Aprelin 7-də Təhsil Nazirliyində Bakıda
keçirilən ənənəvi Ətraf Mühitin Mühafizəsi IV
Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA)
bir qrup iştirakçısı ilə görüş keçirildi.
Görüşdə Türkiyə, Gürcüstan, Polşa, Malayziya,
Tailand və b. ölkələrdən gəlmiş müəllim və
şagirdlər iştirak edirdilər. Təhsil naziri Misir
Mərdanov olimpiada iştirakçılarını salamlayaraq
onları ölkəmizdə görməsindən məmnunluq duyduğunu
söylədi.
Nazir bildirdi ki, ekologiya və təbiəti mühafizə
problemlərinə həsr olunmuş beynəlxalq layihə
olimpiadası "Çağ" Öyrətim İşlətmələri Şirkətinin
təşəbbüsü və təşkilatçılığı ilə 2007-ci ildən
başlayaraq keçirilir və onda iştirak edənlərin
sayı ildən-ilə artır. Nazir sayca 4-cü olan
builki olimpiadada dünyanın 33 ölkəsindən
300-dək iştirakçının mübarizə apardığını diqqətə
çatdırdı.
Misir Mərdanov Təhsil Nazirliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti
və İctimai Televiziya və Radio Yayımları
Şirkətinin dəstəyi ilə keçirilən layihə
olimpiadasını ölkəmiz üçün böyük hadisə
adlandıraraq onun möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən 2010-cu ilin
Azərbaycanda "Ekologiya ili" elan olunması ilə
əlaqədar xüsusi önəm daşıdığını bildirdi. Təhsil
naziri olimpiada iştirakçılarına uğurlar
arzuladı, bu mötəbər yarışların təşkilində əməyi
olan şəxslərə təşəkkürünü bildirdi.
Misir Mərdanov dünyanın müxtəlif ölkələrindən
gəlmiş müəllim və şagirdlərə olimpiadada
olduqları vaxtdan səmərəli istifadə edib
paytaxtımızın görməli yerlərinə baş çəkməyi,
Azərbaycan tarixi, milli mədəniyyəti, təhsil
sahəsi ilə tanış olmağı tövsiyə etdi.
Görüşdə Gürcüstan, Malayziya və Türkiyədən olan
iştirakçılar söz alaraq səmimi qəbul üçün təhsil
naziri Misir Mərdanova minnətdarlıqlarını
bildirdilər, paytaxtımızla tanışlığın onlarda
xoş təəssürat yaratdığını vurğuladılar.
Sonda görüş iştirakçıları nazirə hədiyyələr
təqdim edib, onunla xatirə şəkli çəkdirdilər.
Görüşdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə
Heyətinin sədri Ənvər Özərən iştirak edirdi.
Y.ƏLİYEV |