Naxçıvan Dövlət Universitetində xarici
tələbələrin məzun günü qeyd olundu.
Tədbirdə giriş sözü ilə çıxış edən universitetin
rektoru, akademik İsa Həbibbəyli universitet
həyatında artıq ənənə halını alan belə
tədbirlərin əhəmiyyətini vurğuladı, Türkiyə -
Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrindən
danışdı. Qeyd olundu ki, universitetimiz uzun
illərdir Türkiyə Cümhuriyyətinin bir sıra ali
məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq
edir, qardaş ölkə universitetlərinin elm,
təhsil, İKT sahəsindəki təcrübələrini öyrənir.
Vurğulandı ki, universitetdə dünyanın 10
müxtəlif ölkəsindən təhsil alan 245 xarici
tələbədən 207-si bakalavr, 20-si isə magistr
olmaqla türkiyəli tələbələrdir ki, onların da
92 nəfəri bu il məzun olaraq işgüzar həyata
atılacaqlar. Rektor bütün məzunlara uğurlar
dilədi.
Tədbirdə iştirak edən Türkiyə
Cümhuriyyətinin muxtar respublikadakı baş
konsulu Ayhan Enginar da çıxış edərək
məzunlara burada qazandıqları bilikləri,
dəyərləri gələcək həyatlarında tətbiq
etməyi, qoruyub saxlamağı tövsiyə etdi.
Tarix-filologiya fakültəsinin dekanı, filologiya
elmləri namizədi, dosent, Naxçıvan MR-in əməkdar
müəllimi İman Cəfərov, incəsənət fakültəsinin
musiqişünaslıq ixtisası üzrə II kurs tələbəsi
Rumiyə Qasımova, xarici tələbələr adından
tarix ixtisası üzrə hazırlıq kursunun
dinləyicisi, koreyalı Myongga Yaung, beynəlxalq
münasibətlər ixtisası üzrə I kurs tələbəsi
Khairuz Zaman məzun-tələbələrə səmimi
təbriklərini çatdırdılar. Məzunlar adından
çıxış edən fizika - riyaziyyat fakültəsinin
fizika ixtisasının məzunu Şahinduran Çingiz
universitetdə təhsil aldıqları müddətdə əhatə
olunduqları hərtərəfli diqqət və qayğıya,
onlar üçün yaradılan şəraitə görə
minnətdarlıqlarını ifadə etdi. Sonra bir qrup
məzuna universitet rəhbərliyi adından xatirə
hədiyyələri təqdim olundu.
Tədbir tələbə rəqs qrupunun ifasında yallı
və digər rəqs nömrələri ilə yekunlaşdı.
Nərmin CƏFƏROVA |