Mayın 17-də Təhsil Nazirliyi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə təşkil etdiyi
ümummilli liderimiz Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümünə həsr olunmuş ali
məktəb tələbələrinin bədii yaradıcılıq festivalı
qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
Artq
üçüncü ildir ali məktəb tələbələrinin bədii
yaradıcılıq festivalının keçirildiyini söyləyən
təhsil nazirinin müavini Elmar Qasımov ilk öncə
belə əhəmiyyətli tədbirin təşkil olunmasına görə
təhsil naziri Misir Mərdanova və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə
təşəkkür edib. Nazir müavini bildirib ki,
Azərbaycanda milli mənəvi dəyərlərimizə xüsusi
diqqət yetirilməsi gənclərimizin hərtərəfli
formalaşmasına və onların istedadının üzə
çıxarılmasına əlverişli şərait yaradıb. Mədəni
irsimizin qorunub saxlanması, inkişaf
etdirilməsi və geniş təbliği baxımından ulu
öndərimiz Heydər Əliyevin ideyalarının əvəzsiz
rolu olduğunu vurğulayan Elmar Qasımov nəzərə
çatdırıb ki, bu festivalın əsas məqsədi ali
məktəb tələbələrini milli vətənpərvərlik,
mədəniyyətimizə, incəsənətimizə, milli
adət-ənənələrimizə hörmət ruhunda tərbiyə
etməkdən ibarətdir.
Sonra festivalda kollektiv və fərdi çıxışlarda
müxtəlif nominasiyalar üzrə uğur qazanmış
tələbələrə Təhsil Nazirliyi tərəfindən diplomlar
və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini
Şaiq Əsgərov fərqlənən tələbələrin festivala
hazırlanmasında zəhmət çəkmiş müəllimlərə Fəxri
fərmanlar təqdim edib.
Azərbaycan gəncliyinin istedadından məmnunluqla
söz açan xalq artistləri Təranə Muradova və
Yalçın Rzazadə tələbələrə ən xoş arzularını
bildirib, onlara yaradılan belə imkanlardan
layiqincə bəhrələnməyi tövsiyə ediblər.
Ali məktəb tələbələrinin bədii yaradıcılıq
festivalının təşkil olunmasında zəhməti keçən
hər kəsə minnətdarlıqlarını ifadə edən gənclər
belə yüksək səviyyəli tədbirə qatılmaqdan zövq
aldıqlarını vurğulayıblar. |