Bu yaxınlarda Pakistanın paytaxtı İslamabad
şəhərində "Sufizm və sülh" mövzusunda beynəlxalq
konfrans keçirilmişdir. Dünyada sülh, terror
əleyhinə mübarizə, insan haqları məsələlərinə
həsr olunmuş, Pakistan Ədəbiyyat Akademiyasının
təşkilatçılığı ilə keçirilən həmin konfransda
dünyanın 35 ölkəsindən nümayəndələr iştirak
etmişlər.
Bu tədbirdə Azərbaycanı Naxçıvan Dövlət
Universitetinin "Qeyrət" nəşriyyatının direktoru,
tarix elmləri namizədi, şair Vaqif Məmmədov və
universitetin xarici tələbələrlə iş üzrə dekanı,
filologiya elmləri namizədi, şair Xanəli Kərimli
təmsil etmişlər. Konfransın ikinci günü Pakistan
Prezidenti Asif Əli Zərdari Prezident sarayında
"Sufizm və sülh" konfransının iştirakçılarından
bir qrupunu qəbul etmişdir. Həmin qrupa
naxçıvanlı nümayəndələr də daxil edilmişlər.
Beynəlxalq konfransın açılış günündə iştirak
edən Azərbaycanın Pakistandakı fövqəladə və
səlahiyyətli səfiri Eynulla Mədətli sonra
səfirlik binasında naxçıvanlı nümayəndələr ilə
görüşmüşdür. Səfirliyin gördüyü işlər,
Pakistan-Azərbaycan elmi-mədəni əlaqələri barədə
ətraflı məlumat verən səfir özünün tərtibçiliyi
və redaktorluğu, akademik İsa Həbibbəylinin ön
sözü ilə bir neçə gün əvvəl Pakistanda ingilis
dilində çap olunmuş "Azərbaycan poeziyası:
dəryadan damla" almanaxını qonaqlara təqdim
etmişdir.
Mehriban SULTAN |