları, kafedraları ilə tanış
oldular, kompüter mərkəzinə, mühazirə
auditoriyalarına, kitabxana və tələbə
yeməkxanasına baxdılar.
Rahilə MƏMMƏDOVA,
Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir
filialının
baş müəllimi |