Dekabrın 12-dən 17-dək Bakı Dövlət
Universitetinin rektoru, millət vəkili, akademik
Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə
heyəti Koreya Respublikasında səfərdə olub.
Nümayəndə heyəti səfər zamanı Koreyanın aparıcı
ali təhsil ocaqlarının fəaliyyəti ilə tanış
olub və buradakı texnoparklara baş çəkib.
Koreya
Fondunun dəvəti ilə reallaşan səfər çərçivəsində
akademik Abel Məhərrrəmov Seul Milli
Texnologiyalar Universiteti, Koreya Elm və
Texnologiyalar İnstitutu, Pai Çai və Koreya
Politexnik universitetlərində bir sıra
ikitərəfli görüşlər keçirib. Görüşlərdə ali
təhsil ocaqlarının rəhbərləri azərbaycanlı
qonaqlara Koreya universitetlərinin fəaliyyəti
haqqında məlumat verib, xüsusi təqdimatlarla
çıxış ediblər. Millət vəkili, akademik Abel
Məhərrəmov son illər ölkəmizin əldə etdiyi
sosial-iqtisadi inkişaf, həyata keçirilən
irimiqyaslı layihələr və təhsil sahəsində
aparılan islahatlar barədə koreyalı həmkarlarına
ətraflı məlumat verib. Azərbaycanın aparıcı ali
təhsil ocağı olan Bakı Dövlət Universitetinin
fəaliyyətindən danışaraq, Prezident İlham
Əliyevin tapşırıqlarına əsasən, Azərbaycan
təhsilinin beynəlxalq təhsil sisteminə
inteqrasiyası məqsədilə dünyanın bir sıra
aparıcı ali təhsil ocaqlarının təcrübəsindən
yararlanmağın vacibliyini qeyd edib.
Görüşlər zamanı Bakı Dövlət Universiteti ilə
Koreya ali təhsil ocaqları arasında qarşılıqlı
əməkdaşlıq və tələbə-müəllim mübadiləsini özündə
əks etdirən bir sıra sənədlər imzalanıb.
Nümayəndə heyəti səfər çərçivəsində Koreya
universitetlərinin nəzdində fəaliyyət göstərən
texnoparkların fəaliyyəti ilə yaxından tanış
olublar. Səfər zamanı akademik Abel Məhərrəmov
Koreyada təhsil alan azərbaycanlı tələbələrlə də
görüşüb. BDU-nun rektoru tələbələrin təhsili və
qarşılaşdıqları problemlərlə maraqlanıb. Dinamik
inkişaf edən ölkəmiz üçün onların yüksək
səviyyəli mütəxəssis olmalarının vacibliyini
bildirib. Tələbələr uzaq Koreyada təhsil
almalarına baxmayaraq, hər zaman Azərbaycan
dövlətinin dəstəyini hiss etdiklərini qeyd
ediblər. 6 gün davam edən səfər zamanı Koreya
ali təhsil ocaqlarının fəaliyyəti ilə yaxından
tanış olan BDU-nun nümayəndə heyəti bu cür
səfərlərin gələcəkdə də davam etdiriləcəyini
bildiriblər.
Pərvanə İBRAHİMOVA |