| 
								
								Aprelin 2-də Bakı Dövlət Universitetində 
								görkəmli alim və ictimai xadim, əməkdar elm 
								xadimi, akademik Abdulla Qarayevin anadan 
								olmasının 100 illiyinə həsr olunmuş yubiley 
								tədbiri keçirilib.  
								
								BDU-nun rektoru, akademik Abel Məhərrəmov, 
								xarici işlər naziri Elmar Məmmədyarov, 
								mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və 
								Abdulla Qarayevin ailə üzvləri ilk öncə alimin 
								uzun illər çalışdığı kafedranın önündə 
								barelyefinin, sonra isə akademikin adını daşıyan 
								auditoriyanın açılışında iştirak ediblər. 
								 
								
								Sonra tədbir böyük akt zalında davam edib. BDU-nun 
								rektoru, millət vəkili, akademik Abel Məhərrəmov 
								akademik Abdulla Qarayevin çoxşaxəli 
								fəaliyyətindən danışıb. Rektor bildirib ki, 
								1938-ci ildə təməli qoyulan eksperimental 
								fiziologiya laboratoriyasının ilk 
								təşkilatçılarından biri, tibb elmləri doktoru, 
								professor, Azərbaycan SSR Elmlər Akademiyasının 
								akademiki, əməkdar elm xadimi, 1944-1950-ci 
								illərdə Azərbaycan Dövlət Universitetinin 
								rektoru olmuş, akademik Abdulla Qarayev bütün 
								şüurlu həyatını fiziologiya, biologiya və tibb 
								elmlərinin müxtəlif nəzəri və təcrübi 
								sahələrinin inkişafı işinə həsr etmişdir. 
								 
								
								Akademik Abel Məhərrəmov Abdulla müəllimin elmi 
								mühitə çox bağlı insan olduğundan, elə ona görə 
								də həyatının sonuna qədər elmi mühitdən bir an 
								olsa ayrılmadığından, əksinə, onu daha məhsuldar 
								etdiyindən də söz açıb.  
								
								Daha sonra rektor Abdulla Qarayevin həyatının 
								çiçəkləndiyi, dolğun enerji və əmək qüvvəsinə 
								malik olduğu bir dövrdə, yaradıcılığının tam 
								inkişafa çatdığı bir mərhələdə, hələ 60 yaşına 
								çatmamış 9 dekabr 1968-ci ildə vaxtından çox tez 
								əbədiyyətə qovuşduğunu tədbir iştirakçılarının 
								diqqətinə çatdırıb. Bildirib ki, onun ən yaxın 
								gələcək üçün hazırladığı real və obyektiv 
								layihələri həll olunmamış qalsa da, zəngin elmi 
								fəaliyyəti bu gün də öyrənilir, tədqiq edilir və 
								tələbələrinin elmi axtarışlarında inkişaf 
								etdirilir.  
								
								Tədbirdə lBöyük elmi məktəbin yaradıcısı» 
								məruzəsi  ilə BDU-nun kafedra müdiri, professor 
								Əli Əliyev çıxış edib. O, akademik Abdulla 
								Qarayevin qısa, lakin mənalı ömür yolu 
								keçməsindən danışıb. Çıxışçılar arasında olan 
								akademik Məhərrəm Məmmədyarov isə ilk fizioloq 
								alimin məsləhəti ilə elm yolunu seçdiyi üçün bu 
								gün də ona minnətdar olduğunu bildirib. 
								 
								
								AMEA-nın Fiziologiya İnstitutunun direktoru 
								Rafiq Qasımov da çıxışında Abdulla müəllimin çox 
								nadir, həssas insan olduğunu deyərək, onun insan 
								kimi humanist xüsusiyyətlərindən, Azərbaycan 
								elmi istiqamətində gördüyü işlərdən danışıb. 
								Sonra akademik Abdulla Qarayevin ailə üzvləri 
								adından nəvəsi, biologiya elmləri namizədi Vəfa 
								Adıgözəlova çıxış edərək rektor, akademik Abel 
								Məhərrəmov başda olmaqla konfransda çıxış 
								edənlərə və iştirakçılara təşəkkür edib.  |