Aprel ayında Təhsil Nazirliyinin "Qaynar xətt"
xidmətinə (telefonlar: 496-34-82; 496-37-61;
e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 1003
müraciət daxil olub.
Müraciətlərin 919-u (91,6%) telefonla, 84-ü
(8,4%) elektron poçt vasitəsilə qəbul edilib.
Daşıdığı informasiyanın əhəmiyyətindən,
mövzusundan asılı olmayaraq bütün müraciətlər
dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma
tələb edən müraciətlər aidiyyəti qurumlara
göndərilərək müvafiq qaydada araşdırılıb,
ünvanlı müraciətlər isə yazılı şəkildə
cavablandırılıb.
Ötən aylarda olduğu kimi, müraciətlərin böyük
əksəriyyəti yenə də anonim olub, sorğu
xarakterli müraciətlər çoxluq təşkil edib. Aprel
ayı ərzində "Qaynar xətt" xidmətinə daxil olmuş
sorğular ümumtəhsil məktəblərinin IX və XI
siniflərində mərkəzləşdirilmiş qaydada
keçirilmiş yoxlama imtahanlarının nəticələri, bu
imtahanların təşkili və keçirilməsi ilə əlaqədar
rəy və təkliflər, müəllimlərin işə qəbulu üzrə
yeni mexanizmin gələcəkdə geniş tətbiqinin
səmərəliliyi barədə mülahizələr, respublika fənn
olimpiadalarının və beynəlxalq olimpiadaların
təşkili, keçirilməsi və nəticələri, xaricdə
təhsil, xarici ölkələrin təhsil müəssisələrindən
verilmiş təhsil sənədlərinin tanınması qaydaları
ilə əlaqədar olub. Həmin müraciətlər ümumi
sorğuların 75-80 faizindən çoxunu təşkil edib.
Başqa sorğular isə müəllimlərin əməkhaqqının
dərəcələr üzrə hesablanması qaydaları, təhsil
sənədlərinin alınması və sair məsələlərlə bağlı
olub.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil
müəssisələri ilə bağlı müraciətlərin böyük
əksəriyyəti Bakı şəhərindən, bir qismi isə
Gəncə, Sumqayıt və Şirvan şəhərlərindəndir.
Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3,
Mingəçevirdən 3, Şirvandan 1 müraciət daxil
olub. Rayonlar üzrə Abşeron, Goranboy, Qəbələ,
Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar,
Fizuli və Şamaxıdan daha çox müraciət qeydə
alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində
tədris prosesinin təşkili, maddi-texniki
təchizat sahəsində çatışmazlıqlar, məktəb
direktorlarının idarəetmədə yol verdikləri
nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
daxil olan müraciət əsasında Bakı şəhərindəki 63
nömrəli məktəbdə yaranmış vəziyyət araşdırılıb,
burada şagird-müəllim-valideyn münasibətlərinin
düzgün qurulması, sanitar-gigiyenik normalara
əməl olunması istiqamətində zəruri işlərin
aparılmadığı müəyyən olunub, məktəbin
direktoruna töhmət elan edilib. Daxil olmuş
digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və
8 nömrəli məktəblərdəki vəziyyət araşdırılıb,
işdə yol verdikləri nöqsanlara görə hər iki
məktəbin direktoru tutduqları vəzifədən azad
olunub.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
müraciət etmiş şəxslərdən onların şikayətlərinə
operativ şəkildə baxıldığına görə təşəkkür
məktubları da daxil olub. |