| 
								
								Aprelin 2-də Azərbaycan Dillər Universitetinin 
								İnformasiya Resurs Kompleksində "Ali təhsil 
								müəssisələrinin KİV-lə əlaqəsi" mövzusunda "dəyirmi 
								masa" keçirildi. ADU-nun İctimaiyyətlə əlaqələr 
								və mətbuat xidmətinin təşəbbüsü ilə Təhsil 
								Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının və 
								Azərbaycan Dillər Universitetinin birgə təşkil 
								etdiyi tədbirdə KİV rəhbərləri və təmsilçiləri, 
								həmçinin ali təhsil müəssisələrinin mətbuat 
								katibləri və nümayəndələri iştirak edirdilər. 
								Öncə ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat 
								xidmətinin 1 illik fəaliyyətini əks etdirən 
								slaydlar nümayiş etdirildi. 
								
								ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat 
								xidmətinin rəhbəri Zeynəb Kazımova "Ali təhsil 
								müəssisələrinin KİV-lə münasibətlərində mətbuat 
								xidməti: qarşılıqlı əlaqərin qurulmasında 
								peşəkarlıq" mövzusunda məruzə ilə çıxış etdi.
								 
								
								Azərbaycan Mətbuat Şurasının sədri Əflatun 
								Amaşovun  "Mətbuat xidməti və ictimaiyyət: 
								məlumatın hazırlanması və ötürülməsi" mövzusunda 
								məruzəsi maraqla qarşılandı. O, mətbuat 
								xidmətinin hər bir qurumun imicinin 
								formalaşmasındakı rolundan, vəzifələrindən, 
								məlumatın KİV-ə ötürülməsi qaydalarından, 
								həmçinin bu sahədə çalışan insanların 
								jurnalistika və media sahəsində biliklərinin 
								olmasının vacibliyindən danışdı.  
								
								"525-ci qəzet"in  baş redaktoru Rəşad Məcid "Universitet 
								nəşrləri: tələbələrin KİV-də iştirakı, tələbə 
								dünyagörüşü və KİV" mövzusunda məruzəsində 
								mətbuatın, qəzetlərin tələbələr üçün hər zaman 
								açıq olmasını və onların peşəkarlıqlarının 
								artırılmasına dəstək vermələrinin önəmini qeyd 
								etdi.  
								
								"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət 
								Babaoğlu mətbuat xidmətlərinin məhz oxucunun 
								marağını nəzərə alaraq materialları daha 
								dəqiqliklə seçib KİV-ə göndərmələrini tövsiyə 
								etdi.  
								
								 "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı 
								çıxışında bildirdi ki, əgər hər hansı strukturun 
								başında peşəkar insan dayanırsa, orada 
								problemlər olmur. Universitetlər içərisində ADU 
								rektorunun bu məsələyə həssaslıqla yanaşması 
								nəticəsində bu təhsil ocağı ilə KİV əlaqələri 
								səmərəli nəticə verir.  
								
								 Şakir CƏFƏROV |