Azərbaycan Dövlət Universitetini bitirdiyim
1969-cu ildən bu günədək mətbuatdayam. Mənim bir
jurnalist kimi bəxtim onda gətirdi ki,
respublika mətbuatında əmək fəaliyyətimin təməli
xeyirxah insanların əlləri ilə qoyuldu. O
xeyirxah insanlar professor, respublikanın
əməkdar müəllimi Tofiq Rəsulov və görkəmli
yazıçı-jurnalist Cəmil Əlibəyovdur. O vaxt Tofiq
müəllim Azərbaycan KP MK-da işləyirdi, Cəmil
müəllim isə "Azərbaycan gəncləri" qəzetinin
redaktoru idi.
Bu
iki dostun birgə qayğısı məni beləcə respublika
mətbuatına bağladı. Və mən, əslində, onların
simasında böyük xeyirxahlığın nə demək olduğunu
gördüm. Bu qayğı mənim taleyimdə əsas rol
oynadı. Hansı mətbuatda rəhbər vəzifədə
işləmişəmsə, Cəmil müəllim kimi olmağa
çalışmışam. Hansısa problemlə üz-üzə qalmış
insan görmüşəmsə, Tofiq müəllim kimi yaxşılıq
etməyə səy göstərmişəm.
Məni Tofiq müəllimlə atam Əhməd kişi 40 il öncə
tanış etmişdi. Atalarımız çox mehriban dost
olmuşdular. O vaxt Tofiq müəllim - məndən 20 yaş
böyük olan bu gözəl insan boynumu qucaqlayıb
demişdi: "Gəl, biz də atalarımız kimi yaxşı dost
olaq!". Bu, onun sadəliyindən irəli gəlirdi.
Tofiq müəllimi çox istəyirəm. O, həqiqi ziyalı,
son dərəcə səmimi insandır. Bu il mayın 22-də 80
yaşını qeyd edəcəyik. Müdrikliyindən, ürəyinin
saflığındandır ki, öz gümrahlığı ilə bizi
sevindirə bilir, onun varlığı qohumlar və
dostlar üçün Allahdan arzulanan şirin bir
diləkdir.
Tofiq Əli oğlu Rəsulov 1930-cu ildə Gədəbəy
rayonunun Düz Rəsullu kəndində doğulmuşdur.
1947-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbə
orta məktəbini bitirib həmin ildə də Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinin
fəlsəfə şöbəsinə daxil olmuşdur. Universiteti
bitirdikdən sonra, 1952-ci ildə Gəncə Dövlət
Pedaqoji İnstitutunda kabinet müdiri vəzifəsində
əmək fəaliyyətinə başlamış, 1954-57-ci illərdə
SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasında
təhsil almış, 1958-ci ildə namizədlik
dissertasiyası müdafiə etmiş, 1958-61-ci illərdə
Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və
Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi
işçi vəzifələrində çalışmışdır. 1961-62-ci
illərdə Azərbaycan KP MK-da mühazirəçi,
1962-66-cı illərdə "Azərbaycan kommunisti"
jurnalı baş redaktorunun müavini, 1966-69-cu
illərdə Bakı Ali Partiya Məktəbinin Fəlsəfə
kafedrasının dosenti vəzifələrində işləmişdir.
1969-cu ilin sentyabrında irəli çəkilərək
Azərbaycan KP MK-da mühazirəçilər qrupunun
rəhbəri təyin olunmuşdur. 1981-ci ildə Bakı Ali
Partiya Məktəbinin Fəlsəfə kafedrasının müdiri
seçilmişdir. Hazırda Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Fəlsəfə və sosial psixologiya
kafedrasının müdiridir.
Tofiq Rəsulov həm gözəl müəllim, həm də gözəl
tədqiqatçıdır. Tələbələrinə fəlsəfəni sevdirməyi
bacarır. Onun elmi-tədqiqat fəaliyyəti fəlsəfə
tarixi, sosiologiya, insan və cəmiyyət,
demokratik cəmiyyət quruculuğu prosesində dövlət
idarəçiliyinin mənəvi əsasları probleminin
işlənilməsinə həsr olunmuşdur. O, ümumi həcmi 90
çap vərəqi təşkil edən 80-dən artıq elmi məqalə,
tədris-metodik vəsait, monoqrafiya və kitabların
müəllifidir. Çoxsaylı əsərlərin elmi
redaktorudur.
Professor Tofiq Rəsulov Azərbaycanda pozitivizm
fəlsəfəsi və sosiologiyasının tədqiqi sahəsində
ilk müəlliflərdən biridir. Pozitivizmin baniləri
O. Kontun, H.Spenserin yaradıcılıqlarına dair
bir sıra məqalələr ona məxsusdur. 1960-cı ildə
çap olunmuş monoqrafiyasında o, pozitivizmin
tarixi formalarını, xüsusən neopozitivizmi
nəzərdən keçirir. O zamanlar bu məsələlərin
məzmununa tənqidi yanaşılırdı. Bu səpgidə
T.Rəsulov tərəfindən Moskvada çıxan "Voprosı
filosofii" jurnalının 1956-cı il 6-cı sayında
dərc olunmuş "Pitirim Sorokinin türkiyəli
həmfikri" məqaləsi indi də maraq doğurur. Burada
İstanbul Universitetinin professoru Nurettin
Sazi Kösemihalın "Sosiologiya tarixi" kitabında
şərh olunmuş sosioloji cərəyanlar, xüsusilə
"İktisadi okul" başlığı altında verilmiş Marksın
baxışlarının Qərb sosiologiyasının XX əsrdə
görkəmli nəzəriyyəçisi, Rusiya mənşəli Pitirim
Sorokinin "Müasir sosioloji cərəyanlar" adlı
kitabı ilə səsləşməsi, onunla həmfikir olması
işıqlandırılır. O zamanlar üçün türk sosioloqu
və professorunun əsərini "Voprosı filosofii"
jurnalının oxucularına təqdim etmək xüsusi
dəyərləndirilməlidir.
Professor Tofiq Rəsulovun təltifləri çoxdur.
Lakin onun üçün ən əzizi "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri adıdır.
Bu ad ona çox yaraşır. Tofiq Rəsulov kimi təmiz,
xeyirxah insanlara bu gün daha böyük ehtiyac
vardır. Ona 80 yaşın mübarək deyib, yüz ildən
çox ömür sürməyini arzulayıram!
Məhəmməd BAHARLI |