Təhsil Nazirliyindən aldığımız məlumata görə,
bu ilin aprel-may aylarında nazirliyin
təşkilatçılığı və Microsoft-Azərbaycan, İntel,
AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatlarının
dəstəyi ilə "Elektron təhsil" ümumrespublika
müsabiqəsi keçiriləcək.
"2008-2012-ci illərdə təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində keçiriləcək müsabiqədə əsas məqsəd
elektron tədris resurslarından, İnternet
texnologiyalardan tədris prosesində istifadəni
genişləndirmək, İnternetdən tədris məqsədləri
üçün istifadənin yeni formalarını üzə çıxarmaq,
tədris prosesində informasiya
texnologiyalarından fəal istifadə edən
müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə "Təhsildə İnternet texnologiyaları" və
"Müasir məktəbdə elektron tədris resursları"
istiqamətləri üzrə təşkil olunur.
"Müasir məktəbdə elektron tədris resursları"
istiqaməti üzrə müsabiqə üç ("Fənlərin
tədrisində İT-dən istifadə üzrə ən yaxşı
metodika", "İbtidai təhsil sistemində İT-dən
istifadə üzrə ən yaxşı metodika", "Elektron
tədris vəsaitlərindən istifadə edilməklə qurulan
tədris prosesinin ən yaxşı modeli"), "Təhsildə
İnternet texnologiyaları" istiqaməti üzrə
müsabiqə isə iki ("Təhsildə İnternet resursları"
və "Müəllimlərin bloqları") nominasiyanı əhatə
edir.
Qaliblər peşəkar mütəxəssislərdən ibarət
münsiflər heyəti tərəfindən iki mərhələdə
keçiriləcək səsvermə yolu ilə
müəyyənləşdiriləcək.
5 nominasiyanın hər biri üzrə qaliblərə
noutbuklar, netbuklar və digər mükafatlar təqdim
olunacaq.
Aprelin 6-da start götürmüş müsabiqəyə işlərin
qəbulu 21 may tarixinədək davam edəcək.
Müsabiqənin rəsmi İnternet səhifəsi
www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir.
Nizami MİRZƏ |