Aprelin 6-da Azərbaycan-Türkiyə özəl liseyləri
baş idarəsində ekologiya və təbiəti mühafizə
problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin
Mühafizəsi 4-cü Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİA)
ilə bağlı mətbuat konfransı keçirildi.
Tədbirdə təşkilat komitəsinin sədri Arif
Gömleksiz olimpiadanın keçirilməsi haqqında
məlumat verdi. Bildirildi ki, olimpiada 2010-cu
ilin Azərbaycan Respublikasında "Ekologiya ili"
elan olunmasına həsr edilib.Olimpiada aprelin
7-dən 11-dək Təhsil Nazirliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət
Neft Şirkətinin dəstəyi və "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin təşkilatçılığı ilə
keçiriləcək.
Qeyd olundu ki, bu olimpiada Azərbaycanda ilk
dəfə 2007-ci ildə keçirilmiş və dünyanın 17
ölkəsindən 70-ə qədər şagird iştirak etmişdir.
2008-2009-cu illərdə keçirilmiş olimpiadalarda
isə iştirakçıların sayı artmışdır. Bu il
keçiriləcək olimpiadada isə 33 ölkədən 300-ə
yaxın şagird mübarizə aparacaq.
Təşkilat komitəsinə bu il 300-dən çox layihə
təqdim olunmuş və onlardan 97-si seçilərək
münsiflər heyətinin müzakirəsinə verilib.
Münsiflər heyətində xarici ölkələrdən və
Azərbaycandan dəvət olunmuş tanınmış və
təcrübəli alimlər təmsil olunurlar.
Sonda KİV nümayəndələrinin suallarına cavablar
verildi.
Niyazi RƏHİMOV |