Aprelin
5-də Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov nazirliyin bir qrup rəhbər işçisi
və Cənubi Koreyanın Samqyunq Universitetinin
professoru Hanq Kuk Pak ilə görüşüb. Görüşdə
qeyd edilmişdir ki, artıq bir neçə ildir ki,
Cənubi Koreyanın Samqyunq Universiteti ilə Bakı
Kompüter Kolleci arasında əməkdaşlıq davam edir.
Bu müddət ərzində Koreyada mövcud olan elektron
təhsil sisteminin Azərbaycanda tətbiq edilməsi
məsələsi dəfələrlə müzakirə edilmişdir. Bu
məsələnin dövlət səviyyəli bir məsələ olması ilə
əlaqədar Samqyunq Universitetinin rəhbərliyi
Koreya dövlətinə bir layihə təqdim etmiş və
müsbət rəy almışdır: Koreya dövləti layihənin
Azərbaycanda tətbiq edilməsi üçün qrant ayırmağa
hazır olduğunu bildirmişdir. Qrant çərçivəsində
mərkəz yaratmaq lazımdır. Xüsusi avadanlıq,
proqram təminatı, bir neçə otaqdan ibarət
studiyası və təlim keçmiş mütəxəssisləri olan
mərkəz ölkənin bütün müəllimlərinə xidmət
göstərə bilər.
Təhsil naziri Misir Mərdanov bu məsələyə müsbət
münasibətini bildirmişdir. |