Dekabrın 1-dən 20-dək "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə
"Jurnalistlərin dostu" mükafatının qalibinin
müəyyənləşdirilməsi ilə bağlı kütləvi
informasiya vasitələri və jurnalist təşkilatları
arasında sorğu keçirmişdir.
Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2
jurnal, 11 informasiya agentliyi, 13 jurnalist
təşkilatı, 8 informasiya portalı, 7 televiziya
və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak
etmişdir. Mükafatın əsasnaməsinə uyğun olaraq
gündəlik qəzetlərə, televiziya kanallarına və
informasiya agentliklərinə 2, digər KİV-lərə və
jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim
olunmuşdu. Respondentlərdən "2010-cu ilin
yekunlarına görə hansı ictimai-siyasi xadimi,
vəzifəli şəxsi jurnalistlərin dostu hesab
edirsiniz" sualını cavablandırmaq xahiş
edilmişdi.
Sorğuda iştirak edən KİV-lərin 81 faizi
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən
layiqli namizəd hesab etmişdir.
Mükafatın əsasnaməsinə görə, kütləvi informasiya
vasitələrinin inkişaf etdirilməsi sahəsində
müstəsna xidmətləri olan şəxslər laureat ola
bilərlər.
Mükafatın təqdimatı ilə bağlı keçiriləcək
təntənəli mərasimə hazırlıq işləri görülür.
"RUH" AJMK-nın "Jurnalistlərin dostu"
mükafatının təsis edilməsində əsas məqsəd
cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini
inkişaf etdirmək, media ilə dövlət orqanları,
özəl qurumlar, ictimai birliklər və siyasi
partiyalar arasında əlaqələrin möhkəmlənməsinə
kömək göstərmək, KİV-lərə qayğı ənənələrini
stimullaşdırmaqdır.
1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə
2002-ci ildə ümummilli lider Heydər Əliyevə
təqdim olunmuşdur.
AzərTAc |