Qonaqları
səmimi salamlayan təhsil naziri öncə Misirlə
Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz
açaraq təhsil sahəsində mövcud olan geniş
əməkdaşlıq istiqamətlərindən danışıb.
Nazir bildirib ki, qədim tarixi köklərə malik
olan Azərbaycan-Misir əlaqələri, başqa sahələrdə
olduğu kimi, təhsil sahəsində də yüksələn xətt
üzrə inkişaf etməkdədir. Misir Ərəb Respublikası
ilə təhsil əlaqələrinin müxtəlif istiqamətlər
üzrə aparıldığını qeyd edən nazir tələbə
mübadiləsi məsələsinə də toxunub. Misir Mərdanov
bildirib ki, hazırda ölkəmizin ali məktəblərində
29 nəfər Misir Ərəb Respublikasının vətəndaşı
təhsil alır, onlardan 26-sı magistratura və
aspirantura səviyyələrində dövlət xətti ilə
oxuyur. Eyni zamanda nazir Misir tərəfinin
2010-2011-ci tədris ilində daha 11 vətəndaşının
Azərbaycanda dövlət xətti üzrə təhsil alması
təklifi ilə Təhsil Nazirliyinə müraciət etdiyini
diqqətə çatdırıb. Misir Mərdanov məlumat verib
ki, bu ölkənin ali məktəblərində 21 azərbaycanlı
tələbə təhsil alır. Nazir ali təhsil
müəssisələri arasında qurulan əməkdaşlıqdan da
söz açıb, bir müddət öncə əldə edilən müvafiq
razılaşmaya əsasən Azərbaycan Dövlət Neft
Akademiyasının Misir Ərəb Respublikasında
filialının açılması üzrə məsələyə də toxunub.
Misir Mərdanov iki ölkə arasındakı əlaqələrdə
təhsil sahəsinin böyük rolu olduğunu önə
çəkərək Misir Ərəb Respublikasının ali təhsil
nazirinin birinci müavininin Azərbaycana
səfərinin bu əməkdaşlığın daha da
genişləndirilməsinə öz töhfəsini verəcəyini
əminliklə vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir
Sabir Əbdülqədir Mənsur ölkələr arasındakı
ikitərəfli təhsil əlaqələrinin səmərəliliyinin
artırılması və daha da inkişaf etdirilməsi
baxımından görülən işləri qeyd edib, tələbə
mübadiləsinin genişləndirilməsindən və bu
istiqamətdə nəzərdə tutulan məsələlərdən
danışıb.
Ali təhsil nazirinin birinci müavini Məhəmməd
Cabir Əbu Ali çıxış edərək, öncə Misir Ərəb
Respublikasının ali təhsil nazirinin səmimi
salamlarını çatdırıb. Məhəmməd Cabir Əbu Ali
ötən gün Azərbaycanın ali məktəb rektorları ilə
görüşdə müzakirə olunan istiqamətlərə diqqət
çəkib, bu görüşün əməkdaşlıq üzrə yüksək
əhəmiyyəti olduğunu vurğulayıb. Daha sonra qonaq
Azərbaycan Dövlət Neft Akademiyasının Misirin
Süveyş Kanalı Universitetinin nəzdində
filialının açılmasının nəzərdə tutulduğundan,
bununla bağlı görüləcək işlərdən söz açıb. Ali
təhsil nazirinin birinci müavini Misir -
Azərbaycan ali təhsil əlaqələrinin, tələbə
mübadiləsinin inkişaf etdirilməsinin önəmli
olduğunu bildirib. Çıxışının sonunda Məhəmməd
Cabir Əbu Ali Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndə heyətini öz ölkəsinə
rəsmi səfərə dəvət edib.
Misir Mədəniyyət Mərkəzinin direktoru Adel
Darviş Təhsil Nazirliyi tərəfindən göstərilən
dəstək üçün təşəkkürünü bildirib və mövcud
əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu
qeyd edib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən
görüşdə tərəflər təhsil sahəsində əlaqələrin
inkişafı üzrə digər məsələlər ətrafında da
müzakirələr aparıblar. |