Mayın
14-də Bakıdakı "Şəfa" stadionunda Təhsil
Nazirliyi, Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası, Gənclər və İdman Nazirliyi,
Dövlət Neft Şirkəti və Azərbaycan Tələbə
Futbol Federasiyasının təşkilatçılığı ilə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümünə həsr olunmuş ali məktəb
tələbələri arasında futbol üzrə III respublika
çempionatının açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti,
millət vəkili Rövnəq Abdullayev açaraq tədbir
iştirakçılarını salamladı və yarışda iştirak
edən komandalar haqqında məlumat verdi.
Tədbirdə iştirak edən təhsil naziri Misir
Mərdanov ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş ali məktəb tələbələri
arasında futbol üzrə respublika çempionatının
üçüncü il keçirildiyini nəzərə çatdırdı. Sonra
bu çempionatın təşkilində əməyi olanlara
təşəkkürünü bildirən nazir ali məktəb
tələbələrinin keçirilən yarışlarda fəal
iştirakını təqdirəlayiq hal kimi dəyərləndirərək
onlara uğurlar arzuladı.
Gənclər və idman naziri Azad Rəhimov, Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə və başqaları respublikada belə
tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs
etdilər və ənənəvi çempionatın Azərbaycanda
idmanın kütləviliyinin təmin olunmasına layiqli
töhfələr verəcəyinə inandıqlarını bildirdilər.
"Şəfa" stadionunda keçirilən çempionatın təqvimi
elan olundu. Həmin gün ilk yarışda Bakı Dövlət
Universiteti ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin komandaları görüşdülər.
Şakir CƏFƏROV |