Dekabrın 17-də Bakı Dövlət Universitetinin və
Bakı Təhsil Məlumat Mərkəzinin birgə
təşkilatçılığı ilə BDU-da "Xaricdə təhsil"
sərgisi keçirilib.
Tədbiri
giriş sözü ilə açan BDU-nun elmi işlər üzrə
prorektoru, professor İsmayıl Əliyev
Azərbaycanın elm və təhsil sisteminin sürətlə
inkişaf etdiyini və dünya təhsil sisteminə
inteqrasiya olunduğunu bildirdi. O, "Xaricdə
təhsil" sərgisinin məqsədinin bütün maraq
göstərən şəxslərə və təşkilatlara gənclərin
xaricdə təhsil almaq imkanları haqqında lazımi
məlumat verməkdən ibarət olduğunu nəzərə
çatdırdı.
Sonra söz təhsil nazirinin müavini Elmar
Qasımova verildi. Nazir müavini belə sərgilərin
keçirilməsinin böyük əhəmiyyət daşıdığını və
Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyini
vurğuladı. E.Qasımov qeyd etdi ki, sərgilər
azərbaycanlı tələbələrin xarici ölkələrin təhsil
müəssisələrini seçmələrində böyük rol oynayır.
E.Qasımov qeyd etdi ki, xaricdə müxtəlif
proqramlar üzrə təhsil almaq istəyən Azərbaycan
vətəndaşları bu sərgi vasitəsilə istək və
imkanlarına uyğun tədris müəssisələri ilə
əlaqələrini sərbəst şəkildə qura biləcəklər.
Təhsil Nazirliyi xaricdə təhsillə bağlı Dövlət
proqramı çərçivəsində vətəndaşlara hər cür
yardım göstərməyə hazırdır. O, tələbələrimizin
xaricdə daha aktiv şəkildə təhsil alacaqlarına
və gələcəkdə yüksək ixtisaslı kadrlar kimi
vətənə qayıdaraq respublikamızın inkişafına
töhfələr verəcəklərinə ümidvar olduğunu
bildirdi.
Tədbirdə iştirak edən 20-dən artıq müəssisənin
nümayəndələri öz təhsil proqramları və
fəaliyyətləri haqqında məlumat verərək, sərgi
iştirakçılarını materiallarla və bukletlərlə
təmin etdilər.
Niyazi RƏHİMOV |