Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

21 May 2010 - ¹19

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi və İSESKO arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihələr barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam.

Son illər Təhsil Nazirliyinin faydalı və məhsuldar əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlardan biri də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır (İSESKO). Kifayət qədər nüfuzlu bir beynəlxalq təşkilat kimi fəaliyyət göstərən bu qurumun yaradılması prosesi 1979-cu ildə İslam ölkələri xarici işlər nazirlərinin Mərakeş Krallığında keçirilmiş X konfransında qəbul olunmuş qətnamə əsasında başlanmışdır. 1980-ci ilin mayında Pakistan İslam Respublikasında keçirilmiş İslam ölkələri xarici işlər nazirlərinin XI konfransında təşkilatın nizamnaməsi qəbul olunmuşdur. Səudiyyə Ərəbistanında 1981-ci ilin yanvarında keçirilmiş III Zirvə konfransı üzv ölkələri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatını dəstəkləməyə çağıran və onları bu təşkilata qoşulmağa dəvət edən Qətnamə qəbul etmişdir. Nəhayət, 1982-ci ilin mayında Mərakeş Krallığında İSESKO-nun Təsis konfransı çağırılmışdır. Beləliklə, İslam ölkələrində elm, təhsil və mədəniyyətin inkişafı üçün əhəmiyyətli missiyanı öz üzərinə götürmüş beynəlxalq təşkilat fəaliyyətə başlamışdır.

İSESKO-nun başlıca məqsədləri üzv ölkələr arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığı inkişaf etdirmək, qədim tarixə malik İslam dəyərləri çərçivəsində tətbiqi elmləri və yüksək texnologiyaları mənimsəmək, İslam ölkələri və xalqları arasında anlaşmanı möhkəmləndirərək təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhə və təhlükəsizliyə nail olmağa yardım göstərmək, İslam mədəniyyətini və dəyərlərini dağıdıcı və zərərli təsirlərdən mühafizə etmək, İslam sivilizasiyasını təbliğ etməkdir.

İSESKO 1988-ci ildə Omanda keçirilmiş III Baş konfransda İslam ölkələrində təhsilin inkişaf strategiyasını qəbul etmişdir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, 1991-ci ildə İSESKO-nun üzvlüyünə qəbul olunmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatda ölkəmizi təmsil edən səlahiyyətli tərəfdaş orqan kimi Təhsil Nazirliyi müəyyən edilmişdir. Məhz buna görə də İSESKO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri daha çox təhsil sahəsi ilə bağlıdır.

Fəaliyyətə başladığı 1982-ci ildən etibarən İSESKO tərəfindən üzv ölkələrdə 900-ə yaxın təlim sessiyası, işçi seminarlar, təhsil, elm, mədəniyyət mövzularında simpoziumlar keçirilmişdir. Minlərlə alim, universitet müəllimləri, ekspertlər və mütəxəssislər bu proqram və tədbirlərdən bəhrələnmişlər. Ötən dövr ərzində təhsilin müxtəlif sahələri üzrə ərəb, ingilis və fransız dillərində 600-dək kitab və vəsait hazırlanmış, tərcümə edilmiş və çapına nail olunmuşdur. Həmçinin üzv dövlətlər və dünyanın müxtəlif ölkələrindəki müsəlman icmalarından olan 3000-dək tələbəyə təqaüdlər verilmişdir.

İSESKO öz fəaliyyətini regional və universal beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində qurmuş, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı tənzimləyən 140-dək müqavilə imzalamışdır. Bu təşkilatlar sırasında BMT, İslam Konfransı Təşkilatı, YUNESKO, YUNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT İnkişaf Proqramı, BMT Əhali Fondu, İslam İnkişaf Bankı, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırma Mərkəzini göstərmək olar.

Azərbaycan bu təşkilata 1991-ci ildən üzv olsa da, 2003-cü ilədək əməkdaşlığın səviyyəsi o qədər də yüksək olmamışdır. Geniş əməkdaşlıq əsasən 2003-cü ildə İSESKO-nun Tehranda regional ofisi açıldıqdan sonra başlanmışdır.

İSESKO ilə əlaqələrin əsas istiqamətlərindən biri həmin təşkilat tərəfindən təşkil edilən beynəlxalq simpozium, konfrans və seminarlarda iştirakdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti ilk dəfə olaraq 22-24 noyabr 2000-ci il tarixlərində Rabatda keçirilən İSESKO Baş konfransının 7-ci sessiyasında iştirak etmişdir.

2004-cü ilin noyabrında İSESKO-nun Tehrandakı Regional ofisi tərəfindən Bakı şəhərində "Qloballaşma və onun müsəlman ölkələrində iqtisadi və mədəni sahələrə təsiri" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSESKO tərəfindən təşkil olunmuşdu. Simpoziumun başlıca məqsədləri aşağıdakılar idi:

-cəmiyyətdə baş verən qloballaşma ilə bağlı olan sosial, iqtisadi və ətraf mühit dəyişikliklərinin mahiyyətinin açıqlanması;

-sosial və humanitar sahədə çalışan alimlərin müasir dünyada baş verən müsbət tendensiyaları inkişaf etdirmək səylərinin birləşdirilməsi üçün üzv dövlətlərin həvəsləndirilməsi;

-insanlar tərəfindən yeni tendensiyaların qəbul edilməsini asanlaşdırmaq məqsədilə müvafiq strategiyanın müəyyən edilməsi;

-daha çox problemli sosial-iqtisadi məsələlərin təhlili və onların həlli üçün münasib yolların axtarılması.

Simpoziumu giriş sözü ilə Azərbaycan Respublikasının təhsil naziri açmışdır. Açılış mərasimində İSESKO Baş direktorunun müavini Məhəmməd Haşem Alfalouqi, Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov çıxış etmişlər. Simpoziumda azərbaycanlı alimlərlə yanaşı, Malayziya İslam Universitetləri kollecinin professoru Məhəmməd Muda, Bosniya və Herseqovinadan professor İzzet İbreliyik, İran İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatının nümayəndəsi Əli Fəllahi, Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun nümayəndəsi Gülnar İsmailova, Banqladeşin YUNESKO üzrə Milli Komissiyasının nümayəndəsi Əbu Nur Məhəmməd Bazlur Rəhman təqdimatlarla çıxış etmişlər.

2004-cü ildə Təhsil Nazirliyinin müraciəti əsasında İSESKO Azərbaycanda həyata keçirilən təhsil islahatlarına yardım məqsədilə ekspert təyin etmiş, ekspertin Azərbaycanda fəaliyyəti təşkilat tərəfindən maliyyələşdirilmişdir.

İSESKO ilə əməkdaşlığın istiqamətlərindən biri də Azərbaycanda ərəb dilinin tədrisi ənənələrini qorumaq, ərəb dili müəllimləri və mütəxəssislərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə yardım göstərməkdir. Bu məqsədlə 2005-ci ilin mayında Azərbaycanda İSESKO həftəsi çərçivəsində tədbirlər keçirilmişdir. 23-28 may 2005-ci il tarixlərində keçirilmiş bu həftədə Azərbaycanın ali və orta məktəblərində dərs deyən ərəb dili müəllimləri üçün təlim seminarları təşkil olunmuşdur. Beynəlxalq İslam Xeyriyyə Təşkilatının tərəfdaşı olduğu bu seminarların keçirilməsi üçün İSESKO-nun Təhsil Departamentinin rəhbəri doktor Mustafa Əl-Zebah Bakıda olmuşdur. Təlim seminarlarını uğurla başa vuran 35 ərəb dili müəlliminə xüsusi şəhadətnamələr verilmişdir.

İSESKO-ya üzv ölkələrdə, o cümlədən A

zərbaycanda ərəb dilinin tədrisi və bu sahədə çalışan mütəxəssislərin hazırlığı istiqamətində də təşkilat tərəfindən səmərəli tədbirlər həyata keçirilmişdir. Təhsil Nazirliyi istər ayrı-ayrı ərəbdilli ölkələrlə, istərsə də İSESKO ilə əməkdaşlığında bu istiqamətə xüsusi diqqət yetirir. Bu əməkdaşlığın nəticəsi olaraq 2006-ci ilin noyabrında Asiya Müsəlmanları Komitəsinin dəstəyi ilə Bakı Dövlət Universitetində Dialoq dəyərləri və sülh mədəniyyəti təhsili kafedrası (İSESKO kafedrası) yaradılmışdır.

Eyni zamanda həftə çərçivəsində İSESKO tərəfindən Avropa Şurasının tərəfdaş olduğu "Təhsil vasitəsilə vətəndaşlıq dəyərlərinin inkişafı" mövzusunda milli seminar da keçirilmişdir.

2005-ci ilin iyununda İSESKO-nun maliyyə dəstəyi ilə təşkilatın Azərbaycandakı yerli bürosuna kommunikasiya avadanlığı üçün maliyyə vəsaiti ayrılmış, həmin vəsait hesabına alınmış avadanlıqlar Naxçıvan Dövlət Universitetinə verilmişdir.

Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva İSESKO-nun musiqi və incəsənət sahələrində eksperti seçilmiş və 2005-ci ilin sentyabrından fəaliyyətə başlamışdır. O, İordaniyada keçirilmiş Dünya Mədəniyyət Forumunda iştirak edərək "Azərbaycan musiqi mədəniyyətinin tarixi" mövzusunda mühazirə ilə çıxış etmiş, forumun sessiyalarından birinə rəhbərlik etmişdir.

İSESKO-nun Tehran ofisi tərəfindən 2005-ci ilin 14-16 noyabr tarixlərində Bakıda "Genetika sahəsində son nailiyyətlərin sosial və etik təsirləri" mövzusunda seminar keçirilmişdir. Seminarın işində İSESKO-nun Tehrandakı regional nümayəndəliyinin direktoru Abbas Sədri, Malayziyanın Malayya Universitetinin professoru Zülqarneyi Məhəmməd, İran Genetika Elmi-Tədqiqat İnstitutunun prezidenti Abbas Sahibqədəm Löfti, Əfqanıstan təhsil nazirinin müşaviri, Kabil Universitetinin professoru Yusif Purəli, Qazaxıstan Dövlət Tibb Akademiyasının nümayəndəsi Roza Karayeva, Maldiv Respublikası Mərkəzi klinik xəstəxanasının şöbə müdiri Jumaillaf Beyqum, həmçinin Pakistan və Banqladeşdən ekspertlər iştirak etmişlər.

2005-2006-cı illərdə İSESKO-nun Tehran ofisi tərəfindən təşkilatın üzv ölkələrindəki milli komissiyalar və yerli nümayəndəliklərində çalışan əməkdaşları üçün təlim sessiyaları təşkil olunmuşdur. Bir neçə gün davam edən bu sessiyalar iştirakçılara yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının aşılanması məqsədini daşımışdır. Seminarlarda nazirliyin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişlər.

Təhsil Nazirliyinin İSESKO ilə əməkdaşlığı çərçivəsində 2006-cı ilin martında Bakıda "İslam və gənclik: təhsil, elm və maariflənmə" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Bu tədbir Küveytin Vəqflər və Dini İşlər Nazirliyi və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının yaxından iştirakı ilə İSESKO, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuşdur.

Konfransda aşağıdakı mövzular müzakirəyə çıxarılmışdır:

-dinin sülhün və təhlükəsizliyin təmin edilməsində rolu;

-gənclərin dini maarifləndirilməsinin terrorizmlə mübarizədə rolu:

-islam sülh, tolerantlıq və dialoq dini kimi;

-gənc nəslin tərbiyəsində dini və milli dəyərlərin rolu (narkotiklərə qarşı mübarizə, ailənin tənzimlənməsi, tədris prosesində dini və milli dəyərlərin təşviqi);

-islam dini və elm;

-islam və dövlətçilik ənənələri;

-dinlərarası dialoqun ksenofobiya və qatı millətçilik ideyalarına qarşı mübarizədə əhəmiyyəti;

-KİV-in maariflənmədə rolu;

-dini təhsil və din xadimlərinin hazırlanmasına yeni baxış.

Konfransda dünyanın 20-dən artıq ölkəsindən, o cümlədən YUNESKO, İSESKO, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, İslam Konfransı Təşkilatı kimi beynəlxalq təşkilatlardan bu sahədə fəaliyyət göstərən alimlər və mütəxəssislər, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri iştirak etmişlər.

2006-cı il Təhsil Nazirliyinin İSESKO ilə əməkdaşlığında daha məhsuldar olmuş, həmin ildə təşkilat tərəfindən təhsil nazirləri səviyyəsində Küveytdə və Mərakeşdə əhəmiyyətli tədbirlər keçirilmişdir.

2006-cı ilin 19-21 noyabr tarixlərində Küveytdə təşkilata üzv olan ölkələrin "Ali təhsil və elm nazirlərinin təhsildə müasir kommunikasiya texnologiyalarının tətbiqi"nə həsr olunmuş III konfransı keçirilmişdir. İSESKO Baş Direktorluğu və Küveytin Ali Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş bu konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti, eləcə də 50-dən artıq İslam ölkəsinin ali təhsil və elm naziri iştirak etmişdir. Əsas müzakirə mövzusu İslam ölkələri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, birgə elmi tədqiqat işlərinin aparılmasının həvəsləndirilməsi, təhsilin maliyyələşdirilməsi və dünya təhsil sisteminə inteqrasiya məsələləri olmuşdur. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Azərbaycanda təhsil və elm sahəsində aparılan islahatlar, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi, onun təhsilin inkişafına göstərdiyi mənfi təsir barədə məruzə etmişdir. Eyni zamanda nazir İSESKO-ya üzv ölkələrin ali təhsil və elm nazirlərinin növbəti 4-cü konfransının 2008-ci ildə Bakıda keçirilməsi təklifini irəli sürmüşdür. Bu təşəbbüs konfransın rəhbərliyi və iştirakçılar tərəfindən müsbət qarşılanmış və bununla bağlı xüsusi qərar qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, bu tədbirdə nazirlərin konfransının üç ildən bir deyil, iki ildən bir keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Azərbaycan nümayəndə heyəti Küveytə səfəri çərçivəsində Küveyt, Malayziya, Əfqanıstan və digər ölkələrin təhsil nazirləri ilə görüşlər keçirmiş, təhsil sahəsində ikitərəfli qarşılıqlı əməkdaşlıq məsələləri və inkişaf tendensiyaları ətrafında fikir mübadiləsi aparmışdır.

Təhsil Nazirliyinin İSESKO ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı ərəb dilinə tərcümə olunmuş, İSESKO tərəfindən çap olunmuşdur. 2006-cı il noyabrın 23-də Heydər Əliyev Fondunda kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsinin təqdimatı da olmuşdur. Təqdimatda İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri iştirak etmişdir. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihə və proqramlar barədə məlumat vermiş, ölkədə təhsilin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirmişdir.

2006-cı ilin dekabrında Mərakeşdə İSESKO Baş konfransının IX sessiyası keçirilmişdir. Sessiyanın işində 40-a yaxın ölkənin təhsil naziri və BMT-nin humanitar məsələlərlə məşğul olan strukturlarının rəhbərləri iştirak etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti 6-11 dekabr 2006-cı il tarixlərində sessiyada iştirak etmişdir.

Sessiya İSESKO-nun 2003-2006-cı illərdə hesabatı və 2007-2009-cu illəri əhatə edən üçillik fəaliyyət planının müzakirəsi və təsdiqinə həsr edilmişdir. Konfransda hesabat verərkən təşkilatın Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ölkələrlə əməkdaşlıq məsələlərinə toxunarkən, Azərbaycanla əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimi görkəmli ictimai xadimin İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsini İslam dünyasının təhsil, elm və mədəniyyət həyatında hadisə olduğunu xüsusi vurğulamışdır.

Sessiyanın gedişində Azərbaycan Respublikasının təhsil naziri təhsil və elm sahəsində aparılan islahatlar, həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat vermiş, Dağlıq Qarabağ probleminin Azərbaycanın təhsili və mədəniyyətinə vurduğu maddi və mənəvi ziyan haqqında konkret faktlar söyləmişdir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, Mərakeş, İran, Mavritaniya, Pakistan və Suriyanın təhsil nazirləri, o cümlədən bir neçə beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirmişdir.

Sessiyada Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Mahir Əliyev (hazırda Azərbaycanın Suriyada fövqəladə və səlahiyyətli səfiri) İSESKO-nun İcraiyyə Şurasının sədr müavini seçilmiş və İslam aləmində təhsil, elm və mədəniyyətin inkişafında İSESKO çərçivəsində göstərdiyi xidmətlərə görə İSESKO-nun qızıl medalı ilə təltif olunmuşdur.

Bakıda konfransın təşkil olunması ilə əlaqədar İSESKO-nun nümayəndə heyəti 2007-ci ilin iyun ayında Azərbaycanda səfərdə olmuş, səfər çərçivəsində 6-8 oktyabr 2008-ci il tarixlərində İslam ölkələrinin ali təhsil və elm nazirlərinin 4-cü konfransının Bakıda təşkil olunması ilə bağlı razılaşma imzalanmışdır.

Tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19.08.2008-ci il tarixli Sərəncamı imzalanmış, Sərəncama əsasən bir sıra aidiyyəti dövlət qurumlarının daxil olduğu Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Baş naziri Artur Rasızadə təyin edilmişdir. Tədbirin əsas təşkilatçısı isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edilmişdir.

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin 4-cü Konfransı. İslam ölkələrinin ali təhsil və elm nazirlərinin 4-cü konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə 6-8 oktyabr 2008-ci il tarixlərində Bakıda "Gülüstan" sarayında keçirilmişdir. Konfrans "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" mövzusuna həsr olunmuşdur. Qeyd olunmalıdır ki, İSESKO-nun əvvəl keçirilən üç belə konfransından birincisi Səudiyyə Ərəbistanında, ikincisi Liviyada, üçüncüsü isə Küveytdə keçirilmişdir.

Tədbirdə 40-dək ölkədən və İSESKO ilə əməkdaşlıq edən bir sıra regional və beynəlxalq təşkilatlardan 200-dək nümayəndə iştirak etmişdir. Nümayəndələr arasında 14 ölkənin naziri, 4 ölkənin nazir müavini, beynəlxalq təşkilat və təsisatların rəhbərləri olmuşdur.

Konfransa Azərbaycan Respublikasının təhsil naziri sədrlik etmişdir. Açılış sessiyasında Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri, Malayziya ali təhsil naziri və İslam ölkələri ali təhsil və elm nazirlərinin konfransının 3-cü sessiyasının sədri Dato Seri Məhəmməd Xalid Nurdin, İslam Konfransı Təşkilatının nümayəndəsi Əli Əkbər Salehi, Azərbaycan Respublikasının bir sıra nazirləri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan Respublikasında akkreditə olunmuş üzv dövlətlərin səfirləri iştirak etmişdir.

Azərbaycan Respublikası təhsil nazirinin qısa giriş nitqindən sonra Fatma Abdullazadə Azərbaycan Respublikası Prezidentinin konfrans iştirakçılarına ünvanlanmış məktubunu oxumuşdur. Məktubda elm və texnologiyalar sahəsində İslam ölkələri ilə əməkdaşlığın inkişaf perspektivləri, üzv dövlətlərin universitet və elmi tədqiqat institutları arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.

İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri III və IV konfranslar arasındakı müddət ərzində üzv dövlətlərin elm, texnologiya və elmi tədqiqatlar sahəsində əldə etdikləri nailiyyətləri diqqətə çatdırmış, qloballaşma şəraitində universitetlərin fəaliyyəti, biliklərin qloballaşmasına doğru gedən dünya üçün konfransda müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulamışdır. Baş direktor İSESKO-nun YUNESKO, Ümumdünya Yeniləşən Enerji Şəbəkəsi kimi regional və beynəlxalq təşkilatlarla birgə fəaliyyəti, üzv dövlətlərin iqtisadi və sosial inkişafına bilavasitə təsir göstərən sənaye sahələrinin inkişaf etdirilməsində elmin rolu, nanotexnologiya, biotexnika, genetika sahəsində layihələr barədə məlumat vermişdir.

Konfransda Malayziyanın ali təhsil naziri Dato Seri Məhəmməd Xalid Nurdin İslam ölkələrinin ali təhsil və elm nazirləri konfransının 3-cü sessiyasının sədri adından çıxış edərək iqtisadiyyatın idarə edilməsi, yeni sənaye sahələrinin inkişafı, iş yerlərinin yaradılması və həyat səviyyəsinin yaxşılaşdırılmasında elm və texnologiyanın rolu barədə fikirlərini bildirmiş, qeyd etmişdir ki, milli inkişaf strategiyasında elm və texnologiyanı inkar edən və ya bunları prioritet olaraq qəbul etməyən ölkələr iqtisadi inkişaf baxımından durğunluq vəziyyətində olacaq və beləliklə, qlobal perspektivlərdən kənarda qalacaqlar. O, həmçinin İslam Dünyası Elmi Şəbəkəsi və İslam Etikası Şəbəkəsi kimi bir sıra zəruri təşəbbüslərin icra edilməsində göstərdiyi səylərə görə İSESKO-nun fəaliyyətini yüksək qiymətləndirmişdir.

Konfransda Livan Respublikasından Dr. Hala U. Qali Mühtəsibə, Qırğızıstan Respublikasından Dr. Zaril Şarşenaliyevaya, Seneqal Respublikasından Dr. Muhamadu Bassir Diopa, İordaniya Haşimilər Krallığından Dr. Şaher Məhəmməd Əhməd Momaniyə, Tacikistan Respublikasından Dr. Məhəmməli Əli Səfərova və Malayziyadan Dr. Möhd Sapuan Salitə müvafiq olaraq biologiya, kimya, geologiya, riyaziyyat, fizika və texnologiya sahələrində "İSESKO - 2008 elm mükafatları" təqdim edilmişdir.

Bundan sonra Konfransın Bürosu seçilmişdir. Azərbaycan Respublikası sədr, Sudan, Mali və İran İslam Respublikası sədr müavinləri, Küveyt isə məruzəçi təyin edilmişdir.

Plenar sessiyada hər bir konfrans iştirakçısı təmsil etdiyi ölkənin hökuməti tərəfindən ali təhsil və elmi tədqiqatların təkmilləşdirilməsi, mövcud resursların inkişafı sahəsində göstərdikləri səyləri əks etdirən hesabat təqdim etmişdir.

Konfrans üzv dövlətlərin gənclərinin ümumi mədəni irs sahəsində təhsilə cəlb edilməsi, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlər barədə tarixi həqiqətlərin, xüsusilə ərəb dilində nəşr olunan və Xocalı soyqırımı haqqında məlumatları dünya ölkələrinin diqqətinə çatdıran xüsusi nəşr materiallarının yayılması istiqamətində İSESKO-nun fəaliyyətini təqdirəlayiq hesab etmişdir.

Eyni zamanda Konfransda 2008-ci ilin may ayında İstanbulda İSESKO tərəfindən təşkil olunan İslam Konfransı Təşkilatı dövlətlərarası ekspertlər iclasının nəticələri və 2009-2012-ci illər üzrə tədbirlər planı qəbul edilmiş, "Xocalıya ədalət" adlı beynəlxalq kampaniya prioritet məsələ kimi tədbirlər planına daxil edilmişdir. Bununla yanaşı, Konfrans XX əsrdə müsəlman icmalarına qarşı törədilmiş soyqırımların Anım gününün təsis edilməsini, bu barədə müvafiq məlumatların üzv dövlətlərin ali təhsil proqramlarına və dərsliklərə daxil edilməsini tövsiyə etmişdir.

Konfrans aşağıdakı məsələlərlə bağlı qərarlar qəbul etmişdir:

1.İslam ölkələrində biliyə əsaslanan iqtisadiyyata keçidin təmin olunması. Bununla əlaqədar üzv dövlətlərə iqtisadi mexanizmlərin və istehsal vasitələrinin bilik iqtisadiyyatına yönəldilməsi, universitetlər, elmi-tədqiqat mərkəzləri, ixtisaslaşmış elmi institutlar, özəl sektor və donorlar arasında təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi tövsiyə edilmişdir.

2.İslam ölkələrində universitetlərin reytinqi mexanizminin tətbiqi. Bununla əlaqədar İslam Konfransı Təşkilatına üzv dövlətlərdən 20 universitetin dünyanın 500 aparıcı universitetləri sırasına yüksəldilməsi istiqamətində meyar, prosedur və mexanizmlər təsdiq edilmişdir.

3.Mövcud elmi tədqiqatların və biblioqrafik məlumat bazasının qiymətləndirilməsini apara bilən, eləcə də üzv dövlətlərin elmi jurnallarının, o cümlədən yerli dillərdə dərc olunan jurnallarda istinad olunan mənbələri əks etdirən və təhlil edən İslam İstinad Mərkəzinin yaradılması. Bununla əlaqədar Mərkəzin fəaliyyət istiqamətləri və funksiyaları ilə bağlı təkliflər irəli sürülmüş, İslam ölkələrində Elm, Texnologiya və Yenilik Strategiyası və onun icra mexanizmləri qəbul olunmuş, Strategiyanın icrası üzrə Məşvərət Şurası seçilmişdir. Azərbaycan Respublikası Konfransın dördüncü sessiyasının sədri, Ərəb ölkələri regionu üzrə Yəmən, Oman, Tunis, Asiya regionu üzrə Qırğızıstan, Bruney, Pakistan, Afrika regionu üzrə Sierra Leona, Nigeriya, Burkina-Faso dövlətləri Məşvərət Şurasına üzv seçilmişdir.

4.Üzv dövlətlərdə Qadın Alimlər Şəbəkəsinin yaradılması. Bununla əlaqədar məlumat bazasının yaradılması və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda Bakı Konfransında qərara alınmışdır ki, növbəti sessiya 2010-cu ilin oktyabr ayında Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilsin.

Tədbirin keçirildiyi müddət ərzində Azərbaycan Respublikasının təhsil naziri İSESKO-nun Baş direktoru Dr. Əbdüləziz bin Osman Əl-Tüveycri, Suriya, Malayziya, Qambiya, Yəmən, Tacikistan və Mali respublikalarının təhsil nazirləri ilə ikitərəfli görüşlər keçirmiş, təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərini müzakirə etmişdir.

İSESKO tərəfindən 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 11-13 avqust 2009-cu il tarixlərində Bakı şəhərində "Təhsil sahəsində İKT-nin rolu" mövzusunda milli seminar təşkil edilmiş, burada 30 nümayəndə iştirak etmişdir.

20-22 oktyabr 2009-cu il tarixlərində Bakıda "İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün bərabər standartlar" mövzusu üzrə daha bir milli seminar keçirilmişdır. Tədbirin məqsədi Azərbaycanın ali təhsil müəssisələrində iqtisadiyyat sahəsi üzrə tədrisin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi və onun müasir standartlara uyğunlaşdırılması olmuşdur. Seminarda Azərbaycanın ali təhsil müəssisələrində iqtisadiyyat sahəsi üzrə professor-müəllim heyətindən ibarət 20 nəfər və 2 nəfər İSESKO eksperti iştirak etmişdir.

Bununla yanaşı, 2-4 iyul 2009-ci il tarixlərində Tunis şəhərində keçirilmiş İSESKO-nun X Baş Konfransında Təhsil Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. Konfransın məqsədi İSESKO tərəfindən 2010-2011-ci illərdə üzv ölkələrdə həyata keçiriləcək layihə və proqramların müzakirəsi, İSESKO-nun 2008-ci ildə üzv ölkələrdə görülən işlər barədə hesabatı, İSESKO-nun Baş direktorunun və İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi, üzv ölkələrlə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi olmuşdur.  

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

21 May 2010 - ¹19

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ə.A.Əsgərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin  keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi 
 
İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı başa çatdı
 
Bakı Dövlət Universitetində Atatürkün xatirəsi anılıb
 
Şirvan şəhərindəki məktəblilərə dərsliklər paylanıb
 
"Elektron təhsil" respublika müsabiqəsinə 347 layihə təqdim olunub
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1003 müraciət daxil olub
 
Tovuzda yeni məktəb binası inşa olunur
 
"Gənclik - bərabər imkanlar" layihəsi çərçivəsində debat keçirilib
 
Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini  Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.
 
İKT üzrə təlimlərə dair təqdimat
 
Bakı təhsilinə həsr olunmuş ilk sərgi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırıldılar
 
Beynəlxalq maliyyə hesabatları standartları ilə bağlı təlimlərə başlanıldı
 
ADU Norveçin Aqder Universiteti ilə əlaqələrini genişləndirir
 
Əcnəbi mütəxəssis tələbə və müəllimlər üçün təqdimat keçirib
 
Xarici tələbələrin məzun günü qeyd olundu
 
Qabaqcıl təhsil işçisi
 
Azərbaycanda jurnalistika tədrisinin inkişafına dair beynəlxalq konfrans
 
Azərbaycan Müəllimlər İnstitutu Fransadan əlavə təhsil sistemini öyrənir
 
Müəllim nüfuzuna həsr olunmuş mətbuat konfransı
 
Pedaqoji fakültənin tələbələri üçün fiziki tərbiyədən ilk dərs vəsaiti
 
Əməkdar müəllim
 
Yeni təlim metodları dərsin səmərəliliyini artırır
 
Blaband kənd məktəbində bir muzey var
 
Zəngilan məktəbində Milli Qəhrəmanla görüş
 
Beynəlxalq musiqi müsabiqəsinin qalibi
 
İbtidai siniflərdə şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
Xalq şairi Nəriman Həsənzadə ilə görüş
 
Uşaqlara həsr olunmuş kitab
 
Futbol üzrə III respublika çempionatının açılış mərasimi
 
Dünya universitetləri: Fransa Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov