Son
illər Azərbaycan Respublikası Təhsil Nazirliyi
ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi arasında yaranmış işgüzar
əməkdaşlıq özünün müsbət nəticələrini
verməkdədir.
Təhsil Nazirliyi və TİAHİ Respublika Komitəsinin
birgə iştirakı ilə keçirilən müxtəlif tədbirlər
özünün mahiyyətinə və əhəmiyyətinə görə
ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu
işlərin uğurla həyata keçirilməsində Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi sədrinin müavini Şaiq
Əsgərov yaxından iştirak edir.
Ş.Əsgərov 2000-ci ilin sentyabrında Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru yanında
yaradılmış nəzarət və tərbiyə işləri üzrə
komissiyanın sədri, 2001-ci ildən isə
universitetdə tərbiyə işləri üzrə prorektor
vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə
işlədiyi müddətdə daim öz işinə məsuliyyətlə
yanaşmış, dövlətimizin müəyyən etdiyi təhsil
siyasətinin uğurla həyata keçirilməsində gərgin
əmək fəaliyyəti göstərmişdir. Onun əməyi Təhsil
Nazirliyi tərəfindən qiymətləndirilərək Fəxri
fərmana layiq görülmüşdür. 2006-cı ilin
dekabrınadək prorektor vəzifəsində çalışan
Ş.Əsgərov elə həmin il Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi sədrinin müavini vəzifəsinə
seçilmişdir. Ş.Əsgərov özünün yüksək
təşkilatçılığı və bacarığı ilə fərqlənərək
2009-cu ildə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı
ilə "Yubiley medalı"na layiq görülüb.
Ş.Əsgərov ATİAHİ Respublika Komitəsi sədrinin
müavini kimi istər ölkəmizdə, istərsə də
komitənin üzv olduğu beynəlxalq təşkilatlarda öz
işini layiqincə yerinə yetirir. O, Təhsil
Nazirliyi ilə keçirilən birgə tədbirlərin
icrasına məsul şəxs kimi daim çalışdığı
təşkilatın mənafeyini düşünür, eyni zamanda
təhsil işçilərinin və təhsil alanların əmək,
sosial, iqtisadi hüquqlarının qorunmasına
çalışır. Onu da qeyd edək ki, iqtisad elmləri
namizədi olan Şaiq müəllim hazırda ADİU-nun
Marketinq və ticarət kafedrasının baş müəllimi
kimi elmi fəaliyyətlə də məşğul olur.
Şaiq Əsgərovun hər zaman işinə məsuliyyətli
olması, ölkənin təhsil sahəsində baş verən
proseslərdə fəallığı, onun gərgin əməyi
diqqətdən kənarda qalmayıb. Belə ki, bu günlərdə
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin, həmçinin şagirdlər
arasında müsabiqə və olimpiadaların
keçirilməsində yaxından iştirakı və xidmətlərinə
görə o, Təhsil Nazirliyinin "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı
ilə təltif olunub.
Bu münasibətlə Şaiq Əsgərovu təbrik edir, ona
yeni-yeni uğurlar arzulayırıq.
Samirə KƏRİMOVA |