"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi 4-cü
Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları
aprelin 7-də Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara Fondun vəzifələri və fəaliyyəti barədə
geniş məlumat verilmişdir. Bildirilmişdir ki,
əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin
irsinin öyrənilməsi və təbliği olan Fond uşaq və
gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq,
hərtərəfli biliklərə malik vətəndaş kimi
yetişməsi işinə xidmət edir.
Olimpiadanın iştirakçıları ümummilli liderin
şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil
ocaqlarında fərqləndiyini əks etdirən diplomlara,
təltif olunduğu müxtəlif orden və medallara
maraqla baxmışlar.
Məlumat verilmişdir ki, ümummilli liderin
ölkəmizə rəhbərlik etdiyi hər iki dövr
tariximizə sabitlik və inkişaf mərhələləri kimi
daxil olmuşdur. Müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu ümummilli liderin
rəhbərliyi dövründə ölkə həyatının bütün
sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.
Heydər Əliyev Fondu ilə tanışlıq 4-cü Beynəlxalq
Layihə Olimpiadasının iştirakçılarında zəngin
təəssüratlar yaratmışdır. |