|
Yerləşir: |
Fransa, Paris şəhəri, Palezo qəsəbəsi
|
|
|
Yaranma tarixi: |
Yaranma tarixi: 1794-cü il |
Tipi: |
Dövlət |
Müəllimlərin ümumi sayı: |
660 nəfər |
Tələbələrin sayı: |
2690 nəfər |
İllik büdcəsi: |
172 milyon avro (2010) |
Rəsmi saytı: |
www.polytechnique.fr |
Fransa
Politexnik Məktəbi (fransızca Ecole
Polytechnique "X") Fransanın paytaxtı Paris
şəhərinin cənubunda Palezo adlanan şəhərətrafı
qəsəbədə yerləşir. Böyük Britaniyanın "Times
Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə
əsasən, Fransa Politexnik Məktəbi 100 ən yaxşı
ali məktəb arasında 36-cı yerdə sıralanıb.
Fransa Politexnik Məktəbini, adətən, "İks" (X),
tələbələrini isə "ikslər" adlandırırlar. Bunu
məktəbin daha çox riyaziyyat yönümlü olması və
gerbində iki çarpazlaşdırılmış topun əks
edilməsi ilə əlaqələndirirlər. Fransa Politexnik
Məktəbi Fransanın Müdafiə Nazirliyinin
tabeliyində fəaliyyət göstərir. Ali məktəb
hazırda hərbi akademiya olmasa da, ona general
rəhbərlik edir. Məktəbin tələbələrinə hərbi
hazırlıq dərsləri keçilir. Buna baxmayaraq
məktəbin hərbi yönümlülüyü və bu sahədə karyera
əldə edən tələbələrin sayı getdikcə azalır.
Təntənəli tədbirlərdə tələbələr, XIX əsrdə
olduğu kimi, hərbi uniforma - üçkünc şlyapa,
bikorne (Avropa hərbi-dəniz zabitlərinin geyim
forması, daha çox Napoleon ordusunda geyilib)
geyinərək paradlarda iştirak edirlər. 1980-ci
ilin ortalarından tələbələrin dərslərdə uniforma
geyinmək tələbi aradan qaldırılır.
Fransa Politexnik Məktəbi "Politexnik
mühəndisi" adı ilə məşhur olan mühəndislik
proqramları ilə tanınır.
Büdcə və təhsil haqqı
Fransada yerli tələbələr üçün təhsil pulsuzdur.
Burada yerli və əcnəbi tələbələr "Tələbə fondu"
tərəfindən təqaüdlər alır. Tələbələrin təqaüdü
orta hesabla ayda 830 avro təşkil edir. Maddi
durumu çətin olan tələbələrə Sosial fond
tərəfindən ayda əlavə 500 avro təklif olunur.
Dünyanın bir çox universitetlərində olduğu kimi,
burada da bir neçə təqaüd formaları var. Əcnəbi
tələbələr təqaüd almaq üçün ölkələrinin
Fransadakı səfirliklərinə də müraciət edə
bilərlər.
2009-cu
ildə Fransa Politexnik Məktəbinin illik
gəlirləri, təxminən, 85 milyon avro təşkil edib.
Bu məbləğin 61 milyonu dövlət subsidiyası, 2,9
milyonu sazişlər, 2,2 milyonu təhsil haqqı,
qalanları isə digər vəsaitlər hesabına əldə
olunan gəlirlərdir.
Həmin il ali məktəbin illik xərcləri isə,
təxminən, 90 milyon avroya bərabər olub.
Xərclərin 52 milyonunu müxtəlif xidmətlər, 5,9
milyonunu kommunal xərclər, 3,6 milyonunu
tikinti xərcləri, qalanlarını isə digər xərclər
təşkil edib.
2009-cu ildə Fransa Politexnik Məktəbi
tədqiqatlar aparmaq üçün 12 milyon avro
xərcləyib. 2010-cu il üçün ali məktəbin illik
büdcəsi 172 milyon avro təşkil edir.
Tarixi
Fransa İnqilabından sonra 1794-cü il iyulun
11-də İctimai Qurtuluş Komitəsi Dövlət İşləri
Komitəsini toplayaraq yeni məktəb yaradılması
haqqında qərar qəbul edir. Təhsil müəssisəsinə
Dövlət Qulluğu Məktəbi adı verilir və
Pale-Burbon binasında yerləşdirilir. Burada dərs
demək üçün ölkənin ən görkəmli alimləri seçilir,
şagirdlər isə bütün Fransa üzrə keçirilən
müsabiqə yolu ilə qəbul olunur. Məktəbdə ilk
dərs 1794-cü il dekabrın 21-də keçilir.
Şagirdlər maddi çətinlik çəkməsinlər deyə
onların Parisə gəlmək üçün yol xərcləri
ödənilir, 900 frank məbləğində isə təqaüd
verilir. Məktəbin fəaliyyətinin birinci ilində
bura müxtəlif yaşda və savadda 400 nəfər şagird
qəbul olunur. İlk üç ay onlara "inqilab
dərsləri" keçilir, təhsil iki il davam edir.
1795-ci ilin sentyabrında Dövlət Qulluğu
Məktəbinin adı dəyişdirilərək Politexnik Məktəb
olur. Məktəbin məqsədi şagirdlərə riyaziyyat,
fizika və kimya yönümlü mükəmməl təhsil verərək
onları xüsusi dövlət qulluğu ali təhsil ocaqları
olan Artilleriya və Mühəndislik, Şaxta, Körpü və
Yollar məktəblərinə hazırlamaqdan ibarət idi.
1784-1804-cü illər ərzində Politexnik Məktəbini
riyaziyyatçılar Simeon-Deni Puasson, Lui Puanso,
fiziklər Jan-Batist Bio, Oqüsten Frenel, kimyaçı
Lui-Hey Lüssak, astronom Fransua Araqo və s.
kimi dahi alimlər bitirir. Fransa imperatoru
Napoleon Bonapart Misirə elmi-hərbi
ekspedisiyası zamanı özü ilə Politexnik
Məktəbin müəllimləri Qaspar Monj və Lui
Bertolleni, eləcə də 42 nəfər tələbəni
götürdükdən sonra məktəbinin şöhrəti daha da
artır. 1804-cü ildə Napoleon Bonapart məktəbə
hərbi status verir və "Vətən, Elm və Şöhrət
üçün" şüarı müəyyən edir.
I
Dünya müharibəsi zamanı məktəb hospitala
çevrilir və burada yaralılar müalicə edilir.
Məktəbin 200 tələbəsi müharibədə həlak olur. II
Dünya müharibəsi dövründə isə Politexnik Məktəbi
azad (müharibə getməyən) zona olan Liona köçür.
Müharibə bitdikdən sonra ali təhsil ocağı
tədricən bərpa olunmağa və ölkəsinə xidməti
davam etdirməyə başlayır. 1970-ci ildə məktəb
Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət
göstərən dövlət müəssisəsinə çevrilir. 1972-ci
ildən Politexnik Məktəbə qızlar qəbul edilir.
1976-cı ildə məktəb təəssüflə Sent-Jenevyev
dağını tərk edir və Parisin cənub-qərbindəki
Palezo şəhərətrafı qəsəbəsində geniş və rahat
binaya köçürülür. Məktəbdə yeni-yeni elmi
tədqiqatlar aparılır, tədrisin səviyyəsi
yüksəlir.
1985-ci ildən Politexnik Məktəbdə elmi dərəcələr
verilməyə başlanılır. Politexnik Məktəbdə Fransa
dövlətinə qulluqçular hazırlandığı üçün burada
təkcə Fransa vətəndaşları təhsil alır. Yalnız
1995-ci ildən başlayaraq ali məktəbə müsabiqə
yolu ilə əcnəbi tələbələr qəbul edilir. 2000-ci
ildə Politexnik Məktəbdə tədris islahatları
aparılır və 4 illik təhsil qəbul olunur. 2005-ci
ildən isə ali məktəbdə magistr dərəcəsi verilir.
Universitet bu gün
Fransa Politexnik Məktəbinin şəhərciyi Parisdən
15 km aralıda 164 hektarlıq ərazidə Palezoda
yerləşir. Ali məktəbin kampusu Plato de Saclay
adlanır. Şəhərcikdə akademik binalar, yataqxana,
yeməkxana və mehmanxanalar, bərbərxanalar, idman
kompleksləri, yanğın idarəsi, üç bank, poçt
bölməsi, terminal stansiya və s. mövcuddur.
Kampus daxilində xüsusi avtobuslar və digər
nəqliyyat vasitələri tələbə və müəllimlərə
xidmətlər göstərir.
Fransa Politexnik Məktəbinin nəzdində Biologiya,
Kimya, Riyaziyyat, Tətbiqi riyaziyyat, Mexanika,
Fizika, İqtisadiyyat, Kompüter elmləri,
Humanitar və sosial elmlər, Dil, mədəniyyət və
kommunikasiya departamentləri, eləcə də bir Ali
Məktəb fəaliyyət göstərir.
Fransa
Politexnik Məktəbinə tələbələr müsabiqə yolu ilə
qəbul olunur. Məktəbə qəbul olmaq istəyən əcnəbi
tələbələrin lazımi səviyyədə TOEFL nəticələri
olmalıdır. Bakalavr təhsili 4 il, magistr
təhsili isə (19 ixtisas üzrə) 2 il davam edir.
Fransa Politexnik Məktəbinin nəzdində fəaliyyət
göstərən Ali Məktəb müxtəlif magistr proqramları
təklif edir: tətbiqi riyaziyyat (riyaziyyat və
modelləşdirmə), ehtimal nəzəriyyəsi, molekulyar
kimya, mürəkkəb informasiya sistemləri, kompüter
elmləri, iqtisadi analiz, siyasət, mexanika,
molekulyar və hüceyrə biologiyası, fizika, atom
enerjisi və s. Məktəbdə doktorluq dərəcəsi də
təklif edilir. Doktorantura pilləsində hazırda
490 nəfər təhsil alır. Onlar məktəbin sənaye
müəssisələrində çalışır və 22 laboratoriyasında
elmi-tədqiqatlar aparır.
Bakalavr pilləsində tədrisin ilk iki ili ümumi
təhsilə ayrılır. Birinci kursda tədris planına
əsasən tələbələrə fənn seçimi imkanı yaradılır.
İkinci kursda tələbələr 8 fəndən 6-sını seçir.
Dəqiq elmlər üzrə ixtisas alanlar riyaziyyat,
tətbiqi riyaziyyat, mexanika, kompüter elmləri,
biologiya, fizika, kimya, iqtisadiyyat,
humanitar sahə üzrə ixtisas alanlar isə xarici
dillər və ümumi humanitar sahələr üzrə
çoxçeşidli tədqiqatlar aparır.
Məktəbdə təhsil alan tələbələr birinci il 8 ay
müddətində hərbi hazırlıq proqramı keçir.
Əvvəllər bu müddət 12 ay davam edirdi. Bütün
tələbələr Barseloneta adlı poliqonda bir aylıq
məşq edir. Ayın sonunda onlar piyada, suda
(dəniz), hərbi hava qüvvələrində qulluq üçün
qızıl medalla təltif edilirlər. Bütöv qulluq
üçün hazırlanan tələbələr Fransa hərbi
məktəblərində 2 ay təcrübə keçir. Məktəbin hərbi
statusu olduğu üçün tələbələr hərbi forma
geyərək bütün hərbi paradlarda və bayram
tədbirlərində iştirak edir.
Təhsillərinin üçüncü ilində tələbələr 20 proqram
arasında seçim edir və tədqiqatlara xüsusi
diqqət ayrılır. Kurs 3-5 ay davam edən təcrübə
ilə tamamlanır. Energetika, nəqliyyat, sabit
inkişaf və s. mühəndislik sahələrinə xüsusi
diqqət ayrılır. Ali məktəbin məqsədi
tələbələrinə XXI əsr elmləri üzrə xüsusi
hazırlıq keçməkdir.
Təhsillərinin 4-cü ilində tələbələr xüsusi
tədqiqatlarla məşğul olur, həmçinin magistratura
pilləsinə, ölkənin və xarici dövlətlərin digər
universitetlərinə hazırlaşırlar. Tələbələr
xüsusi ilə ABŞ universitetlərinə qəbul olunmağa
can atırlar. Ümumilikdə, Fransa Politexnik
Məktəbi ilə dünya universitetləri arasında
158-dən çox beynəlxalq saziş imzalanıb.
Fransa
Politexnik Məktəbinin kitabxanası 1794-cü ildə
yaradılıb və zəngin ensiklopedik kolleksiyaya
(xüsusilə fundamental elmlər üzrə) malikdir.
Kitabxanaya 300000 cild kitab, 2709 dövri nəşr,
182804 monoqrafiya, 5317 elektron jurnal, 788
elektron kitab, 6 verilənlər bazası, 141 onlayn
lüğət və s. daxildir. İnternet vasitəsilə
kitabxana oxucularına çoxlu sayda kitab, jurnal,
ensiklopediya və lüğət, dissertasiya, verilənlər
bazası və elektron resurs təqdim edir. Kitabxana
texniki xidmətlə yanaşı, zəngin ədəbi irs,
çoxsahəli təhsil, fundamental sənədlər
toplanılan elm mərkəzi kimi fəaliyyət göstərir.
2008-ci ildən Fransa Politexnik Məktəbinin
prezidenti xanım Marion Guilloudur. Məktəbin
direktoru isə general Xavier Mişeldir. Fransa
Politexnik Məktəbində 660 nəfər müəllim çalışır.
Onların 14-ü Fransa Elmlər Akademiyasının
üzvüdür, 19% isə əcnəbi müəllimlərdir.
Müəllimlərin 350 nəfəri professordur. Məktəbdə
640 nəfər tədqiqatçı fəaliyyət göstərir.
Fransanın digər dövlət universitetlərindən
fərqli olaraq Politexnik Məktəbin müəllimləri
dövlət vəzifələrində xidmət etmirlər.
Hazırda Fransa Politexnik Məktəbində ümumilikdə
2690 tələbə təhsil alır. Onların 2000 nəfərini
bakalavr, 200 nəfərini magistr, 490 nəfərini isə
doktorantlar təşkil edir. Məktəbdə 64 millətin
nümayəndəsi olan 700 tələbə oxuyur. Əcnəbi
tələbələrin əksəriyyəti Livan, Mərakeş, Tunis,
Braziliya, Çili, Ekvador, Çin, Vyetnam, İran,
Rumıniya, Rusiya, Sinqapurdan olan şəxslərdir.
Politexnik Məktəbdə ümumilikdə "Bina"
adlandırılan 100-dən çox tələbə təşkilatı
fəaliyyət göstərir.
Fransa Politexnik Məktəbinin yataqxanaları hər
bir şəraitlə təmin olunub. Evli tələbələr üçün
ayrıca iki bina mövcuddur. Məktəbin ən tanınmış
yataqxanalarından La Pacaterie, Les Jardins de
Fleming, Les Rives de l'Yvette, le Bosquet, Jean
Zay, Chatenay-Malabry rezidensiyalarını qeyd
etmək olar.
Politexnik Məktəbdə doktorant, müəllim, hərbiçi,
kampusda təşkil olunan seminarlarda iştirak
etmək üçün bura gələn digər ailəli şəxslərin
qısa müddətə qalmaqları üçün qonaq evləri var.
Məktəbin yeməkxana və restoranları bütün ilboyu
açıq olur və gündə üç dəfə tələbə və əməkdaşlara
zəngin çeşiddə yeməklər təklif edir.
Məktəbin ictimai fəaliyyət komitəsi tədbirlərin,
ekskursiyaların, sosial tədbirlərin təşkilinə
nəzarət edir. Tibbi-psixoloji Mərkəz kampusun
mərkəzində yerləşir və tələbə və müəllimlərə
tibbi xidmətlər təklif edir. Məktəbdə üç keşiş
(protestant, katolik və yəhudi dini) tələbə və
müəllimlərin xidmətindədir.
Fransa Politexnik Məktəbi qlobal
elmi-tədqiqatlar aparılan təhsil müəssisəsi
olaraq qədim ənənələrinə sadiq qalır. Artıq 200
ildən çoxdur ki, Politexnik Məktəb Fransa
mühəndislik məktəbləri arasında ən birinci
sıradadır. Bu da məktəbin müəllimlərinin,
tələbələrinin, tədqiqatçılarının yüksək
səviyyəli biliyə, təcrübəyə və yeni-yeni
nailiyyətlər əldə etmək həvəsinə malik
olmalarından irəli gəlir.
Bütün fəaliyyəti ərzində universitet dünyaya
çoxlu sayda görkəmli şəxsiyyətlər bəxş edib.
Onların hamısını bir adla qeyd edərək demək olar
ki, "İks"lər texnoloji tərəqqinin bütün
sahələrində - atom enerjisinin işlənməsi,
kosmosun fəthi, telekommunikasiya, ən müasir
nəqliyyat və s. üzrə xüsusi xidmətlər
göstəriblər. Onlar özəl və dövlət elmi-tədqiqat
təşkilatlarında çalışaraq bütün böyük milli və
beynəlxalq layihələrdə iştirak edir, sənaye,
xidmət, siyasət, mədəniyyət, idman və digər
sahələr üzrə öz töhfələrini verməyə davam edir.
Universitetin məşhur məzunları
|
Mari Fransua Sadi Karno |
Fransanın sabiq prezidenti |
|
|
Albert Lebern |
Fransanın sabiq prezidenti |
|
|
Valeri Jiskar dTEsten |
Fransanın sabiq prezidenti və maliyyə
naziri |
|
|
Frensis Mer |
sabiq maliyyə naziri |
|
|
Konrad Şlyumberje |
"Schlumberger" kampaniyasının yaradıcısı |
|
|
Mauris Allais |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Henri Becquerel |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Jozef Joffr, Ferdinand Foş |
marşallar |
|
|
Fransua Jan Araqo |
dahi fizik və astronom |
|
|
Oqüst Kont |
dahi filosof və sosioloq |
|
|
Jak Attali |
filosof və iqtisadçı |
|
|
Jan Fransua Klervoy |
məşhur astronavt |
|
|
Filipp Perrin |
məşhur astronavt |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |