Bu
günlərdə Bakının Binəqədi rayonunda fəaliyyət
göstərən Zəngilan rayon 4 nömrəli orta
məktəbində polis polkovnik-leytenantı,
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Sahil
Ələmdar oğlu Məmmədovla görüş keçirildi.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Tədbiri giriş sözü ilə təhsil ocağının
direktoru Cəbrayıl Şıxəliyev açaraq bildirdi ki,
Azərbaycan Respublikasının Milli
Qəhrəmanlarından yalnız 17-si bu gün
bizlərlədir. Ürəkağrısı, eyni zamanda qürur
hissi ilə qeyd etməliyəm ki, Azərbaycan Milli
Ordusunun ilk şəhid əsgəri Firdovsi Məmmədov və
Daxili Qoşunların ilk şəhidi Hətəmxan Babayev
zəngilanlıdırlar. Torpaqlarımızın bütövlüyü
uğrunda mübarizəyə qoşulan bu insanların hər
biri bizim üçün əzizdir, müqəddəsdir. Bu gün
işığına toplaşdığımız Sahil Məmmədov da
belələrindəndir.
Çıxış edənlər Milli Qəhrəmanın torpaqlarımızın
müdafiəsi yolunda göstərdiyi şücaətdən
danışdılar.
Şagirdlər vətənə həsr olunmuş şeirlərlə,
mahnılarla tədbiri daha da yaddaqalan və maraqlı
etdilər.
Tədbirin sonunda Milli Qəhrəman Sahil Məmmədov
qısa, lakin maraqlı və təsirli çıxışı ilə
şagirdlərə harada olmalarından asılı olmayaraq
vətəni həmişə sevməyi tövsiyə etdi.
Tədbir iştirakçıları Milli Qəhrəmanla xatirə
şəkli çəkdirdilər.
Rəşad ZİYADOV |