İKT informasiya mərkəzindən bildirmişlər ki,
"Elektron təhsil" respublika müsabiqəsinə 347
layihə təqdim olunmuşdur.
Müsabiqə
"Microsoft Azərbaycan" şirkəti, "İntel"
korporasiyasının "Gələcək üçün təhsil" proqramı,
"AZEDUNET", "Ultra", "Azerfon-Vodafone", HP
şirkətləri, "Mədəd" təşkilatı tərəfindən
dəstəklənir.
Müsabiqə "Müasir məktəbdə elektron tədris
resursları" və "Təhsildə İnternet
texnologiyaları" istiqamətləri üzrə təşkil
olunmuşdur.
"Müasir məktəbdə elektron tədris resursları"
istiqaməti üzrə "Fənlərin tədrisində İT-dən
istifadə üzrə ən yaxşı metodika" nominasiyası
üzrə 119, "İbtidai təhsil sistemində İT-dən
istifadə üzrə ən yaxşı metodika" nominasiyası
üzrə 63, "Elektron tədris vəsaitlərindən
istifadə edilməklə qurulan tədris prosesinin ən
yaxşı modeli" nominasiyası üzrə 124 layihə,
"Təhsildə İnternet texnologiyaları"
istiqamətinin "Təhsildə İnternet resursları"
nominasiyası üzrə 23, "Müəllimlərin bloqları"
nominasiyası üzrə isə 11 layihə təqdim
edilmişdir.
Müsabiqənin əsas məqsədi tədris prosesində
elektron tədris resurslarından, İnternet
texnologiyalarından istifadəni
populyarlaşdırmaq, bu sahədə təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris
məqsədləri üçün İnternetdən istifadənin yeni
formalarını üzə çıxarmaq, dərs prosesində
informasiya texnologiyalarından fəal istifadə
edən müəllimləri həvəsləndirməkdir.
İki mərhələdə keçirilən səsverməni Təhsil
Nazirliyi tərəfindən peşəkarlardan və
mütəxəssislərdən formalaşdırılan münsiflər
heyəti aparacaqdır. Müsabiqədə 5 nominasiyanın
hər biri üzrə qalib gələnlərə noutbuklar,
netbuklar və digər mükafatlar təqdim
olunacaqdır.
AzərTAc
|