"Nəriman Nərimanov böyük və qaynar həyatını
bütünlüklə xalq işinə sərf etmişdir".
Heydər ƏLİYEV
XIX əsrin sonu, XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Nəriman Nəcəf oğlu Nərimanov
məşhur pedaqoq, dramaturq, nasir, publisist,
həkim olmaqla bərabər, həm də görkəmli dövlət
xadimi idi.
Azərbaycan xalqının böyük oğlu N.Nərimanov bütün
həyatını zəhmətkeş xalqların zülmdən azad olması,
onların səadəti və dostluğu uğrunda mübarizəyə
sərf etmişdir.
N.Nərimanovun həyatında onun
pedaqoji-maarifçilik fəaliyyəti ayrıca əhəmiyyət
kəsb edir. 1890-cı ildə Qori Müəllimlər
Seminariyasını bitirən Nərimanov Tiflis
quberniyası Borçalı qəzasının Qızılhacılı kənd
məktəbinə müəllim göndərilmişdi. Bir il sonra o,
Bakıya gəlmiş, əvvəlcə Bakı realnı məktəbinin
müəllimi A.İ.Pobodonostsev tərəfindən təşkil
edilən 6 sinifli progimnaziyanın hazırlıq
sinfinin aşağı şöbəsində, xüsusi məktəbdə, sonra
isə Bakı oğlan gimnaziyasında müəllimlik
etmişdir.
XIX əsrin sonlarında Rusiyanın digər milli
ucqarlarında olduğu kimi, Azərbaycanda da
maarifpərvər müəllimlər yalnız dərs deməklə
kifayətlənmirdilər. Onlar ədəbiyyat və
incəsənətə, mətbuata xalqın ictimai yaralarını
müalicə edən qüdrətli bir vasitə kimi baxırdılar.
Odur ki, həmin ziyalılar bədii əsərlər yazır,
qəzet və jurnallar çap etdirir, yeni üsullu
məktəb açır, qiraətxana və kitabxanalar təşkil
edir, dərsliklər hazırlayırdılar. Belə
müəllimlərdən biri də Nərimanov idi.
O, istər 1891-1902-ci illərdə Bakıda müəllimlik
etdiyi zaman, istərsə də sonralar Azərbaycanın
qabaqcıl ziyalıları ilə bərabər bir sıra mədəni,
ictimai və pedaqoji məsələlərin həllində fəal
iştirak etmişdir. Nərimanov dövrün görkəmli
müəllimlərindən olan S.M.Qənizadə, H.Mahmudbəyov,
Ə.Cəfərzadə və başqalarının yaxından iştirakı
ilə 1894-cü ildə Bakıda ilk milli kütləvi
kitabxana-qiraətxananın əsasını qoymuşdur.
Kitabxana-qiraətxanada N.Gəncəvi, M.Füzuli,
Ə.Firdovsi, M.P.Vaqif, Q.Zakir, M.F.Axundov,
S.Ə.Şirvani... kimi görkəmli şair və yazıçıların
əsərləri, "Əkinçi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül"
qəzetlərinin əldə olunan nüsxələri toplanmış,
onların kataloqu düzəldilmişdir.
Xalq arasında "Nərimanov qiraətxanası" adlanan
bu kitabxana az müddət ərzində şəhər
zəhmətkeşləri və ziyalılarının böyük rəğbətini
qazanmışdır.
N.Nərimanov xalqın maariflənməsi və milli
dirçəlişində mətbuatın roluna ayrıca əhəmiyyət
verirdi. O deyirdi ki, əgər bir mühazirəni ən
çox 500-600 nəfər dinləyirsə, qəzeti minlərlə
adam oxuyur. Əgər bir müəllim 30-40 şagirdi
öyrədirsə, qəzet bütün xalq kütləsini öyrədir.
Dövri mətbuatın geniş və kütləvi təsir qüvvəsini
nəzərə alan Nərimanov 1896-cı ildə "Sovqat" adlı
uşaq jurnalı nəşr etməyə təşəbbüs göstərmişdir.
Jurnalı açmaq mümkün olmadığından o, 1899-cu
ildə "Təzə xəbərlər" adlı həftəlik qəzet
çıxarmaq fikrinə düşmüş və bunun üçün nəşriyyat
işləri baş idarəsinə, Qafqaz Senzura Komitəsinə
müraciət etmişdir.
1900-cü ildə N.Nərimanov yenidən "Məktəb" adlı
xüsusi pedaqoji jurnal nəşr etdirmək üçün Qafqaz
Senzura Komitəsindən icazə istəmişdir.
Beləliklə, N.Nərimanov Bakıya gəldiyi ilk
günlərdən xalq maarifi sahəsində həvəslə
çalışmış, pedaqoji, ədəbi və ictimai fəaliyyət
göstərmişdir. O, bir-birinin ardınca "Şamdan bəy"
(1894), "Bahadır və Sona" (1896), "Nadir şah"
(1899) və s. kimi məşhur əsərlərini yazmışdır.
N.Nərimanov bu illərdə bədii əsərlər yazmaqla
yanaşı, bir sıra dərsliklər də tərtib etmişdir.
1899-cu ildə nəşr etdirdiyi "Türk-Azərbaycan
dilinin müxtəsər sərf-nəhvi", "Müəllimsiz türk
dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça",
"Müsəlmanlar üçün müəllimsiz rus dilini
öyrənməkdən ötrü asan kitabça" əsərləri
dərsliklərin tərtibi işində irəliyə doğru
atılmış bir addım idi. Bu kitablar, xüsusilə "Türk-Azərbaycan
dilinin müxtəsər sərf-nəhvi" uzun müddət
Azərbaycan məktəblərində istifadə edilmişdir. "Nicat"
cəmiyyətinin sədr müavini olan Nərimanov qələm
yoldaşları - H.Zərdabi, F.Ağayev, S.S.Axundov,
A.Şaiq, Ü.Hacıbəyov və başqaları ilə birlikdə
1906-cı ilin avqust ayında Bakıda Azərbaycan
müəllimlərinin I qurultayının çağırılmasına
xüsusi əmək sərf etmişdir. O, qurultay
ərəfəsində yazıb dərc etdirdiyi "Müəllimlər
ictimainə dair", "Müsəlman müəllimləri yığıncağı
münasibətilə bir neçə söz", "Mühüm bir məsələ",
"Bu gün" və s. məqalələrində qeyd edirdi ki,
müəllimlər bir yerə yığılıb dərdləşəcək, ümumi
bir proqram düzəldib, ittifaq ilə iş görəcəklər.
Haman məclisdə millətin dərdinə əlac arayacaqlar...
N.Nərimanovun maarifçilik fəaliyyətində onun
Həştərxan dövrü xüsusi əhəmiyyət kəsb edir.
1909-1913-cü illərdə Həştərxanda sürgündə olan
Nərimanov "Xalq universiteti" və "Şurayi-İslam"
cəmiyyətlərinin işində fəal iştirak etmiş, "Burhani-tərəqqi",
"Astraxanski listok", "Astraxanski kray", "Semeynoye
vospitaniye" adlı qəzet və jurnallarda məqalələr
dərc etdirərək, xalq maarifinin tərəqqisinə
çalışmışdır.
O, 1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif
Şöbəsinin müdiri olmuş, vətəndaş müharibəsinin
ağır illərinə baxmayaraq, müəllim kadrları
hazırlığında xidmətlər göstərmişdir.
N.Nərimanov təkcə praktik pedaqoq deyil, eyni
zamanda pedaqogika tarixi, psixologiya,
Azərbaycan dili və onun tədrisi metodikasının
bir sıra nəzəri məsələləri ilə də məşğul olmuş
və çox qiymətli bir irs qoymuşdur.
Böyük ədibə görə, tərbiyənin məqsədi öz vətənini,
millətini sevən, mərd, mübariz, xeyirxah,
insanlığa xidmət edən, mənəvi cəhətdən saf,
fiziki cəhətdən sağlam, elmi biliklərlə
silahlanmış yüksək şüurlu adamlar yetişdirməkdən
ibarətdir.
N.Nərimanovun pedaqoji fikirlərində təhsil və
tərbiyənin vəhdəti, təhsilin tərbiyəyə müsbət
təsiri həyati faktlarla göstərilmişdir. "Nadanlıq"
əsərində təsvir edilən Ömər oxumuş, təhsil
almışdır. Ona görə də o nəinki pis işlərlə
məşğul olmur, həm də qardaşı Vəlinin
dələduzluğuna qarşı ciddi etiraz edir. Doğrudur,
onun etirazları nəticəsiz qalır, avamlıq,
nadanlıq öz işini görür, hətta onu "düz yoldan
çıxmış hesab edirlər". Lakin Ömərin timsalında
oxumağın, təhsilin uşağın mənəvi aləminə,
tərbiyəsinə müsbət təsiri həyati faktlarla sübut
olunur.
N.Nərimanovun əsərlərində insan şəxsiyyətinin
formalaşmasında tərbiyənin rolu xüsusilə
qiymətləndirilir. Pedaqoji fəaliyyətinin ilk
dövründə tərbiyənin rolunu yüksək
qiymətləndirməsi onun dünyagörüşündə demokratik
maarifçilik mövqeyindən irəli gəlirdi. O,
şəxsiyyətin təşəkkülündə elmin, təhsilin
əhəmiyyətini göstərməklə kifayətlənmir,
tərbiyənin roluna daha üstünlük verirdi. Heç
təsadüfi deyildir ki, 90-cı illərdə elm insana
ancaq bilmədiyi şeyləri təlim verir, adam olmağa
isə tərbiyə gərəkdir, - fikrini geniş təbliğ
edirdi. Bu fikir onun pedaqoji görüşlərinin
əsasında dururdu. Cəmiyyətin böyük rolunu qeyd
edən N.Nərimanov tərbiyənin rolunu ayrıca
qiymətləndirirdi.
Tərbiyənin roluna dair Nərimanovun fikirləri
içərisində nəzəri cəlb edən cəhətlərdən biri də
şəxsiyyətin təşəkkülündə tərbiyə, mühit və
irsiyyət məsələsidir. Nərimanov irsiyyət
nəzəriyyəsinin əleyhinə olaraq, cəmiyyətdə
birinin anadangəlmə xan, bəy, digərinin qul
olması fikrini mövcud quruluşun və bu quruluşda
verilən tərbiyənin nəticəsi kimi izah edirdi. O
yazıdı ki, heç kim anadan olanda padşah, xan,
bəy, qul yaranmayıbdır. İnsana məxsus sağlam
beyin və bu beyində insanı heyvandan ayıran
xüsusi nöqtələr anadan olanda hamıda birdir.
Bütün beyin və ayrıca-ayrıca nöqtələrin müəyyən
bir yolda qüvvət tapması sonrakı tərbiyəyə
bağlıdır.
N.Nərimanov insan şəxsiyyətinin təşəkkülündə
tərbiyə ilə bərabər quruluşun, ictimai mühitin
də rolunu göstərirdi. İnsan şəxsiyyətinin
təşəkkülündə tərbiyənin rolunu yüksək
qiymətləndirən N.Nərimanov maarifin
demokratikləşdirilməsini insanların ümumi,
bərabər inkişafına mane olan mövcud quruluşun,
ictimai-iqtisadi həyat şəraitinin inqilabi yol
ilə dəyişdirilməsi ideyasını təbliğ edirdi. O
yazırdı ki, müəyyən bir sinfin, ağa və
mülkədarın zəhmətkeşlərə etdiyi vicdansızlıq:
oğruluq, quldurluq, qan tökmək, insan və millət
balalarını ayaqyalın, başıaçıq, sərgərdan
çöllərə salıb, elmdən, fəndən məhrum qoymaq.
Bütün insanların və millətin aralarına ziddiyyət
salıb, bir-birinə vuruşdurmaq, bunların əxlaqını
pozub, heyvan dərəcəsinə gətirmək... və s. bütün
bunlar mövcud cəmiyyətin, sosial mühitin və bu
mühitdə verilən tərbiyənin nəticəsidir.
Uşaqların tərbiyəsində valideynlərin rolunu
yüksək qiymətləndirən N.Nərimanov "Teatr
barəsində bir neçə söz" adlı məqaləsində yazırdı
ki, "Heç ata-ana istərlərmi uşaqları bədbəxt
olsunlar? Heç kəs istəməz ki, oğlu qazamatda
illərlə çürüsün. Amma çi fayda, bunların
hamısını görürük və gözlərimizdən qanlı yaşlar
tökülür. Bəs lazım gəlmirmi bu dərdin dərmanını
tapaq? Nə vaxtadək qoca ata və analarımız
sudlara düşəcəklər?... Bəyəm günah qazamatda
çürüyən uşaqlarımızdadır? Xeyr. Günah
özümüzdədir".
N.Nərimanovun tərbiyə haqqındakı fikirləri
içərisində diqqəti cəlb edən cəhətlərindən biri
də verilən tərbiyənin tamlığını və ardıcıllığını
tələb etməsidir. N.Nərimanova görə, tərbiyəçi
tərbiyə işində ardıcıl olmalı, uşağa verilən
tələblərdə natamamlığa yol verməməlidir.
N.Nərimanovun pedaqoji fikirləri içərisində
əxlaq və əxlaqi tərbiyə də mühüm yer tutur. Onun
əxlaq məsələlərinə dair fikirləri xalqın ictimai
tərəqqisi və azadlığı uğrundakı mübarizəsi ilə
əlaqədardır. O, xalqın, o cümlədən gənclərin
əxlaq tərbiyəsi məsələsini siyasi mübarizənin
tərkib hissəsi hesab edirdi. N.Nərimanovun əsər
və məqalələrində əxlaqın tarixi və sinfi
kateqoriya olması göstərilir. "Həyat" qəzetində
dərc edilən məqalələrindən birində o qeyd edirdi
ki, hər bir sinfin özünəməxsus fikri, əqidəsi,
dolanacağı, başqa sözlə desək, əxlaqi normaları
vardır. Zəmanənin dəyişməsi ilə əlaqədar olaraq,
əxlaqi normalar da dəyişir və inkişaf edir.
N.Nərimanov əxlaqi tərbiyədə xalqlar dostluğu
ideyasını geniş təbliğ edir. 1896-cı ildə
yazdığı "Bahadır və Sona" romanından başlamış
1906-1907-ci illərdə "Həyat" və "İrşad"
qəzetlərində, 1917-1918-ci illərdə "Hümmət"
qəzetində dərc etdirdiyi bir çox məqalələri o
dövrdə xalqlar dostluğu və beynəlmiləlçilik
ideyasının zəhmətkeşlər arasında yayılmasında
böyük rol oynamışdır.
N.Nərimanov təbliğ etdiyi vətənpərvərliyi məhdud
mənada deyil, geniş mənada götürürdü. O, öz
sevimli vətəninin gələcək istiqlaliyyətini və
xoşbəxtliyini heç bir vaxt başqa xalqın
səadətindən ayırmır, onların birini digərinə
qarşı qoymur, əksinə, bütün xalqların səmimi və
mehriban yaşamaları uğrunda ardıcıl mübarizə
aparırdı. Onun fikirlərində fərdin mənafeyi
Vətən və xalqın mənafeyi ilə birləşdirilir. O
yazırdı: Siz özünüzü bir millətdən hesab
edirsinizsə, özünüz üçün müəyyən bir vətən var
isə, həmin millətin, həmin vətənin dərdi, qəmi
sizin dərdiniz, qəminizdir və ya bir millət və
ya Vətən üçün ümumi dərd və qəm olacaqdır.
N.Nərimanovun fikrincə, hər iki tərəf
bir-birinin mənafeyini müdafiə etməlidir. Yəni
"Vətən, millət, xalq üçün, ayrı-ayrı üzvlər
üçün, ayrı-ayrı şəxslər isə Vətən, millət üçün,
onun tərəqqisi üçün çalışmalıdır". Nərimanov söz
ilə deyil, özünün gündəlik əməli fəaliyyətilə
Vətənin tərəqqisinə çalışanları yüksək
qiymətləndirirdi.
N.Nərimanov vətənpərvərliyi əmək ilə, həm də
hamının xeyrinə olan əmək ilə əlaqələndirir və
Vətənin bütün övladlarını onun tərəqqisi yolunda
çalışmağa çağırır. Onun fikirlərində həm fiziki,
həm də zehni əmək yüksək qiymətləndirilir. O,
bəşəriyyətin səadətini əməkdə görür, yüksək
əxlaqi keyfiyyətlərin yaranmasında əməyə
üstünlük verirdi.
N.Nərimanov gənc nəslin əmək tərbiyəsi işində
məktəbin rolunu ayrıca qeyd edirdi. Azərbaycan
müəllimlərinin qurultayında N.Nərimanov deyirdi
ki, əməyin nə olduğunu gənclərə bildirən
məktəbdir. Bu da ki, bizim həyatımız və bütün
fikrimizdir. Çünki biz yer üzərində ancaq
zəhmətin hökmranlığının bərqərar olmasına
çalışırıq. Öz zəhməti ilə Vətənə xidmət etməyi,
o, ən yüksək mənəvi borc hesab edirdi.
N.Nərimanovun pedaqoji irsində tə
limin məzmunu və üsullarına aid də çox dəyərli
fikirlər vardır. O, bir tərəfdən köhnə
məktəbləri, "Zavallı uşaqların, gələcək millət
balalarının fəhmlərini, zehinlərini korlayan,
orta əsrlərdən qalma üsul ilə dərs keçilən"
mollaxanaları, digər tərəfdən isə dövlət
məktəblərinin ruslaşdırma siyasətini kəskin
tənqid və ifşa edirdi. Təlimin ana dilində
aparılması ideyası onun pedaqoji fikirlərinin
əsasını təşkil edir. "Millətin dilini bilmədən,
onun dərdinə dava etmək çətindir", - deyən
N.Nərimanov müəllim işini həkimliklə müqayisə
edir və göstərir ki, "həkim azara görə dərman
verdiyi kimi, müəllim də tələbə görə bilik
verməlidir". O deyirdi ki, naxoşun ruhunu
təmizləməkdənsə, qanını təmizləyin. İnsanın dili
onun qanıdır. Qan təmiz olanda ürək yaxşı
işlədiyi kimi, dilin də saf olması millətin
tərəqqisinə səbəb olur.
N.Nərimanov ana dilini xalqdan uzaq salanlara
qarşı çıxmaqla, onların fikrini böyük etiraz və
coşqunluqla rədd edir, ana dilinin tədrisi
məsələsində haqqın, ədalətin qalib gələcəyinə
inanırdı. Ana dilinin məktəb proqramından
çıxarılmasını istəyənləri və buna görə əl
çalanları mənasız hesab edən N.Nərimanov
yazırdı: "Qoy çalsınlar! Lakin haqqı batil edə
bilməyəcəklər. Bəşərin fitrət və təbiətində
məknun olan hissiyyatı - aliyeyi nabud
edəməyəcəklər!... Analarımızın laylalarını
qulaqlarımızdan çıxarmayacaqlar, illər ilə
bilüzum bir şey kimi ayaq altına aldıqları o
gövhəri qiymətdən saqid ödəməyəcəklər. Ana
dilimiz hər halda qüvvət tapacaqdır...".
N.Nərimanov ana dilinin təlimi əhəmiyyətini
göstərməklə bərabər, onun tərbiyəvi rolunu
ayrıca qeyd edir. Ana dilinin tərbiyəvi
əhəmiyyətindən bəhs edən N.Nərimanov uca səslə
deyirdi:
"Ana dili! Nə qədər rəfiq, nə qədər ali,
hissiyyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə
qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir
qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud
öz məhəbbətini, şəfqəti-madəranəni sənə o dildə
bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən
layla şəklində öz ahəng və lətafətini sənə
eşitdirib, ruhun ən dərin güşələrində nəqş
bağlayıbdır!".
N.Nərimanovun pedaqoji fəaliyyətində və
fikirlərində qadın təhsili məsələsi də mühüm yer
tuturdu.
Azərbaycan qadınının hüquqsuzluğu, təhsildən
məhrum olması, kölə halında saxlanılıb istismar
edilməsi Nərimanovu daim düşündürürdü. Şərq
qadınının faciələrlə dolu həyatına yaxından
bələd olan Nərimanov onların azadlığı, təhsili
uğrunda daim mübarizə aparmışdır.
N.Nərimanov qadınların təhsil almasının, ictimai
işlərdə iştirakının qızğın tərəfdarı idi. Onun
bilavasitə yaxından köməyi ilə təşkil edilmiş
qız məktəblərində təhsil alan yüzlərlə
azərbaycanlı qız xalqımızın mədəni inkişafında
böyük rol oynamışdır.
N.Nərimanovun pedaqoji irsində mərkəzi yerlərdən
birini də müəllim, onun şəxsiyyəti, müəllim
kadrlarının hazırlığı məsələsi tutur.
N.Nərimanov xalq arasında savadın yayılmasında,
xalqın ümumi tərəqqisində müəllimin rolunu
yüksək qiymətləndirirdi. O, müəllim sözünü geniş
mənada başa düşür, müəllimin geniş xalq
kütlələri arasında işinə, ictimai fəaliyyətinə
böyük əhəmiyyət verirdi. N.Nərimanov xalqın
mədəni tərəqqisinə çalışan müəllimlərin işini
yüksək qiymətləndirdiyi kimi, xalqın ictimai və
mədəni yüksəlişi üçün çalışmayan müəllimləri
tənqid edir və onları "çinovnik"
adlandırırdı.
Onun müəllimdən tələb etdiyi keyfiyyətlərdən
biri, pedaqogikanı, təlim və tərbiyənin prinsip
və üsullarını, psixologiyanı bilməsi və ona
istinad etməsidir. O, şagirdlərin fərdi
xüsusiyyətlərinə istinad etməyi təlim və tərbiyə
işində müvəffəqiyyətin rəhni hesab edir və
göstərir ki, ...hər uşağın özünə görə bir
qeyri-xasiyyəti, təbiəti olmağı binaən hamıya
bir qayda və qanun ilə dərs vermək, hamıya bir
dildə bəyan etmək olmaz. Hamını bir ölçü ilə
ölçmək olmaz. Uşaqların bir parası zehinli, bir
parası zehinsiz, fəhmsiz, bir parasının
qüvveyi-hafizəsi qüvvətli, bir parasınınkı
naqis, bir parası müdhiş hekayələr sevən, bir
parası gülünc və fərəhli nağıllardan həzz alan
olur. Uşaqlara məhəbbəti olan müəllim bunların
hamısını mülahizə edər, hər kəsin öz biliyinə,
qanacağına görə hərəkət edərsə, hər kəsin
eyibinə görə çarə taparsa, əlbəttə, təilim və
tərbiyə düz yol ilə gedib, tərəqqi dərəcəsinə
çatar.
Məlum olduğu kimi, Sovet hakimiyyətinə qədər
Azərbaycanda müəllim kadrları hazırlayan xüsusi
məktəb yox idi. Bütün Zaqafqaziya üzrə müəllim
kadrları hazırlayan yalnız Qori seminariyası
idi. Bu seminariyanın Azərbaycan şöbəsinin
müəllim kadrı hazırlığında xüsusi rolu olmasına
baxmayaraq, xalqın daim artan tələbini ödəmirdi.
Qori seminariyasının Azərbaycan şöbəsinin
Azərbaycan şəhərlərindən birinə köçürülməsini
məqsədəmüvafiq hesab edən N.Nərimanov çox düzgün
və əməli əhəmiyyəti olan təkliflər irəli sürdü.
O yazırdı: "Açıq deməli, Qori darülmüəllimin
Bakıda, ya Gəncədə və ya qeyri-müsəlman
şəhərində olsa, padşahlıq xərcinə oxuyan altmış
nəfərdən savayı altmış nəfər müsəlman uşağı da
daha ziyada öz evlərində olarkən seminariyada
elm təhsil etməyə mümkünləri olacaqdır. Yəni
gündüzlər padşahlıq xərcinə oxuyan uşaqlar ilə
bərabər dərs oxuyub axşamlar öz evlərinə
gedərlər...".
1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif
Şöbəsinin müdiri vəzifəsində işləyərkən mövcud
şəraiti nəzərə alan N.Nərimanov qısamüddətli
pedaqoji kurslar vasitəsilə yüzlərlə müəllim
hazırlanmasını təşkil etmişdir. Azərbaycanda ilk
pedaqoji institut yaradılması və təsis edilməsi
N.Nərimanovun adı ilə bağlıdır.
N.Nərimanov müəllim kadrları hazırlığı işinə
xüsusi diqqət verməklə yanaşı, müəllimlərin
qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur.
Bu vəzifələrdən birincisi əmək məsələsidir.
Cəmiyyətin əmək üzərində qurulması ideyasını
əsas götürən N.Nərimanov belə hesab edirdi ki,
müəllimlərdən təlim alan gənclər, ilk növbədə,
əməksevər olmalıdırlar. 1924-cü ildə APİ-nin ilk
məzunlarının buraxılışı münasibətilə yazdığı "Elmlərini
yeni tamam etmiş müəllimlərə" açıq məktubunda bu
məsələni ön planda qoyan N.Nərimanov demişdi:
- Əziz yoldaşlar! Təzə həyata qədəm qoymanızı
təbrik edirəm. Vəzifəniz hər nə qədər çətin,
ağır və məsuliyyətli bir vəzifədirsə, bunu da
düşünməlisiniz: insanın ruhunu ucaldan çox şey
varsa, onun ən birincisi zəhmətdir. Ona görə də,
sizin tərbiyənizdə olan Azərbaycan balaları
gərək zəhmətsevən olsunlar. Yəni başqasının yox,
öz zəhmətinin qüvvəsinə ehtiyaclarını rəfedici
olsunlar".
N.Nərimanovun müəllimlər qarşısında qoyduğu
vəzifələrdən biri də dövlət və hökumət
quruculuğu üçün ləyaqətli adamlar, cəsur,
cürətli və dəyanətli, doğruçu və vicdanlı
adamlar yetişdirməkdən ibarətdir. Həmin məktubda
bir məsələyə xüsusi əhəmiyyət verən N.Nərimanov
yazmışdı:
"Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək
cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir
parça çörəkdən ötəri ikiüzlülük etməsinlər,
filankəsin xoşuna gəlmək üçün qatığa qara
deməsinlər".
N.Nərimanovun müəllimlər qarşısında qoyduğu
üçüncü vəzifə daha genişdir. O göstərirdi ki, "Azərbaycan
Şərq üçün bir məktəbdir. Yəni Şərq hazırki
halında qalarsa, biz ona hər cəhətdən müəllim
olacağıq".
N.Nərimanov pedaqogika və psixologiyanın nəzəri
məsələləri ilə birlikdə pedaqogika tarixini də
bilməyə, klassik pedaqoqları, keçmişin zəngin
pedaqoji irsini öyrənməyə və ondan faydalanmağa
böyük əhəmiyyət verirdi. O, böyük və fədakar
pedaqoqların-müəllimlərin həyat və
fəaliyyətindən gətirdiyi ibrətli misallarla
göstərirdi ki, xalqını, zəhmət adamını,
yoxsulları və məzlumları sevən müəllimlər
onların xoşbəxtliyi və tərəqqisi üçün hər cür
cəfalara və məşəqqətlərə dözməyə razı olmuşlar.
Onlar yalnız sözlə deyil, əməli işlərində xalqa
xeyirxah olduqlarını sübut etmişlər.
N.Nərimanov Azərbaycan məktəb və pedaqoji fikir
tarixində özünəməxsus orijinal fikirlərə malik
bir sima idi. O, zəhmətsevər xalqın içərisindən
çıxmış, zəhmətkeşlər adından çıxış etmiş,
zəhmətkeşlərdən bəhs etmiş və ömrünün sonunadək
onların azadlığı, xalq maarifi və mədəniyyətinin
tərəqqisi naminə çalışmışdır.
Hüseyn ƏHMƏDOV,
pedaqoji elmlər doktoru,
professor, Rusiya Təhsil
Akademiyasının akademiki |