Sizi
- məktəbinizin müəllim kollektivini, şagirdləri
və məzunlarını Azərbaycanda ilk dünyəvi təhsil
ocaqlarından olan Şuşa şəhəri 1 nömrəli orta
məktəbin 180 illik yubileyi münasibətilə
səmimi-qəlbdən təbrik edirəm.
Məktəbiniz milli təhsil sisteminin inkişafına və
maarif-mədəniyyət tariximizə dəyərli töhfələr
vermişdir. Ədəbi-ictimai fikrimizin bir çox
görkəmli simalarının təhsil aldıqları bu tədris
müəssisəsi yarandığı vaxtdan bəri ölkəmizdə
mütərəqqi fikirli yeni ziyalılar nəslinin və
milli kadrların yetişməsində, mədəni-maarifçilik
hərəkatının geniş vüsət qazanmasında
təqdirəlayiq xidmətlər göstərmişdir.
Şuşa şəhər məktəbi maarifpərvər insanların
fədakar əməyi sayəsində uzun illər
respublikamızın zəngin təcrübəyə malik bir
ümumtəhsil ocağı olaraq tanınmışdır. Burada
vaxtilə görkəmli alimlər, mədəniyyət və
incəsənət xadimləri təhsil almışlar. Məktəbin
məzunları bu gün də ölkəmizin sosial-iqtisadi,
mədəni-intellektual potensialının artırılmasında
bilik və bacarıqlarını əsirgəmirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
zamanı Ermənistanın apardığı etnik təmizləmə
siyasəti nəticəsində soydaşlarımız doğma
yurd-yuvalarından didərgin salınmış, silahlı
erməni quldur dəstələri tərəfindən işğal altına
alınan torpaqlarımızda, o cümlədən xalqımızın
iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial
infrastruktur büsbütün dağıdılmışdır. Şuşa
şəhəri 1 nömrəli orta məktəb 1992-ci ildən Bakı
şəhərində məskunlaşmaq məcburiyyətində
qalmışdır. Məktəbiniz ötən illərdə özünün
pedaqoji ənənələrini qoruyub yaşatmaq üçün böyük
əmək sərf etmişdir. İnanıram ki, məktəbin
müəllim kollektivi gənc nəslin mənəvi saflığı,
bilikləri lazımınca mənimsəməsi və yurdumuzun
layiqli övladları kimi yetişdirilməsi naminə
bundan sonra da var qüvvə ilə çalışacaqdır.
Hamınıza cansağlığı, xoşbəxtlik və yeni uğurlar
arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2010-cu il |