Aprelin 7-də təhsil naziri Misir Mərdanov Dünya
Bankının ölkəmizdə səfərdə olan missiyası ilə
görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq
onların Təhsil Nazirliyində keçirdikləri
görüşlərin, apardıqları bir sıra müzakirələrin
görülən işlərin daha da yaxşılaşdırılmasında
mühüm rol oynayacağını qeyd edib. Nazir Dünya
Bankı ilə Təhsil Nazirliyinin birgə həyata
keçirdiyi tədbirlərdən, reallaşdırılan işlərdən
danışıb, həmçinin Dünya Bankı tərəfindən
hazırlanmış "Yaşayış səviyyəsinin
qiymətləndirilməsinə dair hesabat"la tanış
olduğunu və bununla bağlı bir sıra qeydlərini
bildirib.
Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori
Yedjeyçak səmimi qəbula və müvafiq hesabat
haqqında fikirlərinə görə təhsil naziri Misir
Mərdanova təşəkkür edib. Ölkəmizin təhsil
sektorunda aparılan işlərdən danışan qonaq
Azərbaycanın onlar üçün ən yaxşı tərəfdaş
olduğunu vurğulayıb.
Sonra Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə
koordinatoru Meskerem Mulatu Təhsil Nazirliyinin
müvafiq şöbələrində Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin icrası istiqamətində
keçirilmiş görüşlərdən, aparılan müzakirələrdən
söz açıb. Xanım Mulatu görülən işlərin yaxın
gələcəkdə təhsil sahəsinin daha da inkişafına
səbəb olacağını nəzərə çatdırıb, müəllim
hazırlığı, ixtisasartırma təhsili üzrə aparılan
yenilikləri təqdirəlayiq hal kimi dəyərləndirib.
PİSA-Beynəlxalq Qiymətləndirmə Proqramında
ölkəmizin iştirakından danışan qonaq bununla
bağlı bir sıra məqamlara toxunub.
Nazir də, öz növbəsində, qeyd olunan
istiqamətlərdə aparılan işlərdən söz açıb, son
illər ali və orta təhsil sahəsində həyata
keçirilən tədbirlər, Dünya Bankının tövsiyəsi
ilə Təhsil Nazirliyində yaradılan şöbələrin
gördükləri işlər, 10 təhsil ocağının nümunəvi
məktəbə çevrilməsi barədə qonaqlara məlumat
verib.
Sonda təhsil naziri Misir Mərdanov bu görüşdən
məmnun qaldığını ifadə edib və qonaqlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb. |