| 
								
								Naxçıvan Dövlət Universitetində Azərbaycanda ilk 
								dəfə olaraq universitetdaxili videodərs 
								keçirilmişdir. Memarlıq və mühəndislik 
								fakültəsində keçirilən "açıq dərs" videobağlantı 
								vasitəsi ilə rektorluqda izlənilmişdir. Dərsdən 
								öncə universitetin rektoru, akademik İsa 
								Həbibbəyli çıxış edərək tədbirin əhəmiyyətindən 
								danışmış, muxtar respublika rəhbərliyinin 
								qayğısı ilə illər öncə yeni texnologiyanın 
								tətbiqinə başlanıldığını, bunun dünya elminə 
								inteqrasiya istiqamətində öz bəhrələrini 
								verdiyini vurğulamışdır.  
								
								Universitet müasir kompüter dəstləri, elektron 
								lövhələr, proyektorlar və digər yeni 
								avadanlıqlarla təchiz olunmuş, 
								informasiya-kommunikasiya texnologiyalarının 
								mənimsənilmiş, 5 il bundan öncə həyata keçirilən 
								və ənənəvi hal alan "Elektron Naxçıvan" layihəsi, 
								videodərs və videokonfranslar təşkil olunmuş, 
								dünyanın ən məşhur elm, tədris ocaqları ilə 
								canlı ünsiyyət yaradılmışdır. Qeyd olunmuşdur ki, 
								bu ali məktəbdə CİSCO texnologiyaları əsasında 
								yaradılan "Wi-FI"  kampus İnternet şəbəkə 
								sisteminin qurulması hesabına tədris korpusları 
								ilə yanaşı, universitetin 110 hektarlıq 
								ərazisində simsiz sürətli İnternet bağlantısı 
								daha geniş elmi əlaqələr qurmağa imkan verir.
								 
								
								Sonra videodərs başlamışdır. Videodərs zamanı 
								Səyyad Vəliyevin memarlıq və mühəndislik 
								fakültəsinin "Yol hərəkətinin təşkili" ixtisası 
								üzrə II kurs tələbələrinə "Çarxqoru - sürgüqoru 
								mexanizminin vəzifəsi, quruluşu və əsas 
								detalları" mövzusunda mühazirəsi izlənilmişdir. 
								Dərs prosesində slaydlardan, əyani vəsaitlərdən 
								istifadə olunmuşdur. Videodərs bitdikdən sonra 
								qarşılıqlı müzakirə aparılmış, videodərs 
								pedaqoji və texniki cəhətdən qənaətbəxş hesab 
								olunmuşdur.  
								
								NDU-nun rektoru, akademik İsa Həbibbəyli, tədris 
								işləri üzrə prorektor, əməkdar elm xadimi Hüseyn 
								Həşimli, tərbiyə işləri üzrə prorektor, fəlsəfə 
								elmləri doktoru Məmməd Rzayev, beynəlxalq 
								münasibətlər və xarici dillər fakültəsinin 
								dekanı Qurban Qurbanlı gələcəkdə videodərslərin 
								daha keyfiyyətli təşkili üçün dəyərli tövsiyələr 
								vermişlər.  
								
								Mehriban SULTAN |