Ölkəmiz müstəqillik əldə etdikdən sonra
cəmiyyətimizin demokratikləşməsi istiqamətində
görülən tədbirlər təhsil sahəsində də müasir
ideyaların meydana çıxmasına, beynəlxalq
təcrübənin öyrənilməsinə, təhsilin forma və
məzmunca yeniləşməsinə geniş şərait yaratmışdır.
Təhsil Nazirliyi bu sahədə səmərəli təşəbbüslər
göstərmiş, yeni nəsil dərsliklərin yaradılmasına
nail olmaq üçün bütün imkanları səfərbər
etmişdir. Məhz bunun nəticəsində təlimin
məqsədlərinə uyğun olaraq müəyyən tədris
fənninin elmi əsaslarını izah edən yeni-yeni
dərsliklər tərtib olunmuşdur.
Gənc nəslin hərtərəfli şəxsiyyət kimi
formalaşmasında, onun mənəvi aləminin
zənginləşməsində, idrakının kamilləşməsində,
nitqinin inkişaf etdirilməsində ədəbiyyat
fənninin böyük rolu olduğu hamıya məlumdur. Bu
cəhətdən də ədəbiyyat ümumtəhsil məktəblərinin
tədris fənləri arasında çox mühüm yer tutur.
Azərbaycanda ədəbiyyatdan dərs vəsaitinin
hazırlanmasından bir əsrə yaxın vaxt keçir. Bu
müddət ərzində dərsliklər diqqətəlayiq inkişaf
yolu keçmişdir. İndi əlimizdə olan dərs
vəsaitləri məhz bu varislik, həmçinin beynəlxalq
təcrübə əsasında hazırlanmışdır.
Öncə pilot məktəblər üçün nəzərdə tutulmuş,
hazırda isə bütün ümumtəhsil məktəblərinin V və
VI siniflərində tədris olunan ədəbiyyat
dərslikləri (müəllifləri S.Hüseynoğlu, B.
Həsənli, Ə. Quliyev) haqqında fikirlərimizi
bölüşmək istəyirik.
Təlimin məqsədinin düzgün müəyyənləşdirilməsi
məktəbdə tədris olunan hər hansı fənn üzrə
şagirdlərə hansı biliklərin veriləcəyini və nə
həcmdə olacağını təsəvvür etməyə, birinci
dərəcəlini ikinci dərəcəlidən fərqləndirməyə və
seçməyə imkan verir.
Ədəbiyyat fənni üzrə məktəb kursunun məzmununu
düzgün müəyyənləşdirmək ədəbiyyat tədrisinin
əsas meyarlarından biri və başlıcasıdır. Bu
baxımdan, adıçəkilən dərslikləri uğurlu hesab
etmək olar. Belə ki, həmin dərsliklərə daxil
edilən mövzular şagirdlərin yaş səviyyəsinə
uyğun olmaqla yanaşı, gənc nəslin ədəbi təhsili,
tərbiyəsi, inkişafı vəzifələrinin yerinə
yetirilməsi məqsədinə yönəldilmişdir və müasir
tələblərə cavab verir. Konkret təlim
materialları, bədii nümunələrlə ətraflı tanışlıq
bir daha göstərir ki, müəlliflər şagirdlərin
mütaliəyə marağını da nəzərə almış, ədəbiyyat
dərslərinin canlı, yaradıcı keçməsi üçün möhkəm
təməl yaratmışlar. Tədris üçün seçilmiş əsərlər
öz ideya-bədii məzmunu, mənəvi-əxlaqi
problematikası ilə şagirdlərin müasir düşüncə
tərzinə malik şəxsiyyət, humanist, demokratik
dəyərlərə yiyələnmiş, ümumbəşəri dəyərlərə
hörmət bəsləyən bir insan kimi formalaşdırılması
üçün geniş imkanlar açır.
Bədii nümunələrin müasir tələblərə, şagirdlərin
qavrama xüsusiyyətlərinə uyğun olaraq daha
anlaşıqlı təqdim olunması da diqqəti cəlb edir.
Məktəbdə ədəbiyyat tədrisinin məqsədi odur ki,
şagird bədii söz sənətini dərindən dərk etsin,
oxuduğu əsəri öz səviyyəsində bədii sənətkarlıq
cəhətdən qiymətləndirməyi bacarsın. Məhz bu
baxımdan müəlliflər dərslikləri hazırlayarkən
şagirdlərə veriləcək biliyin zəruriliyini və
həcmini diqqət mərkəzində saxlamışlar.
Dərslikdə hansısa ədəbi-nəzəri problem,
sənətkarın yaradıcılıq xüsusiyyəti, bu və ya
digər bədii əsərin təhlili ardıcıl, sistemli
şəkildə aydın, sadə dillə şərh edilməli,
elmi-ədəbi faktlar bir-biri ilə üzvi şəkildə
bağlanmalıdır. Əvvəlki sonrakının izahına zəmin
hazırlamalı, sonrakı əvvəlkini tamamlamalıdır.
Məhz bu amilə əsaslanan müəlliflər hər bir
proqram materialının öyrənilməsi üçün xüsusi
əhəmiyyət kəsb edən "Mövzunun öyrənilməsinə
hazırlıq" başlıqlı mətn vermişlər. Bu mətnə
mövzunun şagirdlər tərəfindən daha fəal
mənimsənilməsinə zəmin yaradan müəllif və
əsərlə bağlı zəruri məlumat, əsərin ilkin oxusu
və qavranılması ilə bağlı izahlar, suallar daxil
edilmişdir. Mövzunun öyrənilməsi üçün hazırlıq
mətnindən sonra bilavasitə öyrənilən əsərin
mətni verilmişdir. Mətnlər pedaqoji tələblər
baxımından işlənmiş, zəruri ixtisarlar
aparılmışdır. İxtisarlar aparılarkən əsas fikir,
məzmun, ideya saxlanılmışdır ki, bu da mühüm
şərtlərdən biridir.
Mətnin məzmununun mənimsənilməsindən sonra
görüləcək işlər sual və tapşırıqlarda, "Oxuyun.
Fikirləşin. Cavab verin" bölmələrində öz əksini
tapmışdır. Sual və tapşırıqlar təsdiqləyici
deyil, düşündürücü xüsusiyyətə uyğun olaraq
hazırlanmışdır.
Məktəbliləri yaradıcı təfəkkür fəaliyyətinə cəlb
etmək üçün müəlliflər görülən işlərlə
kifayətlənməmiş, daha məqsədyönlü iş
aparılmasını təmin etmək üçün dərsliyə "Müstəqil
iş üçün", "Sinifdənxaric oxu üçün" başlıqlı
bölmələr də daxil etmişlər.
Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın əlifbasıdır.
Ədəbiyyat nəzəriyyəsini dərindən bilmədən bədii
ədəbiyyatı yaxşı öyrənmək olmaz. Adıçəkilən
dərsliklərdə layla, bayatı, tapmaca, nağıl,
şeir, peyzaj, hekayə, mövzu, yazıçı niyyəti,
süjet , təmsil, şeir vəznləri və s. haqqında
verilən mətnlər şagirdlər üçün çox faydalıdır.
Ədəbiyyat dərsliklərində interaktiv təlim
imkanlarının reallaşdırılmasına, eyni mövzu,
problem üzrə biliklərin inteqrasiya zəminində
mənimsədilməsinə mühüm tələb kimi yanaşılmışdır.
Bu məqsədlə mövzunun öyrənilməsi zamanı
fəndaxili və fənlərarası əlaqələr diqqət
mərkəzində saxlanılmış, bu istiqamətdə xüsusi
sual və tapşırıqlar sistemi işlənilmişdir.
Bundan başqa cütlərlə, qruplarla işləmək üçün
müəyyən tapşırıqlar da verilmişdir.
Dərsliklərdə ifadəli oxu ilə bağlı verilən
tapşırıq və tövsiyələr həm şagirdlərin, həm də
müəllimin fəaliyyətinin səmərəli keçməsinə
imkan yaratmışdır. Bu istiqamətdəki işin
bünövrəsi V sinfin dərsliyində qoyulmuş və VI
sinfin dərsliyində davam etdirilmişdir.
Etiraf edək ki, ibtidai sinifdən beşinciyə
adlayan şagirdlərin ifadəli oxu barədə nə
məlumatı, nə də praktik bacarığı olur. Amma
"İfadəli oxuya hazırlaşın" başlığı ilə verilən
mətnlərdən aydın olur ki, hər sözün, hər
misranın mənasını başa düşmədən, bədii mətndə
ifadə olunan hisslərə şərik çıxmadan ifadəli
oxumaq mümkün deyil. Bu mühüm fikrin şagirdlərin
başa düşəcəyi şəkildə şərhi dərsliyin
oxucularında razılıq hissi doğurur.
Pedaqoji-psixoloji tələblərlə yanaşı, dərsliyin
oxunaqlı, cəlbedici olmasında bədii tərtibatın,
poliqrafik tələblərin gözlənilməsi də mühüm
şərtdir, eyni zamanda tərbiyə vasitəsidir.
Estetika ilə üzvi şəkildə bağlıdır. Məhz
poliqrafik tələblərin gözlənilməsi insana bədii
zövq verir, onun qəlbinə incə hissləri aşılayır.
Bu baxımdan ədəbiyyat dərslikləri tərtibatı ilə
şagirdlərin zövqünü oxşamalı, onlarda ilkin
estetik zövq oyatmalı və inkişaf etdirməlidir.
Müəlliflər məhz bunu nəzərə alaraq
dərsliklərində tərtibata xüsusilə nəzər
yetirmişlər. Istər üz qabığında, istərsə də şair
və yazıçıların portretlərində, onların
əsərlərinə çəkilmiş illüstrasiyalarda diqqətli
olmuşlar. Verilmiş illüstrasiyalar məlumatlarla,
mətnlə bilavasitə əlaqəlidir və əlavə
informasiya verir.
Xəyalə QƏNBƏROVA,
Elçin MANAFOV,
Bakıdakı R.Hüseynov adına
49 nömrəli "İntellekt" məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimləri |