Bakalavriat pilləsində təhsil alan gənclər
sabahın magistrantı, doktorantı olacaqlar. Onlar
elə bu illərdə tədqiqat aparmalı, hər hansı bir
sahə üzrə mütəxəssis kimi hazırlanmalıdırlar.
Sumqayıt Dövlət Universitetində bu istiqamətdə
görülən işlər Tələbə Elmi Cəmiyyətində (TEC-in
sədri, dosent T.Hüseynovdur) əlaqələndirilir,
istiqamət verilir. Ali məktəbdə artıq altı ildir
ki, TEC-in elmi konfransı keçirilir.
Builki elmi konfrans dekabrın 2-də universitetin
akt zalında açılmışdır.
Tədbiri giriş sözü ilə SDU-nun rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
Nadir Qəhrəmanov açaraq ənənəyə çevrilmiş elmi
məclisin tələbə gənclərin yaradıcılıq
potensialının aşkara çıxarılması,
dünyagörüşlərinin genişləndirilməsi,
ümumiləşdirmə bacarıqlarının, nitq
mədəniyyətinin inkişafı baxımından əhəmiyyətli
rolunu qeyd etmişdir.
Konfrans riyaziyyat, fizika, kimya, biologiya,
coğrafiya və ekologiya, yeni informasiya
texnologiyaları, elektroenergetika, ümumi tarix,
Azərbaycan tarixi, sosiologiya, filologiya və
iqtisadiyyat bölmələri üzrə öz işini sonrakı
günlərdə davam etdirmişdir.
Qonaqların və ali məktəb müəllimlərinin iştirak
etdikləri bölmələrdə bu il 518 tələbə çıxış
etmişdir. Halbuki 2005-ci ildə keçirilmiş elmi
yığıncaqda cəmi 239 nəfər olmuşdu. Bu il 7
fakültə üzrə iştirakçılar sırasında tarix
fakültəsinin tələbələri çoxluq təşkil edirdilər.
Dekabrın 6-da yekun iclası keçirilmiş, bölmə
rəhbərlərinin hesabatları dinlənilmiş, ən fəal
tələbə-məruzəçilər ali məktəbin Fəxri
fərmanlarına layiq görülmüşlər.
Konfransı yekunlaşdıran elmi işlər üzrə
prorektor, professor Yadigar Hüseynov qeyd
etmişdir ki, bölmələrdə ən maraqlı mövzularda
çıxış edənlər tələbələrin Ümumrespublika
konfransında iştirak etmək hüququ qazandılar,
konfrans materialları universitetin saytında
yerləşdiriləcəkdir.
Ş.ELNUR |