| 
								
								
								(Əvvəli qəzetimizin ötən saylarında)  
								
								Hörmətli oxucular, bu məqalədə Təhsil 
								Nazirliyinin Amerika Birləşmiş Ştatları 
								təşkilatları ilə təhsil sahəsində əlaqələri, 
								həyata keçirilən birgə layihə və proqramlar 
								barədə məlumatı diqqətinizə çatdıracağam. 
								 
								
								Qeyd etmək lazımdır ki, Azərbaycan ABŞ 
								qeyri-hökumət təşkilatlarının "Azadlığın 
								dəstəklənməsi aktı" çərçivəsində həyata 
								keçirdiyi müxtəlif təhsil proqramlarında fəal 
								iştirak edir. Birgə əməkdaşlıq çərçivəsində 
								Azərbaycanda həyata keçirilən təhsil və mübadilə 
								proqramları ABŞ-ın 3 nüfuzlu qeyri-hökumət 
								təşkilatı tərəfindən idarə olunur: 
								
								1. ACTR/ACCELS (Təhsil və Dillər Öyrənilməsi 
								üzrə Amerika Əməkdaşlıq Şurası/Beynəlxalq Təhsil 
								üzrə Amerika Şuraları). 
								
								2. İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr 
								üzrə Şura). 
								
								3. Project Harmony (Harmoniya Proyekti). 
								 
								
								ACCELS-in həyata keçirdiyi proqramlar ABŞ 
								hökuməti, bəzi beynəlxalq təşkilatlar, ABŞ 
								İnformasiya Agentliyi, ABŞ Dövlət Departamenti, 
								ABŞ Konqresinin kitabxanası, Nobel fondu, SOROS 
								fondu, habelə digər ictimai və özəl donor 
								qurumlar tərəfindən maliyyələşdirilir. 2001-ci 
								ildə ACCELS-in prezidenti, professor Den 
								Devidsonun rəhbərlik etdiyi nümayəndə heyəti 
								Azərbaycanda olmuşdur. Təhsil Nazirliyində 
								nümayəndə heyəti ilə keçirilən görüşlərdə 
								ACCELS-in Azərbaycanda fəaliyyəti və gələcək 
								əməkdaşlığın istiqamətləri müzakirə olunmuşdur. 
								Bu səfərin və görüşlərin uğurlu nəticəsi kimi, 9 
								iyun 2001-ci il tarixdə Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi ilə Beynəlxalq Təhsil üzrə 
								Amerika Şuraları (ACCELS) arasında təhsil 
								sahəsində əməkdaşlıq haqqında Saziş 
								imzalanmışdır. Bununla da Azərbaycanla ABŞ 
								arasında təhsil əlaqələrinin yeni mərhələsi 
								başlanmışdır. Bu sənəd ingilis dilini müəyyən 
								tələblər səviyyəsində bilən şagird, tələbə, 
								magistr və aspirantlara, eləcə də elmi 
								tədqiqatla məşğul olan alimlərə müxtəlif 
								proqramlar çərçivəsində ABŞ-da təhsil almaq, 
								yaxud elmi araşdırmalar aparmaq üçün geniş 
								imkanlar açmışdır.  
								
								ABŞ-ın Azərbaycanla təhsil əlaqələrində müxtəlif 
								təlim, mübadilə və tədqiqat proqramlarını 
								reallaşdıran ikinci təşkilat Beynəlxalq 
								Tədqiqatlar və Mübadilə Şurasıdır (İREX). Bu 
								qurum MDB, Mərkəzi və Şərqi Avropa ölkələri ilə 
								ABŞ-ın elmi-tədqiqat mərkəzləri və alimləri 
								arasında əlaqələrin qurulmasına və inkişafına 
								yardım edən tanınmış təşkilatlardan biridir. 
								1968-ci ildən başlayaraq humanitar və ictimai 
								elmlər sahəsində tədqiqatlar üçün təqaüdlər 
								ayıran İREX müxtəlif tədqiqatlar üçün ekspert 
								rəylərinin alınmasına və politoloji təkliflərin 
								hazırlanmasına yardım edir. Təşkilatın həyata 
								keçirdiyi proqramlar ictimai, fərdi və dövlət 
								fondlarından maliyyələşdirilir.  
								
								"Project Harmony" təşkilatı Azərbaycanda 1 
								avqust 2001-ci il tarixdən fəaliyyətə 
								başlamışdır. Bu təşkilatın həyata keçirdiyi 
								proqramlar da ABŞ Dövlət Departamentinin təhsil 
								və mədəniyyət işləri üzrə bürosu tərəfindən 
								lAzadlığın dəstəklənməsi aktı» çərçivəsində 
								maliyyələşdirilir. Təşkilat tərəfindən aşağıdakı 
								proqramlar həyata keçirilir.  
								
								ABŞ-ın qeyd edilən təşkilatları tərəfindən 
								Azərbaycanda təhsil sahəsində aşağıdakı təlim, 
								mübadilə və tədqiqat proqramları həyata 
								keçirilir:  
								
								1. Gələcək Liderlərin Mübadiləsi proqramı (FLEX) 
								ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə 
								fəaliyyətə başlamışdır. Bu proqram çərçivəsində 
								MDB ölkələrindən hər il yüzlərlə X və XI sinif 
								şagirdləri ABŞ-ın orta məktəblərində təhsil alır 
								və yaşayır. Seçilmə prosesi ingilis dilini 
								bilmə, şəxsi keyfiyyətlər, akademik nailiyyətlər 
								və rəhbərlik potensialı kimi keyfiyyətlərə 
								əsaslanır. Seçilmiş şagirdlər Amerika haqqında 
								kurslar keçir və bir il müddətində Amerikanın 
								orta məktəblərində tam kursu bitirirlər. 
								 
								
								1998-ci ildən başlayaraq FLEX proqramı üzrə hər 
								il 55 azərbaycanlı şagird ABŞ-da təhsil alır. 
								İndiyədək 800-dən artıq şagirdimiz bu proqramda 
								iştirak etmişdir. FLEX proqramı çərçivəsində 
								ABŞ-da bir il təhsil almaq hüququ qazanan 
								məktəblilər arasında təkcə Bakı şəhərinin deyil, 
								Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Quba, 
								Şəki, Lənkəran məktəblərinin də şagirdləri 
								vardır.  
								
								2. Tələbə proqramı (UGRAD) ali məktəblərin I - 
								III kurs tələbələri üçün nəzərdə tutulur. Bu 
								proqram çərçivəsində tələbələr bir il müddətində 
								ABŞ universitetlərində təhsil alırlar. 1995-ci 
								ildən bu proqramda 200-dən çox azərbaycanlı 
								tələbə iştirak etmişdir.  
								
								3. Edmund Maski Magistr proqramı ABŞ-ın bir neçə 
								senatoru və konqres üzvü tərəfindən irəli 
								sürülmüş təşəbbüs nəticəsində meydana çıxmış və 
								konqresdə öz təsdiqini tapmışdır. Proqram ABŞ-ın 
								ictimai, siyasi xadimlərindən biri olan Edmund 
								Maskinin şərəfinə adlandırılmışdır. E.Maski 
								1955-1959-cu illərdə Meyn ştatının qubernatoru, 
								1959-1980-cı illərdə həmin ştatdan seçilmiş 
								senator, 1980-1981-ci illərdə ABŞ-ın keçmiş 
								prezidenti Cimmi Karterin kabinetində dövlət 
								katibi vəzifəsini tutmuşdur.  
								
								Digər mübadilə proqramlarında olduğu kimi, 
								Edmund Maski proqramının iştirakçılarının bütün 
								xərcləri, o cümlədən yol, yaşayış və təhsil 
								xərcləri ödənilir. Hər proqram iştirakçısının 
								bir təhsil ili üçün xərcləri təqribən 60 min ABŞ 
								dolları məbləğindədir.  
								
								Proqram 11 istiqamətdə, o cümlədən iqtisadiyyat, 
								biznes, idarəetmə, ictimai idarəetmə, beynəlxalq 
								münasibətlər, ictimai siyasət, hüquq, səhiyyə, 
								ətraf mühit, kitabxanaçılıq, təhsil və 
								jurnalistika üzrə ali məktəblərin məzunları üçün 
								magistraturanın tam kursunu Amerika 
								universitetlərində keçməsini nəzərdə tutur. Bu 
								proqram adətən, 2 illik müddəti əhatə edir. 
								Lakin bir sıra sahələr üzrə magistratura kursu 
								bir ildir. 1998-2008-ci illər ərzində təqribən 
								280-ə yaxın azərbaycanlı gənc bu proqramda 
								iştirak etmişdir. Proqram iştirakçıları magistr 
								dərəcəsi almaqla yanaşı, bitirdikləri 
								universitetdə ixtisasları üzrə 12 həftəlik 
								təcrübə keçmək imkanı da qazana bilərlər. 
								 
								
								4. Gənc Müəllimlərin İnkişafı proqramı (JFDP) 
								gənc ali məktəb müəllimləri üçün nəzərdə 
								tutulur. Bu layihə tədris proqramlarının 
								hazırlanması və tədris metodikasının 
								təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin 
								proqram çərçivəsində müəllimlər ABŞ və 
								Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq 
								əlaqələri yaradırlar. Belə akademik proqram bir 
								il müddəti əhatə edir və bu müddət ərzində 2 
								aylıq stajkeçmə də nəzərdə tutulur. Qeyd etmək 
								lazımdır ki, bu proqram elmi dərəcə alınmasını 
								nəzərdə tutmur. 1999-2007-ci illərdə 35 nəfər 
								proqramda iştirak etmişdir.  
								
								5. İxtisaslı müəllimlər üçün mükafat proqramı 
								(TEA) 3 mərhələdən ibarətdir. Birinci mərhələdə 
								Azərbaycanın bütün regionlarından orta 
								məktəblərin ən yaxşı ingilis dili 
								müəllimlərindən müvafiq müraciətlər qəbul 
								olunur. İkinci mərhələdə namizədlərin 
								sənədlərinə ABŞ-da baxılır və seçim komissiyası 
								35 qalibi müəyyən edir. Qaliblər 200 ABŞ dolları 
								məbləğində tədris materialları ilə təmin olunur, 
								onların işlədikləri məktəb isə tədris avadanlığı 
								və materialları əldə etmək üçün 2000 ABŞ dolları 
								məbləğində vəsait alır. Üçüncü mərhələdə 
								seçilmiş 6 qalib müxtəlif seminar, görüş və 
								digər tədbirlərdə iştirak etmək üçün 7 həftə 
								müddətində ABŞ-a səfər edir. 2002-ci ildən 
								etibarən bu proqramda 24 müəllim iştirak 
								etmişdir.  
								
								6. Təhsildə partnyorlar proqramı (PİE) 
								2001-2004-cü illəri əhatə etmişdir. Proqram 
								vətəndaşşünaslıq və sosial elmlər üzrə orta 
								məktəb müəllimləri və məktəb direktorları üçün 
								nəzərdə tutulmuşdur. Proqram çərçivəsində 
								seçilmiş orta məktəb direktorları və müəllimləri 
								müvafiq olaraq 4 ay müddətində ABŞ-da olmuşlar. 
								Səfər zamanı onlar tədris proqramlarının 
								hazırlanması ilə bağlı tədbirlərdə iştirak 
								etmiş, eyni zamanda məktəblərdə dərs prosesini 
								öyrənmişlər. Proqrama əsasən, ABŞ-dan da 
								müəllimlər  eyni  məqsədlə  Azərbaycanda  
								olmuşlar.  2002-2004-cü  illərdə  24  məktəb 
								direktoru ABŞ-da təcrübə  mübadiləsində  
								olmuşdur.  
								
								7. Qardaşlaşmış Məktəblər proqramı 1998-2003-cü 
								illərdə həyata keçirilmişdir. Proqrama uyğun 
								olaraq hər il Bakı şəhərindəki ümumtəhsil 
								məktəblərinin bir qrup şagird və müəllimi ABŞ-ın 
								Florida ştatına gedərək, bir ay ərzində 
								ailələrdə yaşamaqla həmin ştatdakı ümumtəhsil 
								məktəblərində dərs məşğələlərində iştirak etmiş, 
								amerikalıların həyat tərzi, təhsil sistemi ilə 
								tanış olmuşlar. Bu proqramın məqsədləri, 
								həmçinin iştirakçıların kompüter vərdişləri və 
								ingilis dili sahəsində biliklərini 
								təkmilləşdirmək, sağlam həyat tərzinə dair 
								bukletlər hazırlamaq, Azərbaycanda dövlət 
								quruculuğu, təhsil sistemi, ölkəmizin 
								reallıqları barədə həqiqətləri amerikalı 
								dostları arasında və yaşadıqları ailələrdə 
								yaymaq kimi fəaliyyətləri də əhatə etmişdir. 
								
								Layihənin şərtlərinə görə, eyni zamanda 
								amerikalı şagird və müəllimlər də qarşılıqlı 
								olaraq Azərbaycana gəlib, ailələrdə yaşamaqla 
								Bakı şəhərindəki ümumtəhsil məktəblərində dərs 
								məşğələlərində və müvafiq tədbirlərdə iştirak 
								etmişlər. Mübadilə proqramında Bakı 
								məktəblərinin aşağıdakı sayda müəllim və 
								şagirdləri iştirak etmişlər:  
								
								- 1998-ci ildə 27 nömrəli orta məktəbdən 4 
								şagird, 1 müəllim; 
								
								- 1999-cu ildə 7, 20, 27, 134 nömrəli orta 
								məktəblərdən 21 şagird, 4 müəllim;  
								
								- 2000-ci ildə 7, 20, 27, 134 nömrəli orta 
								məktəblərdən 20 şagird, 4 müəllim;  
								
								- 2001-ci ildə 7, 16, 20, 23, 134 nömrəli orta 
								məktəblərdən 24 şagird, 10 müəllim; 
								
								- 2003-cü ildə 6, 16, 23, 41, 214, 283, 291 
								nömrəli orta məktəblər və Avropa liseyindən 40 
								şagird, 8 müəllim. 
								
								Proqram çərçivəsində Azərbaycandan 100-dən artıq 
								şagird və 30 müəllim ABŞ-da partnyor məktəblərdə 
								olmuş, təqribən bir o qədər də şagird və müəllim 
								həmin məktəblərdən Azərbaycana gəlmişlər. 
								 
								
								8. Müasir Problemlər üzrə Tədqiqat proqramı (CI) 
								mütəxəssislərin, o cümlədən dövlət məmurları, 
								qeyri-hökumət təşkilatları rəhbərləri və özəl 
								sektor ekspertlərinin 4 aylıq tədqiqatını 
								nəzərdə tutur. Bu proqram 1995-ci ildən 
								respublikamızda həyata keçirilməyə başlanmışdır. 
								Hər il təxminən 7 azərbaycanlı təqaüdçü bu 
								proqramda iştirak etmişdir. İndiyədək 50-yə 
								yaxın Azərbaycan vətəndaşı bu proqramdan 
								bəhrələnmişdir.  
								
								9. Kiçik Qrantlar proqramı Müasir Problemlər 
								üzrə Tədqiqat proqramı çərçivəsində ABŞ-da olmuş 
								vətəndaşlar üçün ixtisasartırma kurslarında 
								iştirak etmək məqsədilə kiçik qrantlar 
								verilməsini nəzərdə tutur.  
								
								10. Mütəxəssislərin Regional Mübadilə proqramı 
								(RSEP). Proqram yeni müstəqil dövlətlərin 
								tədqiqatçıları, təqaüdçüləri və ali məktəblərin 
								qabiliyyətli tələbələrinin 4 ay müddətində 
								ABŞ-da və öz ölkələrində tədqiqatlar 
								aparmalarına imkan yaradır. 1993-2003-cü illər 
								ərzində proqramda 40-dan artıq Azərbaycan 
								vətəndaşı iştirak etmişdir.  
								
								11. Azərbaycan Məktəbləri Əlaqələndirmə proqramı 
								(ASCP). 2004-cü ildən proqram Azərbaycan 
								Əlaqələr və Mübadilə proqramı (AzƏM) adlanır. 
								Azərbaycan Əlaqələr və Mübadilə proqramı (AzƏM) 
								İnternet texnologiyalarından istifadə vasitəsilə 
								tələbə və müəllimlərin vətəndaş təhsili və 
								qarşılıqlı mədəniyyətlərarası dialoq təcrübəsini 
								zənginləşdirir. Proqram məktəblərin kompüter 
								avadanlığı ilə təchizinə, məktəblərarası 
								əməkdaşlığın yaradılmasına, İnternet 
								resurslarının təlim prosesinə inteqrasiyasına 
								kömək edir.  
								
								Proqram ölkənin 18 regionu üzrə 71 məktəbi əhatə 
								etmişdir. Həmin məktəblərdə yaradılmış kompüter 
								mərkəzləri ümumilikdə 700-dək kompüterlə və 
								digər İKT avadanlığı ilə təmin olunmuşdur. Bu 
								proqram barədə ötən məqalələrdə daha geniş 
								məlumat verildiyindən qısa məlumatla 
								kifayətlənirik.  
								
								12. Azərbaycan Qadınlarının Liderliyi proqramı. 
								Bu proqram 2004-cü ilin sentyabrından həyata 
								keçirilməyə başlanıb. Proqramın məqsədi 
								qadınların ictimai dialoqlarda iştirakını 
								fəallaşdırmaq, onların ictimai aktivliyini 
								artırmaq və qadın məsələləri ilə məşğul olan 
								müxtəlif qurumlarla əməkdaşlığı inkişaf 
								etdirməkdir. Bunun üçün silsilə təlimlər, onlayn 
								tədbirlər, müvəkkillik kampaniyaları, 
								konfranslar və mübadilə səfərləri təşkil edilir.
								 
								
								Proqram çərçivəsində keçirilən təlimlərdə 
								100-dək qadın müəllim iştirak etmişdir. 
								
								13."Azərbaycanın orta məktəblərində sosial 
								fənlər üzrə müəllim hazırlığı sahəsində tədris 
								proqramının inkişafı layihəsi". Təhsil 
								Nazirliyinin ABŞ-ın təhsil mübadilə təşkilatları 
								ilə əməkdaşlığındakı uğurlu layihələrdən biri də 
								müəllim hazırlığı ilə bağlıdır. 2004-cü ilin 
								iyulunda aparılan danışıqlar və əldə olunan 
								razılaşmalar nəticəsində Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi  ilə  İREX  arasında  layihəyə 
								dair Memorandum imzalanmışdır. 
								
								Layihə pedaqojiprofilli ali təhsil 
								müəssisələrinin müəllim hazırlığı 
								kurikulumlarının təkmilləşdirilməsi ilə əlaqədar 
								tövsiyələr hazırlamışdır. Eyni zamanda qeyd 
								edilən ali məktəblərin sosial fənləri tədris 
								edən müəllimləri üçün treninqlər təşkil 
								edilmişdir. Bu treninqlərdən ümumilikdə 47 ali 
								məktəb müəllimi keçirilmişdir.   
								
								Təhsillə bağlı daha üç proqram Amerika Birləşmiş 
								Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən 
								idarə olunur. Bunlar dünyada tanınmış aşağıdakı 
								proqramlardır:  
								
								- Hampfrey (humphrey) proqramı.  
								
								- Fulbrayt (Fulbright) proqramı.  
								
								- İngilis dili təqaüd proqramı.  
								
								Humphrey proqramı ABŞ-da birillik akademik və 
								professional inkişaf üçün imkanları artırmağı 
								nəzərdə tutur. Təqaüd proqramı istər dövlət, 
								istərsə də özəl sektorda rəhbər vəzifələrdə 
								çalışan peşəkar işçilər üçün nəzərdə tutulur. Bu 
								proqramı bitirdikdən sonra hər hansı akademik 
								dərəcə verilmir. Ona görə də Humphrey 
								proqramının təqaüdünü almaq üçün müraciət 
								edənlər ali təhsilli olmaq və ingilis dilini 
								bilməklə yanaşı, liderlik qabiliyyətinə, 
								həmçinin ən azı 5 il iş təcrübəsinə malik 
								olmalıdırlar. Humphrey proqramı Azərbaycanda 
								2001-ci ildən həyata keçirilir. Proqram 
								aşağıdakı sahələri əhatə edir:  
								
								- Təbii sərvətlər və ətraf mühitin idarə 
								olunması.  
								
								- İctimai - siyasi təhlillər və ictimai 
								idarəetmə.  
								
								- İqtisadi inkişaf.  
								
								- Kənd təsərrüfatının inkişafı/kənd 
								təsərrüfatının iqtisadiyyatı.  
								
								- Maliyyə və bank işi.  
								
								- İnsan resurslarının idarəolunması.  
								
								- Şəhər və bölgə planlaşdırılması.  
								
								- Narkotiklərdən istifadənin qarşısının alınması 
								və müalicəsi sahəsində təhsil.  
								
								- Səhiyyənin təşkili və idarəolunması. 
								 
								
								- Texnologiya siyasəti və idarəetmə.  
								
								- Təhsilin planlaşdırılması və idarəedilməsi.
								 
								
								- Hüquq və insan hüquqları.  
								
								- İctimaiyyətlə əlaqələr və jurnalistika. 
								 
								
								- İngilis dilinin xarici dil kimi tədrisi.
								 
								
								- İnsan alveri, onun qarşısının alınması 
								siyasəti.  
								
								- QİÇS və onun qarşısının alınması siyasəti.
								 
								
								Proqram həyata keçirildiyi müddətdə dövlət və 
								özəl sektorlarda çalışan 150-dən çox  rəhbər 
								vəzifəli şəxs təqdim edilən təqaüddən 
								faydalanmışdır.  
								
								Fulbright proqramı alimlər, tədqiqatçılar və ali 
								məktəb müəllimləri üçün nəzərdə tutulmuş 
								qarşılıqlı mübadilə proqramıdır. Proqram 
								təqaüdçüləri olan azərbaycanlı mütəxəssislər 
								ABŞ-da, amerikalı mütəxəssislər isə Azərbaycanda 
								3 aydan 10 aya qədər müddət ərzində tədqiqat 
								aparmaq üçün qarşı tərəfin ali məktəblərinə 
								göndərilirlər. Proqram biznes və maliyyə, 
								iqtisadiyyat, kitabxanaçılıq, siyasi elmlər, 
								biznesin idarəolunması, kompüter sistemləri, 
								təhsilin idarəolunması, biologiya və ətraf mühit 
								elmləri, ictimai idarəetmə, sosiologiya, 
								antropologiya, kimya, riyaziyyat, o cümlədən 
								incəsənətin müxtəlif sahələrini əhatə edən 48 
								istiqamət üzrə ixtisaslaşmış mütəxəssislərə 
								qarşı tərəfin ali məktəblərində tədqiqat aparmaq 
								üçün geniş imkanlar açır. Hər il 3-5 Azərbaycan 
								tədqiqatçısı bu proqram çərçivəsində ABŞ-a gedir 
								və eyni sayda amerikalı fulbraytçılar 
								Azərbaycana gəlir. Proqram fəaliyyətə 
								başlayandan Azərbaycandan  45-dək  təqaüdçü  
								müxtəlif  müddətlər ərzində ABŞ-ın  müxtəlif  
								universitetlərində  qonaq-alim  statusunda  
								tədqiqat  aparmışdır.  
								
								ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən 
								həyata keçirilən daha bir proqram "İngilis dili 
								təqaüd proqramı"dır. Bu proqram çərçivəsində 
								ingilis dilini xarici dil kimi tədris edən 
								mütəxəssislər ABŞ-dan Azərbaycana gəlir və 
								müxtəlif universitetlərdə ingilis dilinin 
								tədrisi metodları, yaxud ingilis dili 
								bacarıqlarından dərs deyir, müəllimlər üçün 
								təlim kursları və seminarlar aparırlar. Hər il 
								bu proqram çərçivəsində 1-3 ingilis dili 
								mütəxəssisi Azərbaycanın müxtəlif 
								universitetlərində, o cümlədən bölgələrdə 
								yerləşən universitetlərdə ingilis dilini tədris 
								etməyə gəlirlər. İndiyədək bu proqram 
								çərçivəsində 25 ABŞ mütəxəssisi Azərbaycanın 
								universitetlərində təcrübə mübadiləsində 
								olmuşlar. 
								
								Amerika Birləşmiş Ştatlarının Azərbaycanda 
								təhsil sahəsində fəaliyyət göstərən daha bir 
								təşkilatı Sülh Korpusudur (Peace Corp). Bu qurum 
								1961-ci ildə Amerika gənclərinin çağırışına 
								cavab olaraq prezident Con Kennedi tərəfindən 
								yaradılmışdır. Fəaliyyət göstərdiyi 50 il 
								ərizində 182 mindən artıq amerikalı dünyanın 138 
								ölkəsində xidmət göstərmişdir. Hazırda Sülh 
								Korpusunun 7 min könüllüsü Azərbaycan da daxil 
								olmaqla 80-ə yaxın ölkədə fəaliyyət göstərir.
								 
								
								ABŞ-ın hökumət agentliyi olan bu təşkilat 
								Azərbaycan hökuməti ilə 2003-cü ildə imzalanmış 
								müvafiq sazişə əsasən respublikamızda fəaliyyətə 
								başlamışdır. 8 dekabr 2003-cü il tarixində 
								Azərbaycan Respublikasının təhsil naziri və 
								təşkilatın Azərbaycan üzrə rəhbəri Uilyam Levayn 
								tərəfindən əməkdaşlıq haqqında Memorandum 
								imzalanmışdır. Belə bir razılığın əldə olunması 
								"ABŞ və Azərbaycan hökumətləri arasında 
								Azərbaycan Respublikasında Sülh Korpusunun 
								proqramı" haqqında imzalanmış 8 oktyabr 2003-cü 
								il tarixli Sazişin nəticələrindən biridir.
								 
								
								Sülh Korpusunun missiyası fərdlər və 
								təşkilatlara bilik və təcrübənin səmərəli 
								mübadiləsinə kömək göstərməkdən ibarətdir. 
								Təşkilatın fəaliyyətinə cəlb olunan könüllülər 
								digər ölkələrə, yaxud onların vətəndaşlarına 
								mal, avadanlıq və ya pul şəklində yardım 
								göstərmirlər. Təşkilatın məqsədi ölkələr və 
								mədəniyyətlər arasında sülh və dostluq əlaqələri 
								yaratmaqdır. Bu şərəfli missiyanı həyata 
								keçirmək üçün Amerika könüllüləri digər ölkələrə 
								gedib orada yaşayırlar. Həmin ölkələrin dil və 
								mədəniyyətlərini öyrənir və yerli icmalara 
								texniki yardım göstərirlər. Sülh Korpusu üç 
								fundamental məqsədi yerinə yetirərək dünyada 
								sülh və dostluğa yardım göstərməyə çalışır. 
								Təşkilatın Azərbaycandakı fəaliyyəti də məhz bu 
								istiqamətləri əhatə edir.  
								
								- Azərbaycanın sosial-iqtisadi inkişafına kömək 
								göstərmək üçün təlim keçmiş mütəxəssisləri 
								göndərmək.  
								
								- Azərbaycanlıların Amerika xalqını daha yaxşı 
								tanımalarına kömək etmək.  
								
								- Amerikalıların Azərbaycan xalqını daha yaxşı 
								tanımalarına kömək etmək.  
								
								Göründüyü kimi, təşkilatın Azərbaycandakı 
								fəaliyyəti təhsillə yanaşı, sosial-iqtisadi 
								fəaliyyətlə bağlı sahələri də əhatə edir. Lakin 
								Sülh Korpusunun Azərbaycandakı fəaliyyətinin ən 
								uğurlu sahəsi məhz təhsillə bağlıdır. Belə ki, 
								ABŞ-dan gələn könüllülər Azərbaycanın müxtəlif 
								bölgələrində, xüsusilə də ingilis dilinin 
								tədrisində daha böyük tələbat olan ümumtəhsil, 
								orta ixtisas məktəblərində müəllim kimi 
								çalışırlar. Proqramın məqsədi Azərbaycanın 
								beynəlxalq aləmə inteqrasiyasına yardım 
								göstərmək üçün respublikamızda ingilis dilinin 
								tədrisini yaxşılaşdırmaq və Azərbaycanın bütün 
								bölgələrində ingilis dilinin tədrisi imkanlarını 
								genişləndirməkdir. Təhsil Nazirliyi ilə Sülh 
								Korpusu arasında imzalanmış Memorandum 
								çərçivəsində 2003-cü ildə təşkilatın 25 
								könüllüsü Biləsuvar, Cəlilabad, Lənkəran, Şəki, 
								Oğuz, Masallı, İsmayıllı, Qəbələ, Ağdaş 
								rayonlarındakı, habelə Gəncə, Sumqayıt, 
								Mingəçevir şəhərlərində 24 orta məktəbdə 
								fəaliyyətə başlamış və onların fəaliyyəti 
								2005-ci ilə kimi davam etmişdir. 2004-cü ilin 
								oktyabrında isə daha 27 könüllü and içərək 
								2006-cı ilin payızına qədər Azərbaycanın 14 
								rayonunun 22 ümumtəhsil məktəbində çalışmışdır. 
								2006-cı ilin sentyabrında isə daha 42 Sülh 
								Korpusu könüllüsünün andiçmə mərasimi 
								keçirilmiş, onlar növbəti iki il müddətində 
								Azərbaycanın 19 rayonunun 24 tədris 
								müəssisəsində ingilis dilinin tədrisinə 
								başlamışlar. Bütövlükdə proqram Azərbaycanda 
								fəaliyyət  göstərdiyi  müddətdə Azərbaycanın  
								45  rayonunda 130 məktəbdə  170-dən  artıq  Sülh 
								Korpusu  könüllüsü  fəaliyyət göstərmişlər.
								 
								
								Bu proqramın maraqlı cəhətlərindən biri odur ki, 
								ingilis dilini tədris etməyə gəlmiş könüllü 
								çalışdıqları yerlərdəki ailələrdən birində 
								yaşayır. Sülh Korpusu könüllülərinin təhsil 
								müəssisəsindəki fəaliyyətini əsasən üç 
								istiqamətdə qruplaşdırmaq olar:  
								
								- Şagirdlərlə iş.  
								
								- İngilis dili müəllimləri ilə iş.  
								
								- Tədris resurslarının inkişafı ilə əlaqədar iş.
								 
								
								Məktəblərdə ingilis dilinin tədrisi layihəsi 
								üzrə çalışan könüllülərin hər biri 7-16 yaş 
								arasında olan şagirdlərə orta hesabla həftəlik 
								15-18 saat dərs deyir. Layihə şagirdlərin 
								ingilis dili daşıyıcılarından faydalanaraq oxu, 
								yazı, danışıq və dinləmə qabiliyyətlərinin 
								təkmilləşdirməsinə yardım edir. Könüllülər, eyni 
								zamanda dərslərdən sonra ingilis dili kursları 
								təşkil edirlər. Bu kurslar şagirdlərin ingilis 
								dili danışıq və dinləmə bacarıqlarının, dünyaya 
								baxışlarının, yaradıcı təfəkkürünün və 
								qərarvermə bacarıqlarının inkişafına xidmət 
								edir. Bu müəllimlərin fəaliyyəti məktəblərdə 
								ingilis dili kitabxanalarının yaradılması, inşa 
								müsabiqələrinin təşkili, şagirdləri 
								respublikamızda həyata keçirilən təqaüd 
								proqramlarının müsabiqələrinə hazırlanması kimi 
								işlərlə də bağlıdır.  
								
								Könüllülərin ingilis dili müəllimləri ilə 
								apardıqları iş daha böyük əhəmiyyətə malikdir. 
								Belə ki, məktəblərdə çalışan Sülh Korpusu 
								könüllüləri bir və ya iki tərəfdaş müəllimlə 
								birgə ingilis dilini tədris edirlər. Bu 
								dərslərdə ingilis dilinin tədrisində yeni 
								interaktiv metodlardan istifadə olunur. 
								Könüllülərin çalışdıqları məktəblərdəki 
								müəllimlərin işi dərslərlə məhdudlaşmır. Onlar 
								tərəfdaş müəllimlərlə birgə işləyir, dərslərdən 
								sonra müəllimlərin evlərində birgə müzakirələr 
								aparırlar. Proqram iştirakçılarının məktəb 
								müəllimləri ilə əməkdaşlığı nəticəsində 
								azərbaycanlı tərəfdaş müəllimlərin ingilis dili 
								bacarıqları əhəmiyyəti dərəcədə artır. Bir-biri 
								ilə gündəlik ünsiyyətdə olmaq, sinifdaxili birgə 
								iş və ingilis dilinin praktik səviyyədə 
								istifadəsi müəllimlərin bacarıqlarının 
								inkişafına zəmin yaradır. Təcrübə göstərir ki, 
								ana dili ingilis dili olan şəxsləri əvvəllər tam 
								anlamayan məktəb müəllimlərinin ingilis dilində 
								səlisliyi daha yüksək səviyyəyə çatır. Belə 
								birgə fəaliyyət tərəfdaş müəllimlərin peşə 
								hazırlığını artırmaqla yanaşı, müasir tədris 
								praktikasına uyğun yeni vəsaitlərin 
								hazırlanmasını təmin edir.  
								
								Proqram iştirakçılarının tədris resurslarının 
								inkişafı ilə əlaqədar işi nəticəsində ingilis 
								dilinin tədrisi üzrə əyani tədris vəsaitləri 
								hazırlanır, müəllimlərin və şagirdlərin 
								istifadəsinə verilir. Həmçinin könüllülər 
								səmərəli sistemlər tətbiq etməklə şagirdlərə 
								asanlıqla materiallardan istifadə etmək 
								bacarıqları aşılayır, onların oxuya marağını 
								artırırlar.  
								
								Təhsil Nazirliyinin ABŞ-la təhsil sahəsində 
								həyata keçirdiyi uğurlu layihələrdən biri də 
								ABŞ-ın Montana Universiteti ilə birgə əməkdaşlıq 
								çərçivəsində icra olunan "Demokratik vətəndaşlıq 
								üzrə təhsil" qrant layihəsidir. 
								
								Layihənin əsas məqsədi orta məktəblərin VIII-XI 
								sinifləri üçün insan və cəmiyyət fənni üzrə 
								beynəlxalq standartlara cavab verən və müasir 
								interaktiv metodikalara əsaslanan müəllimlər 
								üzrə dərs vəsaitinin hazırlanmasıdır. Layihə 
								2006-cı ildən həyata keçirilməyə başlanmışdır. 
								
								Azərbaycan tərəfindən layihədə iştirak etmək 
								üçün müsabiqə əsasında dörd orta məktəb müəllimi 
								seçilmiş və Təhsil Nazirliyindən layihə 
								koordinatoru daxil olmaqla işçi qrupu 
								yaradılmışdır. Amerika tərəfindən bu layihədə 
								ABŞ-ın Harvard, İndiana, Montana 
								universitetlərinin qabaqcıl professor və 
								müəllimləri, məsləhətçi və akademik koordinator 
								iştirak etmişlər.  
								
								Layihənin birinci mərhələsində işçi qrupunun 
								üzvləri ABŞ-ın Montana Universitetində intensiv 
								treninqlərdən keçmiş, Demokratiya, Konstitusiya, 
								İnsan hüquqları, Vətəndaşlıq üzrə tədris 
								proqramları, eksperimental dərslərin metodikası 
								və dərs vəsaiti hazırlamışlar.  
								
								2003-cü ilin mayında amerikalı ekspertlər layihə 
								çərçivəsində görülən işlərin qiymətləndirilməsi 
								məqsədilə Bakıya gəlmiş, İşçi qrupunun 
								fəaliyyətinə yüksək qiymət verilmiş, ABŞ Dövlət 
								Departamentinə layihənin davam etdirilməsi 
								tövsiyə edilmişdir.  Dövlət  Departamenti  
								insan  və  cəmiyyət  fənninin  tədris  proqramı  
								və  dərsliyinin tamamlanması, həmçinin onların 
								nəşri   üçün  növbəti  qrant  ayırmışdır. 
								 
								
								Həmin layihədə yalnız tədris proqramı və dərs 
								vəsaitinin hazırlanması deyil, eyni zamanda Bakı 
								şəhəri və respublikanın rayonlarının orta məktəb 
								müəllimləri üçün təkmilləşdirmə kurslarının 
								keçirilməsi də nəzərdə tutulmuşdu. Kurslar həm 
								yerli müəllimlər, həm də ABŞ-ın ekspertləri 
								tərəfindən aparılmışdır. 2002-2004-cü illərdə 
								Bakı şəhəri və 4 rayonun orta məktəblərinin 
								250-dən artıq müəllimi insan və cəmiyyət fənni 
								üzrə kurslarda iştirak etmişdir. Kurslarda 
								müəllimlər vətəndaşsünaslıq üzrə yeni interaktiv 
								tədris metodları, eyni zamanda yeni proqram və 
								dərs vəsaiti ilə tanış olmuşlar.  
								
								Layihənin nəticəsi kimi, 2005-ci ildə ümumtəhsil 
								məktəblərinin VIII-XI sinifləri üçün insan və 
								cəmiyyət fənni üzrə beynəlxalq tələblərə cavab 
								verən müəllimlər üçün dərs vəsaiti hazırlanıb 
								nəşr olunmuşdur. 
								
								Qeyd edilənlər göstərir ki, ABŞ tərəfindən 
								maliyyələşdirilən və ölkəmizdə həyata keçirilən 
								çoxprofilli təqaüd proqramları və layihələr 
								təhsil və tədqiqatlarla bağlı müxtəlif sahələri 
								əhatə edir. Bu proqramlar ABŞ-ın qeyri-hökumət 
								təşkilatları və bu ölkənin Azərbaycandakı 
								səfirliyi tərəfindən idarə olunmaqla Təhsil 
								Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata 
								keçirilir. Belə ki, hər ilin payızında ABŞ 
								tərəfindən proqramlar üzrə müsabiqənin elan 
								olunması Təhsil Nazirliyi və ABŞ səfirliyi 
								tərəfindən birgə həyata keçirilir. Bununla 
								əlaqədar Təhsil Nazirliyi və ABŞ-ın ölkəmizdəki 
								səfirliyi ilə birgə mətbuat konfransı ənənə 
								halını almışdır. Bu konfransda ABŞ tərəfindən 
								maliyyələşdirilən təqaüd proqramlarının 
								nəticələri barədə məlumat verilir və növbəti 
								proqramlar haqqında lazımi informasiya 
								ictimaiyyətə çatdırılır.  
								
								ABŞ-ın beynəlxalq təhsil mübadilə proqramları 
								barədə təhsil müəssisələrində təqdimatların 
								keçirilməsi və digər təbliğat işlərinin 
								aparılmasına da Təhsil Nazirliyi lazımi dəstək 
								göstərir. Eyni zamanda keçirilmiş çoxmərhələli 
								müsabiqə nəticəsində seçilmiş namizədlər, habelə 
								təqaüd proqramını başa vuraraq Azərbaycana 
								qayıtmış iştirakçılarla Təhsil Nazirliyində 
								mütəmadi görüşlər keçirilir.  
								
								Qeyd olunan mübadilə proqramları çərçivəsində 
								Azərbaycan təhsil müəssisələrinin yüzlərlə 
								şagird, tələbə, magistr, müəllim və tədqiqatçısı 
								ABŞ-da müxtəlif müddətli proqramları 
								tamamlayaraq məzun kimi vətənə qayıtmışlar. Bu 
								məzunlar təşkilatlanaraq Azərbaycan Məzunlar 
								Assosiasiyasını (AAA-Azerbaijani Alumni 
								Assosiation) təsis etmişlər. Hazırda bu qurum 
								ABŞ-da təhsil almış 2000-dən artıq məzunu öz 
								ətrafında birləşdirir. Bu təşkilatla Təhsil 
								Nazirliyi arasında işgüzar əlaqələr mövcuddur. 
								Hazırda onlardan iki nəfər Təhsil Nazirliyinin 
								mərkəzi aparatında çalışır. Amerika təhsilli 
								məzunlar hazırda iqtisadiyyatın müxtəlif 
								sahələrində, o cümlədən dövlət strukturlarında 
								uğurla fəaliyyət göstərirlər. Lakin aparılan 
								təhlillər göstərir ki, Amerikada təhsil alıb 
								qayıtmış vətəndaşlarımız daha çox özəl sektorda, 
								xüsusilə də beynəlxalq və xarici təşkilatların 
								Azərbaycandakı nümayəndəliklərində və 
								müəssisələrində çalışmağa daha çox üstünlük 
								verirlər.  
								
								Eyni zamanda 19 iyun 2008-ci il tarixində ABŞ 
								Dövlət katibinin müavini xanım Qoli Amerinin 
								Azərbaycana səfəri zamanı Azərbaycan 
								Respublikası hökuməti ilə Amerika Birləşmiş 
								Ştatları hökuməti arasında təhsil sahəsində 
								əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkə 
								arasında təhsil sahəsində əməkdaşlığın 
								inkişafına təkan vermişdir.  
								
								
								(Ardı var) 
								
								  
								
								
								Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, 
								fizika-riyaziyyat
 elmləri doktoru, professor
 |