Mirzəyev Kərəm Ərşad oğlu
1960-cı
il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində
anadan olub. Kəndlərindəki orta məktəbi
bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət
İnşaat Mühəndisləri İnstitutuna daxil olub.
1983-cü ildə təhsilini başa çatdıraraq Qubadlıya
qayıdıb. 1983-1985-ci illərdə sovet ordusu
sıralarında Arxangelsk və Murmansk şəhərlərində
hərbi xidmətdə olub. 1990-cı ildə Qubadlı Rayon
Polis Şöbəsində sahə müvəkkili kimi işə qəbul
edilib. Sonra gənc polis zabiti DİN-in göndərişi
ilə Kalininqrad Ali Hüquq Akademiyasında təhsil
alıb. Vətənin başının üstünü qara buludlar
alanda o da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsinə qalxıb. Kərəm
1991-ci ildə polis yoldaşları ilə birlikdə
düşmənin Gorus rayonunun Şurnuxu kəndində
yerləşən beş strateji postunu sıradan çıxarıb.
"Laləzar" əməliyyatında da onun böyük xidmətləri
olub.
K.Mirzəyev 1992-ci il oktyabrın 1-də Laçın
rayonunun Mazutlu kəndində gedən şiddətli döyüş
meydanında yoldaşlarını xilas edərkən özü
qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 11 may
1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə
Mirzəyev Kərəm Ərşad oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Qubadlı rayonunun Xanlıq kəndində dəfn olunub.
Xanlıq kənd orta məktəbi onun adını daşıyır.
Hazırda həmin məktəb Binəqədi rayonunda
fəaliyyət göstərir.
Mirzəyev
Şirin Vəli oğlu
1947-ci
il yanvarın 5-də Xankəndi şəhərində anadan olub.
N.Gəncəvi adına 4 nömrəli orta məktəbi
bitirdikdən sonra ordu sıralarına çağırılıb.
Bakıda yerləşən Daxili Qoşunlar Alayında
xidmətini başa çatdırdıqdan sonra 1967-ci ildə
Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi
Məktəbə daxil olub. 1971-ci ildə təhsilini başa
vurduqdan sonra təyinatla İrəvana göndərilib.
Beş il orada çalışdıqdan sonra iş yerini Bakıya
dəyişib. 1988-ci ildə Moskva Ali Siyasi
Akademiyasını bitirib. Öz ərizəsinə əsasən
Qarabağa-döyüş bölgəsinə göndərilən Şirin
1991-ci il oktyabrın 9-da Ağdam rayon ərazi
özünümüdafiə taboruna komandir təyin edilib. O,
qısa müddət ərzində ətrafına güclü döyüş
kontingenti toplayıb. Qazançı kəndinin erməni
işğalçılarından azad edilməsində böyük rəşadət
göstərib. Nümunəvi xidmətinə görə dəfələrlə
medal və döş nişanları ilə təltif olunub.
Ş.Mirzəyev 1992-ci ildə Qaralar kəndindən geri
qayıdarkən minaya düşərək həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16
sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı
ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Bakının
Nizami rayonunda adına küçə var. Xidmət etdiyi
hərbi hissənin həyətində abidəsi qoyulub.
Muradov Ruslan Həmid oğlu
1973-cü
il iyunun 27-də Mingəçevir şəhərində anadan
olub. 1990-cı ildə Mingəçevir şəhər 10 nömrəli
orta məktəbi bitirdikdən sonra Vitebsk şəhərində
ali məktəbə daxil olub. Amma qeyri-müəyyəm
səbəblər üzündən təhsilini yarımçıq qoyaraq
Vətənə qayıdıb, atasının çalışdığı Mingəçevir
Texniki Rezin Məmulatı Zavodunda işə düzəlib.
1992-ci il yanvarın 22-də Milli Ordu sıralarına
daxil olub. 1992-ci ilin aprelində Ağdamın
Papravənd kəndinə göndərilib. Orada həyata
keçirilən bir çox kəşfiyyatın daha uğurlu
olmasında Ruslanın da müstəsna rolu olub.
1992-ci ildə erməni işğalçıları tərəfindən
vurulmuş Azərbaycan Silahlı Qüvvələrinə məxsus
təyyarənin pilotunu xilas etmək üçün bir neçə
döyüşçü yoldaşı ilə birlikdə keçirilən əməliyyat
zamanı mühasirəyə düşüb. Amma böyük əzmkarlıqla
mühasirəni yararaq təyyarəçiləri azad edib.
R.Muradov 1992-ci il avqustun 22-də Ağdam
rayonunun Gülyataq kəndinin azad olunması
uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr
1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə
Muradov Ruslan Həmid oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Vaxtilə təhsil aldığı orta məktəb indi
onun adını daşıyır. Məktəbdə büstü qoyulub.
Muradov Hikmət Oqtay oğlu
1969-cu
il yanvarın 23-də Bakı şəhərində anadan olub.
1976-cı ildə paytaxtdakı 190 nömrəli orta
məktəbin birinci sinfinə gedib, 1986-cı ildə
həmin məktəbi bitirib. Elə həmin ildə də
Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olub,
1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə
bitirib. Hikmət sonra Kiyev Ali Mülki Aviasiya
İnstitutunun qiyabi şöbəsinə daxil olub. O, eyni
zamanda Yevlax Hava Yollarında 2-ci pilot kimi
fəaliyyətə başlayib.1991-ci il oktyabrın 29-da
Xocalı rayonunun Xanabad kəndi ərazisində xüsusi
tapşırıqla xidməti borcunu yerinə yetirdiyi vaxt
idarə etdiyi AN-2 təyyarəsi erməni
işğalçılarının aramsız raket atəşləri
nəticəsində ciddi zədə alıb.
H.Muradov həmin vaxt vəziyyətin gərgin olduğunu
görüb təyyarəni və ekipajı təhlükəsiz yerə
çatdırmaq istəsə də, yenidən düşmən atəşinə
məruz qalaraq qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr
1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə
Muradov Hikmət Oqtay oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə
oxuduğu 190 nömrəli orta məktəbdə barelyefi
vurulub.
Murtuzəliyev Sergey Murtuzəli oğlu
1963-cü
il noyabrın 17-də Bakının Pirallahı qəsəbəsində
anadan olub. Qəsəbələrindəki orta məktəbi
bitirdikdən sonra təyyarəçi olmaq arzusu onu
Yeysk Ali Hərbi Aviasiya məktəbinə aparıb.
Sergey burada təhsilini başa çatdırdıqdan sonra
bir müddət Rusiyada işləyib, daha sonra
Azərbaycana qayıdaraq Kürdəmirdəki Hərbi
Aviasiya alayında xidmət etməyə başlayıb. O,
polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.
Qarabağa - cəbhə bölgəsinə ilk uçuş edən
təyyarəçilərdən biri Sergey olub. Onun idarə
etdiyi təyyarə erməni yaraqlıları tərəfindən iki
dəfə vurulmasına baxmayaraq, o, dəfələrlə cəbhə
bölgəsinə uçuşlar edərək əhalinin təhlükəsiz
yerlərə köçürülməsində böyük şücaət göstərib.
S.Murtuzəliyev 1993-cü il avqustun 30-da təlim
uçuşu zamanı qəzaya uğrayaraq həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16
sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı
ilə polkovnik-leytenant Murtuzəliyev Sergey
Murtuzəli oğlu ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Sergey Dərbənd şəhərinin Darğuş kəndində dəfn
olunub. Kürdəmir Hərbi Aviasiya alayında büstü
qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |