Dekabrın 21-də Bakıdakı 335 nömrəli körpələr
evi-uşaq bağçasında "Ekologiya ili"nə həsr
olunmuş "açıq məşğələ" keçirildi. Tərbiyəçilər
Fənurə Hacıyeva, Dilbər Rüstəmova, Nigar
Bayramova, Şəhla Vəliyeva, Nailə Hacıyeva,
Rəhimə Kazımova və musiqi rəhbəri Aygün
Quliyevanın orta, böyük və məktəbəhazırlıq yaş
qruplarının 30-dək uşağı ilə apardıqları
"Təbiəti qoruyaq" mövzusunda inteqrativ
məşğələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
nümayəndələr, paytaxtın Xətai rayonunda yerləşən
bəzi bağçaların rəhbərləri, digər qonaqlar
iştirak edirdilər.
Ədəbi-musiqili
bayram tədbiri şəklində təqdim olunan məşğələni
335 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
Sevda Almuradova açaraq qonaqları salamladı,
məşğələnin mövzusu, aparılmış hazırlıq işləri
barədə məlumat verdi. Bildirdi ki, möhtərəm
Prezidentimizin xüsusi sərəncamı ilə ölkəmizdə
elan olunmuş "Ekologiya ili" çərçivəsində
bağçada ekologiya mövzusunda silsilə tədbirlər,
"açıq məşğələ"lər keçirilib. Hazırda iştirak
etdikləri "Təbiəti qoruyaq" mövzusunda
inteqrativ "açıq məşğələ" həmin tədbirlərin bir
növ yekunudur.
Məşğələyə hazırlıq prosesində tərbiyəçilər və
uşaqların iştirakı ilə ölkəmizin ekologiyasına,
təbiətinə, qoruqlarına, "Qırmızı kitab"a,
təbiəti çirkləndirən amillərə dair məlumatlar
toplanıb, stendlər hazırlanıb. Həmin
məlumatların, stend və guşələrin əks olunduğu
slaydlar tədbir iştirakçılarına nümayiş
etdirildi.
Sonra uşaqlar "Payız gəldi" mahnısının
melodiyaları altında zala daxil olaraq dairəvi
düzülmüş stullarda öz yerlərini tutdular. Onlar
xorla Dövlət himnimizi ifa etdikdən sonra
məşğələ başlandı. Uşaqlar növbə ilə bir-bir və
qrup şəklində irəli çıxaraq ekologiyanın nə
olması, ölkəmizdə nə üçün ekologiya ili elan
olunması, ekologiyamıza mənfi təsir edən,
təbiəti çirkləndirən amillər, ekologiyanı
qorumaqla bağlı onların üzərinə düşən vəzifələr
və s. haqqında məlumat verdilər. Balaca fidanlar
ekologiya mövzusunda, vətənə, təbiətə həsr
olunmuş çoxlu şeir, mahnı ifa etdilər,
səhnəciklər göstərdilər. Tədbir böyük yaş qrupu
uşaqlarının ifasında valsla başa çatdı.
"Açıq məşğələ"nin dinləyicilərindən 257 nömrəli
körpələr evi-uşaq bağçasının müdiri Nailə
Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşları Südabə Abdullayeva, Tamilla
Useynova, şair Rəşid Təhməzoğlu və b. çıxış
edərək inteqrativ "açıq məşğələ"nin yüksək
səviyyədə keçdiyini, ekoloji tərbiyə ilə bağlı
bağçada uşaqlarla geniş iş aparıldığını,
nəticədə onlarda bu sahədə kifayət qədər aydın
təsəvvürlər formalaşdığını qeyd etdilər,
bağçanın rəhbərliyinə, tədbirin təşkilində əməyi
olanlara minnətdarlıqlarını bildirdilər, bəzi
tövsiyələr verdilər.
Yusif ƏLİYEV |