| 
								
								Yeni fəaliyyətə başlayan hər hansı bir təhsil 
								müəssisəsinin öz uğurları ilə tanınması, yaxşı 
								ad çıxarması üçün adətən, illər lazım gəlir. 
								Paytaxtımızın Qaraçuxur yaşayış sahəsində ötən 
								il əsaslı təmirdən sonra istifadəyə verilmiş 338 
								nömrəli körpələr evi-uşaq bağçasına isə bunun 
								üçün cəmi bir il kifayət edib.
								 
								
								Fəaliyyətdə olduğu bu qısa dövr ərzində bağçada 
								yüksək təlim mühiti yaradılıb, işgüzar, yaradıcı 
								fəaliyyət göstərən kollektiv formalaşıb. Həm 
								bunlara, həm də təlim-tərbiyə işlərinin 
								keyfiyyətli təşkilinə, yetirmələrinin hazırlıq 
								səviyyəsinə görə 338 nömrəli bağça hazırda 
								paytaxtın qabaqcıl məktəbəqədər təhsil 
								müəssisələri ilə bir sırada durur. Bunu ötən ay 
								bir yaşını qeyd edən bağçanın bu münasibətlə 
								keçirdiyi bayram şənliyinə gəlmiş qonaqlar - 
								məktəbəqədər təhsil sahəsinin mütəxəssisləri də 
								xüsusi vurğuladılar. 
								
								Mərasim iştirakçıları əvvəlcə bağçanı gəzib 
								burada körpə fidanların təlim-tərbiyəsi üçün 
								yaradılmış şəraitlə tanış oldular. 
								
								Yeri gəlmişkən qeyd edək ki, bacarıqlı 
								təşkilatçı, ali ixtisas təhsilli Arzu 
								Babayevanın rəhbərlik etdiyi bağçanın binasında 
								ötən il yüksək səviyyədə əsaslı təmir işləri 
								aparılmış, müəssisə müasir avadanlıqlarla, 
								təlim-tədris vəsaitləri ilə və hər cür 
								oyuncaqlarla tam təchiz olunmuşdur. Bütün bunlar, 
								habelə qrup otaqlarının, dəhlizlərin müasir 
								dizayn və metodikanın tələblərinə uyğun zövqlü 
								tərtibatı qonaqlara xoş təsir bağışladı. Sonra 
								onlar bağçanın istedadlı uşaqlarının əl 
								işlərindən və rəsmlərindən ibarət sərgiyə 
								baxdılar. 6 yaşlı Aysel Hüseynovanın burada 
								açılmış fərdi sərgisində nümayiş olunan rəsmlər 
								qonaqlarda heyranlıq doğurdu. 
								
								Mərasim Polad Bülbüloğlunun "Azərbaycan" 
								mahnısının sədaları altında al-əlvan geyimli 
								uşaqların zala daxil olması ilə başlandı. 
								Uşaqlardan ibarət xor Dövlət himni və bağçanın 
								himnini ifa etdi. 
								
								Sonra aparıcı bağçaları haqqında məlumat verdi. 
								Aydın oldu ki, bu məktəbəqədər təhsil 
								müəssisəsində 9 qrup fəaliyyət göstərir. 
								Onlardan 8-i Azərbaycan, 1-i rus qrupudur. 
								Uşaqlara mövcud proqramdan əlavə, ingilis və 
								ərəb dilləri də öyrədilir. Bu məqsədlə dərnəklər 
								yaradılıb. Burada, eyni zamanda rəqs dərnəyi də 
								mövcuddur.  
								
								Uşaqlar Azərbaycan, rus, ingilis, ərəb 
								dillərində şeirlər söyləyir, milli rəqslərimizlə 
								bərabər, rus, hind, ərəb, türk, ingilis 
								rəqslərini də məharətlə ifa edirdilər. 
								 
								
								Bu ilin ölkəmizdə "Ekologiya ili" elan olunması 
								ilə bağlı tədbirdə uşaqların ekoloji mövzuda da 
								maraqlı çıxışları oldu. Onlar "Azərbaycan 
								Respublikasının qırmızı kitabı" haqqında məlumat 
								verib qorunan heyvan və bitkilərə aid 
								kompozisiya nümayiş etdirdilər.  
								
								Tədbirin sonunda çıxış edən Təhsil Nazirliyi 
								Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə 
								Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								sektor müdiri Leyla İmanova, metodist Südabə 
								Abdullayeva, bağça müdirləri və metodistlər 
								fəaliyyətinin bir ilinin tamam olması münasibəti 
								ilə 338 nömrəli bağçanın kollektivini təbrik 
								etdilər, müəssisədə təlim-tərbiyə işlərinin 
								yüksək səviyyədə aparıldığını, əlverişli təlim 
								mühitinin yaradıldığını, pedaqoji kollektivdə 
								yaradıcı, yenilik sevən gənclərin üstünlük 
								təşkil etdiyini qeyd etdilər, belə bir kollektiv 
								formalaşdırdığına, müəssisənin fəaliyyətini 
								qarşıya qoyulan vəzifələrin həllinə bacarıqla 
								istiqamətləndirdiyinə görə bağçanın müdiri Arzu 
								Babayevaya minnətdarlıqlarını bildirdilər.
								 
								
								Mərasimin hazırlanmasında tərbiyəçilər Vüsalə 
								Məmmədovanın, Nəzakət Məmmədovanın, metodist 
								Səidə Əliyevanın, musiqi rəhbəri Elnarə 
								Bədirovanın zəhməti xüsusi qeyd olundu.   
								
								
								Yusif ƏLİYEV  |