Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6
sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı
ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı istiqaməti
üzrə təhsil almış şəxslərə müvafiq sənədin
verilməsi qaydası"nın və bununla əlaqədar Təhsil
Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297
nömrəli əmrinin icrasını təmin etmək məqsədi
ilə
ƏMR EDİRƏM:
1. Ümumi təhsil müəssisələrinin müəllimləri üçün
ixtisasartırma təhsilinin Kurikulum Çərçivəsi
təsdiq edilsin (əlavə olunur).
2. Əlavə təhsilin ixtisasartırma təhsili
istiqaməti üzrə təhsil proqramlarının
qiymətləndirilməsi və tətbiqinə icazənin
verilməsi Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsinə həvalə edilsin.
3. Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsi (F.Qədirov):
3.1. İxtisasartırma təhsili üzrə təhsil
proqramlarının qiymətləndirilməsi və tətbiqinə
icazənin verilməsi mexanizmini hazırlayıb təsdiq
edilmək üçün təqdim etsin.
3.2. Kurikulum Çərçivəsinin ayrı-ayrı
modulları üzrə əlavə təhsil müəssisələri və ya
ixtisasartırma təhsilini həyata keçirən qurumlar
tərəfindən hazırlanan təhsil proqramlarının
qəbuluna dair elan verilməsini təmin etsin.
3.3. Rəhbər və pedaqoji kadrların digər
kateqoriyaları üçün ixtisasartırma təhsilinin
minimum həddinin müəyyən edilməsini və müvafiq
kurikulum çərçivələrinin hazırlanıb təqdim
edilməsini təmin etsin.
4. Rayon (şəhər) təhsil şöbələri (idarələri),
Nazirliyin birbaşa tabeliyində olan ümumi
təhsil müəssisələri:
4.1. Ümumi təhsil müəssisələrində işləyən
müəllimlərin ixtisasartırmaya olan ehtiyac və
tələbatlarının öyrənilməsini, bu əsasda
ixtisasartırma proqramlarının düzgün seçilməsini
və hər bir müəllimin 5 il ərzində ixtisasartırma
təhsilinin üç modulu üzrə 120 saatlıq təlim
kurslarından keçməsini təmin etsinlər.
4.2. Fərdi ehtiyac və maraqların nəzərə alınması
yolu ilə ixtisasartırma proqramlarının
seçilməsində müəllimlərə müvafiq köməklik
göstərsinlər.
4.3. İxtisasartırma proqramlarının fərdi seçimi
əsasında müvafiq əlavə təhsil müəssisələri və ya
ixtisasartırma təhsilini həyata keçirən
qurumlarla müqavilələrin bağlanılmasını, mümkün
olan hallarda ixtisasartırma təlimlərinin
müəllimlərin iş yerində və ya ona yaxın ərazidə
həyata keçirilməsini təmin etsinlər.
4.4. "Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi qaydası"nın
1.7-ci bəndinə müvafiq olaraq stimullaşdırma
tədbirlərinin həyata keçirilməsində müəllimlərin
ixtisasartırma təhsili nəticəsində topladıqları
kreditlərin nəzərə alınmasını təmin etsinlər.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
6. İnzibati işlər üzrə sektor (A.Nəbiyev)
əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2010-cu il |