|
Yerləşir: |
ABŞ, Rod Aylend ştatı, Providens şəhəri |
 |
|
Yaranma tarixi: |
1764-cü il |
Tipi: |
Özəl |
İşçi heyəti: |
4629 nəfər |
Tələbələrin sayı: |
8261 nəfər |
İllik gəlirləri: |
623887000 ABŞ dolları |
İllik xərcləri: |
636547000 ABŞ dolları |
Rəsmi saytı: |
www.brown.edu |
Braun Universiteti (Brown University) ABŞ-ın Rod
Aylend ştatının paytaxtı Providens şəhərində
yerləşən qədim ali təhsil ocağıdır. Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Braun Universiteti 100 ən
yaxşı ali məktəb arasında 31-ci yerdədir.
Amerika Birləşmiş Ştatlarının "U.S News and
World Report" jurnalının 2010-cu il üzrə
reytinqinə görə, bu ali təhsil müəssisəsi ölkə
universitetləri arasında 16-cı yerə layiq
görülüb. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu
ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına
daxildir.
Tarixi
1763-cü
ildə Nyu-Cersi Kollecinin məzunu olmuş keşiş
Ceyms Menninq Baptist (xristian məzhəblərindən
biri) Kilsələri Assosiasiyası tərəfindən Rod
Aylend ştatına kollec axtarmağa göndərilir. Elə
həmin vaxt başda Yel Kollecinin gələcək
prezidenti Ezra Stayls olmaqla
konqreqasionalistlər (kilsə icmaları birləşməsi)
bu məqsədə xidmət edirdilər. Kollec
Korporasiyası Cəmiyyətinin ilk toplantısı Rod
Aylend ştatında Nyuportda yerləşən Qədim Ev
adlanan binada baş tutur. Yeni kollecin
yaradılmasında Rod Aylend ştatının
qubernatorları və gələcəkdə Amerika
inqilabçılarından olan Stivens Hopkins və
Samuil Uord böyük rol oynayırlar. 3 mart 1764-cü
ildə Böyük Britaniya kralı III Georq Rod Aylend
ştatında yeni kollec yaradılması haqqında
xartiya imzalayır. Ali məktəbə Rod Aylend
Kolleci adı verilir. Xartiyanı kraldan başqa
60-dan çox şəxs imzalayır, bunların arasında
kollecin təşkilatçılıq, maliyyələşmə və
idarəolunmasında böyük xidmətləri olan Braun
ailəsinin üzvləri (Con, Nikolas və Mozes
qardaşları) də olur. Hazırda universitetin adını
daşıdığı (1804-cü ildən) Nikolas Braun kollecə
böyük miqdarda yardım edir. Braun ailəsi Rod
Aylend ştatında sahibkarlıq və kommersiya
fəaliyyəti, eləcə də qul ticarəti ilə məşğul
olurdu. Qul ticarəti məsələsində ailədə fikir
ayrılığı hökm sürürdü. Qardaşlardan Con Braun
quldarlığı müdafiə edirdi, Mozes və Nikolas isə
qatı abolisionist (hər hansı bir qanunun ləğvinə
çalışan ictimai hərəkat) idilər. 2003-cü ildə
Braun Universiteti bu ağır tarixlə barışaraq,
ali məktəbin prezidenti Rut Simmonsun rəhbərliyi
altında Quldarlıq Məsələləri üzrə Ədalət
Məhkəməsi təsis edib.
1765-ci ildə Ceyms Menninq yeni yaradılmış
kollecin prezidenti təyin edilir və 1791-ci
ilədək bu vəzifədə qalır. Kollecə dini
mənsubiyyətindən asılı olmayaraq tələbələr qəbul
edilir. 1770-ci ildə universitetin hazırda
Providens şəhərində İst-Saydda yerləşən əsas
binası tikilir. 1891-ci ildən Braun
Universitetinin nəzdində Qızlar Kolleci
yaradılır və ali məktəbə qızlar qəbul olunur.
Sonradan həmin kollecə Pembrok adı verilir.
1971-ci ildən başlayaraq Pembrok Kollecində
qızlar və oğlanlar birgə təhsil alır.
1850-ci ildə Braun Universitetində elmi
dərəcələr verilməyə başlasa da, 1857-ci ildə
dayandırılır. 1887-ci ildə universitet
tələbələrinə magistr və doktorluq dərəcələri
vermək hüququnu bərpa edir. Burada ilk magistr
dərəcəsi 1888-ci ildə, ilk doktorluq dərəcəsi
isə 1889-cu ildə verilir.
Braun Universitetində ilk tibb proqramı 1811-ci
ildə həyata keçirilib. Tibb üzrə elmi dərəcələr
ali təhsil müəssisəsində 1975-ci ildən verilir.
1984-1985-ci illərdə Braun Korporasiyası 8 illik
Liberal Tibbi Təhsil Proqramı qəbul edir.
Hazırda Braun Universiteti Tibb Məktəbinin
tələbələrini ildə 90-a yaxın tibbi dərəcə ilə
təltif edir.
1904-cü ildə universitetdə Con Karter Braun,
1908-ci ildə isə Riçard Rammell kitabxanaları
açılır.
Braun Universiteti 1969-cu ildə qeyri-adi tədris
proqramı qəbul edir. Bu proqrama əsasən
universitetdə heç bir fənn məcburi tədris
edilmir. Tələbələr müstəqil olaraq istədikləri
fənləri seçir və istədikləri zaman qiymət
əvəzinə "məqbul" və ya "qeyri-məqbul" ala
bilirlər. Hələ 1850-ci ildə universitetin
prezidenti Frensis Ueylend yazırdı: "Müxtəlif
kurslar elə təşkil olunmalıdır ki, hər tələbə
seçdiyi şeylərin hamısını və yalnız seçdiyini
öyrənə bilsin". Hazırda Braun Universiteti
Akademik Zənginləşdirmə Planının həyata
keçirilməsinə başlayıb. Bu proqram tədqiqat,
təhsil və ictimai liderlik sahələri üzrə
qabaqcıl təcrübənin yeni standartlarını müəyyən
edir.
Büdcə və təhsil haqqı
2009-cu
ildə Braun Universitetinin illik gəlirləri
623887000 ABŞ dolları təşkil edib. Bu vəsaitin
302018000 ABŞ dolları təhsil haqqından,
133847000 ABŞ dolları qrant və sazişlərdən,
49905000 ABŞ dolları yardımlardan, 133030000 ABŞ
dolları ianə fondunun gəlirlərindən, 80682000
ABŞ dolları satış və göstərilən xidmətlərdən,
24586000 ABŞ dolları isə digər gəlirlərdən əldə
olunub.
Həmin il Braun Universitetinin illik xərcləri
isə ümumilikdə 636547000 ABŞ dolları dəyərində
olub. Bu məbləğin 301192000 ABŞ dollarını
əməkhaqqı, 83639000 ABŞ dollarını işçilərə
verilən mükafatlar, 48447000 ABŞ dollarını
universitetə göstərilən xidmətlər, 77787000 ABŞ
dollarını təchizat, 21495000 ABŞ dollarını
kommunal, qalanlarını isə digər xərclər təşkil
edib.
2009-cu ilin yekunları üçün Braun
Universitetinin illik dövriyyəsini 2724816 ABŞ
dolları təşkil edib.
Braun Universiteti 2009-cu ildə dövlət və şəxsi
maliyyə mənbələri daxil olmaqla tədqiqatlara
138853684 ABŞ dolları xərcləyib. Universitetin
tədqiqat mənbələrinə Səhiyyə və İctimai Xidmət
Departamenti, Milli Elm Fondu, Müdafiə və
Energetika Nazirliyi, NACA, Təhsil Nazirliyi,
eləcə də müxtəlif özəl, korporativ və
qeyri-kommersiya təşkilatları daxildir.
Universitet Fulbrayt, Makartur, Quqqenheym və
Milli Fond təqaüd proqramlarını dəstəkləyir.
Braun Universitetində tələbələrin təhsil haqqı
onların oxuduğu məktəb, fakültə və proqramdan
asılı olaraq dəyişir. 2009-2010-cu tədris ilində
tələbələrin təhsil haqqı ümumilikdə 38048 ABŞ
dolları təşkil edib. Tələbələrin qidalanması və
digər xərcləri isə 11080 ABŞ dolları dəyərində
olub. Təhsil haqqı da daxil olmaqla, həmin
tədris ilində tələbəyə təxminən 49128 ABŞ
dolları dəyərində məbləğ lazım olub.
Universitet bütün tələbələrə 100%-lik yardım (təqaüd)
təklif edir. Ali təhsil müəssisəsinin
tələbələrinin 41%-i maliyyə yardımı alır.
Təqaüdün məbləği burada orta hesabla 33290 ABŞ
dollarıdır.
Braun Universitetində müəllimlərin əməkhaqqı
onların elmi dərəcələrindən asılı olaraq dəyişir.
Burada professor orta hesabla ildə 134500 ABŞ
dolları, elmlər doktoru 87276 ABŞ dolları,
dosent 75768 ABŞ dolları, müəllimlər (mühazirəçi)
59858 ABŞ dolları, stajlı müəllimlər isə 71983
ABŞ dolları dəyərində maaş alır. Əməkhaqqının
məbləği universitetin məktəb və fakültəsindən
asılı olaraq az da olsa, fərqlənir.
Universitet bu gün
Braun
Universiteti Providens şəhərində ən böyük
əraziyə malik ali təhsil müəssisəsidir.
Universitet Əsas, Pembrok, Şərq kampuslarından
və bir sıra digər ərazilərdən ibarətdir. Əsas
kampus İst-Saydda Providens çayından başlayaraq
şəhərin mərkəzinə doğru 0,58 km2 ərazini əhatə
edir. Yaşıllıqlarla əhatə olunan bu şəhərcikdə
əksəriyyəti viktorian üslubunda inşa edilmiş 235
bina yerləşir. Akademik binaların çoxu Əsas
kampusdadır. Şəhərciyin girişində kərpic və
dəmir çərçivədən ibarət olan məşhur Van Uikl
qapıları yerləşir. Universitet haqqında dərc
olunan nəşrlərin çoxunda bu kampusun şəkilləri
nümayiş olunur.
Pembrok kampusunda Pembrok Qadınlar üçün Tədris
və Tədqiqat, Koqut Humanitar Elmlər mərkəzləri,
tələbə yataqxanaları, yeməkxanalar, əyləncə
mərkəzləri yerləşir.
40000 m2 ərazidən ibarət olan Şərq kampusu Braun
Universiteti tərəfindən 1969-cu ildə 5 milyon
ABŞ dollarına əldə olunub, 1971-ci ildən isə
rəsmən Braun Universitetinin kampusu elan edilib.
Bu kampuslardan əlavə, Braun Universitetinə Əsas
şəhərcikdən bir mil şimal-şərqdə yerləşən və
1925-ci ildə tikilmiş Braun stadionu, Ceverli
rayonunda 5 inzibati bina, Providens şəhərindən
kənarda - Bristol şəhərində 1,52 km2 ərazi
aiddir.
Braun Universitetində fəaliyyət göstərən
kolleclər bunlardır: Bakalavr, Ali (magistr və
doktorantlar üçün) kollecləri və Alpert Tibb
Məktəbi.
Bakalavr Kolleci universitetin əsas hissəsidir
və ali məktəbin yarandığı andan fəaliyyət
göstərir. Hazırda kollecin tələbələrinin sayı
6013 nəfərə bərabərdir. Kollecdə Afrika
mədəniyyəti tədqiqatları; Amerika sivilizasiyası;
qədim tədqiqatlar; antropologiya; arxeologiya və
Qədim Dünya; memarlıq; biokimya və molekulyar
biologiya; biologiya; biotibbi mühəndislik;
biofizika; kimyəvi fizika; kimya; klassiklər:
Yunanıstan; klassiklər: Latın; idrak
nevrologiyası; səhiyyə; koqnitivistika; ticarət,
təşkilatçılıq və sahibkarlıq; müqayisəli
ədəbiyyatşünaslıq; hesablama biologiyası;
informatika; inkişaf tədqiqatları; Şərqi Asiya
tədqiqatları; iqtisadiyyat; pedaqogika;
misirşünaslıq və Qədim Qərbi Asiya tədqiqatları;
mühəndislik; ingilis dili; ekoloji, etnik
tədqiqatlar; Fransa tədqiqatları; geoloji elmlər;
Almaniya, Yunanıstan, İspaniya, İtaliya, yəhudi,
latın, slavyan tədqiqatları; tarix; incəsənət və
memarlıq tarixləri; insan biologiyası; müstəqil
konsentrasiya; beynəlxalq münasibətlər; sonuncu
qədim mədəniyyətlər; Latın Amerikası və Karib
tədqiqatları; linqvistika; semiotika - fransız
dili; ədəbi incəsənətlər; ingilis dili,
ədəbiyyatı və mədəniyyəti; dəniz biologiyası;
riyazi iqtisadiyyat; tətbiqi riyaziyyat;
riyaziyyat; Orta əsrlər mədəniyyətləri;Yaxın
Şərq, Cənubi Asiya tədqiqatları; müasir
mədəniyyət və media; musiqi; nevrologiya;
fəlsəfə; fizika; Portuqaliya və Braziliya
tədqiqatları; psixologiya; sosiologiya; gender
tədqiqatları; statistika; siyasi elmlər; dövlət
siyasəti və Amerika təşkilatları; dini
tədqiqatlar; Renessans və Erkən Müasir
tədqiqatlar; elm və cəmiyyət; teatr incəsənəti;
urban (şəhər) tədqiqatları; vizual incəsənət
bölmələri fəaliyyət göstərir.
Kollec iki müxtəlif bakalavr dərəcəsi təklif
edir: incəsənət (AB) və elmlər (ScB) bakalavrı.
Bu dərəcələrin ikisini də almaq üçün tələbələr
beş il təhsil almalıdırlar. Əgər bölmələrin
arasında tələbənin arzuladığı proqram yoxdursa,
o, şəxsi proqram hazırlamaq və müstəqil tədqiqat
aparmaq hüququna malikdir.
Ali (magistr və doktorantlar üçün) Kollec
universitetdə 1887-ci ildə yaradılıb. Burada
50-dən çox ixtisas üzrə 1832 nəfər tələbə təhsil
alır. Kollec incəsənət (AM), gözəl incəsənət
(MFA), incəsənət təlimi (MAT), ictimaiyyətlə
əlaqə (MPP), ictimai səhiyyə (MPH), elmlər (ScM),
tibbi elmlər (MMS) magistri və doktorluq (PhD-fəlsəfə
doktoru) dərəcələri verir.
Ali Kollec Amerika sivilizasiyası; antropologiya;
tətbiqi riyaziyyat; riyaziyyat; arxeologiya və
Qədim Dünya; süni orqanlar, biomateriallar və
hüceyrə texnologiyası; biotibbi mühəndislik;
bioloji statistika; beyin elmi; Portuqaliya və
Braziliya tədqiqatları; kimya; klassiklər; idrak
və linqvistik elmlər: koqnitivistika; idrak və
linqvistik elmlər:linqvistika; müqayisəli
ədəbiyyatşünaslıq; informatika; inkişaf
tədqiqatları; ekoloji və təkamül biologiyası;
iqtisadiyyat; misirşünaslıq və Qədim Qərbi
tədqiqatlar; mühəndislik; ingilis dili; ekoloji
tədqiqatlar; epidemiologiya; Fransa, İspaniya,
İtaliya, Almaniya, slavyan tədqiqatları; geoloji
elmlər tədqiqatları; tibbi xidmət tədqiqatı;
tarix; incəsənət və memarlıq
tarixləri;innovasiya idarəetməsi və sahibkarlıq;
ədəbi incəsənətlər; müasir mədəniyyət və media;
molekulyar biologiya, sitobiologiya və biokimya;
molekulyar farmakologiya və fiziologiya; musiqi:
kompüter musiqiləri və multimedia; musiqi:
etnomusiqi; nevrologiya; patobiologiya; fəlsəfə;
fizika, siyasi elmlər; ictimaiyyətlə əlaqə və
dövlət siyasəti; səhiyyə; psixologiya; dini
tədqiqatlar; sosiologiya; müəllimlik təhsili;
teatr incəsənəti; urban (şəhər) tədqiqatları
departamentlərindən ibarətdir.
Alpert Tibb Məktəbi - universitetdə tibb
proqramı 1811-ci ildən yaradılıb. 1991-ci ildən
məktəb Braun Tibb Məktəbi adlandırılır. 2007-ci
ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon
dollar vəsait yardım edir. Bunun qarşılığında
məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb
Məktəbi olur. Hazırda bu məktəb Amerikanın ən
rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq
istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən
uğurla keçir. Məktəbdə hüceyrə biologiyası,
fiziologiyası, biokimya, qidalanma, immunologiya
və genetika, mikroskopik anatomiya, ümumi
patologiya, neyrobiologiya, patofiziologiya,
neyrofarmokologiya, mikrobiologiya,
epidemiologiya, endokrin patofiziologiya,
kardiologiya, nefrologiya, pulmonologiya,
gematologiya, qastroenterologiya və s. elmlər
öyrədilir. Məktəbdə 4 il təhsil aldıqdan sonra
tələbələr bakalavr diplomu alır və avtomatik
olaraq təhsilini MD (latın dilindən "Medicinae
Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün
davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8
ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP
dərəcələri təklif edir.
Alpert Tibb Məktəbinin nəzdində Rod Aylend,
Miriam, Memorial, Batler, Emma Pendlton Bradli,
Qadın və Uşaq hospitalları və Providens Tibb
Mərkəzi fəaliyyət göstərir.
Braun Universitetinin nəzdində Uotson Beynəlxalq
Tədqiqatlar İnstitutu fəaliyyət göstərir. Burada
beynəlxalq problemlərin analizi aparılır.
İnstitutun himayədarı ABŞ-ın SSRİ-dəki keçmiş
səfiri və EHM-in (IBM) prezidenti kiçik Tomas
Uotson olub.
Pembrok Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi
1981-ci ildə yaradılıb və gender məsələləri üzrə
elmi-tədqiqatla məşğuldur. Mərkəz qızlar üçün
fəaliyyət göstərən Pembrok Kollecinin şərəfinə
adlandırılıb. Burada qadınların tarixi
nailiyyətlərinin tanınması üzrə bir sıra
proqramlar həyata keçirilir, hər il seminarlar
təşkil olunur. Mərkəzin yaradıcısı və direktoru
aparıcı tarixçi və sosioloq Con Uollak Skott
olub. Pembrok Qadınlar üçün Tədris və Tədqiqat
Mərkəzi Sara Doyl Qadınlar Mərkəzinin filialıdır.
Braun Universitetinin kitabxana sisteminə 6,8
milyon cild kitab, dövri nəşr, xəritə, əlyazma,
musiqi əsərləri və s. daxildir. Bu resursların
üzərinə hər il 70000 nəşr əlavə olunur.
Kitabxanadakı materiallar İnternet vasitəsilə
geniş spektrdə oxucuların istifadəsinə verilib.
Universitetdə aşağıdakı kitabxanalar fəaliyyət
göstərir: humanitar və ictimai elmlər haqqında
kitablar toplanmış Kiçik Con Rokfeller adına;
dəqiq elmlər, tibb və kütləvi informasiya
vasitələrinə aid kitab və dövri nəşrlərin
saxlandığı Elmlər (burada tələbələrin ən çox
toplaşdığı Syuzen P. və Riçard A. Fridman adına
Tədris Mərkəzi yerləşir); xüsusi kolleksiyaların,
nadir kitablar, əlyazmalar və arxivlərin
yerləşdiyi Con Hey; dünya üzrə məşhur Amerikanın
Şimal və Cənubuna aid kolleksiyaların toplandığı
Con Karter Braun; Valter Neymanın 46 səsyazması
və 24000-dən çox musiqi əsərlərinin saxlandığı
Virciniya Orviq adına Musiqi; təsviri incəsənət,
memarlıq, arxeologiya materiallarının qorunduğu
İncəsənət Slayd kitabxanaları.
Braun Universitetinin ən böyük muzeyi Braun
Haffenreffer Antropologiya Muzeyidir. Burada
Şimali və Cənubi Amerika, Afrika, Asiya və Sakit
okean mədəniyyətinə aid 100000-dən çox eksponat
qorunur. Annmary Braun Memorial muzeyində Avropa
və Amerikanın bədii rəsm əsərləri, eksponatlar,
Britaniyanın Mazanski qılınc kolleksiyaları,
Braun nəslinin cəvahiratları nümayiş olunur.
Bell Qalereyasında müasir rəssamların sənət
əsərləri sərgilənir.
Hazırda Braun Universitetinin prezidenti
professor-xanım Rut Simmonsdur (3 iyul 2001-ci
ildən). O, universitetin 18-ci prezidenti və
Sarmaşıq Liqasına daxil olan ali məktəblər
arasında bu vəzifəyə təyin olunan ilk
afroamerikalı şəxsdir. Universitetdə ümumilikdə
4629-a yaxın işçi qeydə alınıb. Bunların 1187
nəfəri professor-müəllim heyəti, 773 nəfəri
idarəetmə, qalanları isə inzibati işçilərdir.
Braun Universitetində ABŞ-ın 50 ştatından və
dünyanın 107 ölkəsindən 8261 tələbə təhsil alır.
Onların 6013 nəfərini bakalavrlar, 1832
nəfərini magistr və doktorantlar, 416 nəfərini
isə Tibb Məktəbində təhsil alan tələbələr təşkil
edir. Universitetdə 4016 oğlan, 4245 qız tələbə
oxuyur. 2009-2010-cu tədris ilində universitetə
qəbul üçün 24988 ərizə daxil olub, onlardan
yalnız 2790-ı qəbul olunub.
Braun Universitetində tələbə həyatı çox yüksək
səviyyədə təşkil olunub, burada gənclər üçün
istənilən şərait yaradılıb. Universitetin
kampuslarında İnternet, kabel televiziyası,
telefon, istilik sistemi və digər xidmətlərlə
təmin edilmiş 1, 2 və daha çoxotaqlı 60-a qədər
yataqxana var (Maçado, Perkins, Everett, Yeni
Pembrok, İst-Endryus, Sirs, Vulli...).
Universitetdə tələbələrə tibbi, hüquqi,
psixoloji xidmətlər də göstərilir.
Braun Universitetində 300-dən çox tələbə
təşkilatı qeydə alınıb. Bütün Amerika
universitetlərində olduğu kimi, bu ali təhsil
müəssisəsində də idmana xüsusi diqqət yetirilir
və bu sahədə böyük uğurlar əldə olunub.
Universitetdə 37 idman komandası fəaliyyət
göstərir və onları ümumilikdə "Qonur Ayılar"
(Braun Universitetinin rəngi tünd qəhvəyi,
talismanı isə qonur ayıdır) adlandırırlar.
Yarışlarda universitet idmançılarının
geyindikləri formalar qəhvəyi rəngdə olur. Braun
Universiteti Milli Universitet İdmanı
Assosiasiyasının, Sarmaşıq Liqası I Diviziya
idman təşkilatının üzvüdür.
Braun Universitetini "Amerikanın ən xoşbəxt
tələbələrinin cəmləşdiyi ali məktəb"
adlandırırlar. "Qadın geyimləri" jurnalı Braun
Universitetini "Sarmaşıq Liqası universitetləri
arasında ən dəbli ali məktəb" kimi
qiymətləndirib. Burada tələbələr xarici
görünüşlərinə xüsusi diqqət yetirir və şəxsi
stillərini formalaşdırırlar.
Universitetin məşhur müəllim və məzunları
Braun Universitetinin çoxsaylı məzunları
arasında ABŞ konqresmenlərinə, senatorlara,
qubernatorlara, yazıçılara, jurnalistlərə,
biznesmenlərə, aktyorlara və digər peşə
sahiblərinə rast gəlmək olar. Onlardan ABŞ-ın
Ali məhkəməsinin hakimləri Çarlz Evans Hughes,
kiçik Con Rokfeller, Con Kennedi, sabiq dövlət
katibi Con Hey, EHM-in (IBM) baş direktoru Tomas
Uotson, mediamaqnat Ted Törner, qubernatorlar
Cek Markell, Bobbi Cinal, Darmut Kollecinin
prezidenti Cim Yanq Kinq, "Bank of America"-nın
baş direktoru Brian Moyhinan, aktyor Con
Krasinski, aktrisa Laura Linney, müğənni Liza
Loeb bu ali məktəbin məzunlarındandırlar.
Universitetin məşhur müəllimlərindən
Braziliyanın sabiq prezidenti Fernando Kardosonu,
Çilinin sabiq prezidenti Rikardo Laqosu,
İtaliyanın sabiq Baş naziri Romano Prodini,
Nobel mükafatı laureatı Leon Kuperi, Filds
medalçısı Devid Mumfordu, yazıçı Karlos
Fuentesi, novelist və şair Çinua Açebeni,
iqtisadçı Uilliyam Pulu, tarixçi Andries van
Damı və s. qeyd etmək olar.
Braun Universiteti özünü belə xarakterizə edir:
"Universitetimizin tələbə və müəllimləri çox
yaradıcı və zəngin intellektual bacarıqlara
malik şəxslərdir. Eləcə də onlar hər zaman
apardıqları tədqiqatlara görə nigarandırlar.
Onlar işin adi gedişindən qane olmur, problemin
yeni həll yollarını axtarır və eksperimentlər
həyata keçirirlər. Bizim məqsədimiz dünyaya
yeni-yeni töhfələr verə biləcək kosmopolit
vətəndaşlar yetişdirməkdir".
Braun Universitetinin məşhur məzunları
|
Çarlz Kolson |
ABŞ-ın sabiq prezidenti Riçard Niksonun
əsas vəkili, məşhur "Uoterqeyt
qalmaqalı"nın iştirakçısı |
|
|
Hovard Hant |
Riçard Niksonun xüsusi təhqiqatçısı (xəfiyyə),
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA)
əməkdaşı, "Uoterqeyt qalmaqalı"nın
iştirakçısı |
|
|
Devid Dunkan |
Bill və Hillari Klintonların
məsləhətçisi |
|
|
Cenet Yellen |
San-Fransisko Federal Ehtiyat Bankının
prezidenti |
|
|
Con Hey |
ABŞ-ın sabiq dövlət katibi |
|
|
Riçard Olni |
ABŞ-ın sabiq baş prokuroru və dövlət
katibi |
|
|
Skott Aversano |
"MTV Films" və "Nick Movies"
kampaniyalarının prezidenti |
|
|
Ceyms Harvin |
NASA-nın Mars və Ayda kəşfiyyat proqramı
üzrə əsas elmi əməkdaşı |
|
|
Con Krouford |
Intel mikroprosessorlarının əsas memarı |
|
|
Uilyams Kin |
ABŞ-ın ilk beyin cərrahı |
|
|
Kreyq Mello |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |