Bakı Dövlət Universitetində (BDU) Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü
Anma, Gənclik və İdman Bayramı qeyd edilmişdir.
Bu bayram böyük şəxsiyyət Atatürkün 1919-cu il
mayın 19-da 18 silahdaşı ilə Samsuna gəlməsinə,
burada yadelli işğalçılara qarşı müqavimət
hərəkatına başçılıq etməsinə həsr olunmuşdur.
Tədbirdə ulu öndər Heydər Əliyevin və müdrik
şəxsiyyət Mustafa Kamal Atatürkün əziz
xatirələri yad edilmiş, Azərbaycanın və
Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov çıxış edərək ümummilli
lider Heydər Əliyevin və qüdrətli şəxsiyyət
Mustafa Kamal Atatürkün əbədiyaşar ideyalarının
əhəmiyyətindən danışmışdır.
Azərbaycan ilə Türkiyənin tarixi birliyini
vurğulayan rektor, türk dünyasının nurlu
sabahına inandığını söyləmiş, gəncləri
vətənpərvərliyə çağırmışdır.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç,
səfirliyin təhsil üzrə müşaviri Halis
Koyuncuoğlu Türkiyə Cümhuriyyətinin yaranmasında
və inkişafında böyük öndər Mustafa Kamal
Atatürkün tarixi xidmətlərindən, siyasi irsinin
əhəmiyyətindən bəhs etmiş, onun gənclərə
tövsiyələrini xatırlatmışlar.
Sonra bayrama həsr olunmuş maraqlı konsert
proqramı nümayiş etdirilmişdir. |