Dekabrın 9-da Bakı Dövlət Universitetində
doktorant və gənc tədqiqatçıların XV Respublika
elmi konfransının açılış mərasimi keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali
məktəb rektorları, professor - müəllim
heyətlərinin nümayəndələri, tələbələr və KİV
işçiləri iştirak edirdilər.
Konfransı
giriş sözü ilə təhsil naziri Misir Mərdanov
açaraq tədbir iştirakçılarını
salamladı.Bildirdi ki, bu gün biz
doktorantların və gənc tədqiqatçıların növbəti
XV Respublika elmi konfransını keçirmək üçün
toplaşmışıq. Artıq 15 ildir ki, ənənəvi olaraq
belə bir konfrans keçiririk və zaman keçdikcə
bu konfransa maraq göstərən iştirakçıların sayı
çoxalır. Bu da gənclərin elmə həvəsinin artması
və bu konfransa olan rəğbətinin çoxalması kimi
qiymətləndirilə bilər.
Ölkəmizdə təhsil islahatının uğurla həyata
keçirilməsindən söz açan nazir Misir Mərdanov
qeyd etdi ki, iki gün davam edəcək konfransın
işi müxtəlif elm sahələrini əhatə edən 21
bölmədə təşkil olunub və 20 ali məktəbdən 401
tezis təqdim edilib.
Bildirildi ki, BDU-ya uzun müddət rəhbərlik
etmiş akademik Şəfaət Mehdiyevin 100 illik
yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 8 noyabr 2010-cu il
tarixli Sərəncamının icrasını təmin etmək
məqsədilə Təhsil Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası "Ən yaxşı məruzəyə görə" akademik
Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi
barədə birgə qərar da qəbul ediblər.
Plenar iclasdan sonra bölmələrin işində fəal
iştirak edən tədqiqatçılara sertifikatların
verilməsindən söz açan Misir Mərdanov bu cür
konfransların Azərbaycan elminin inkişafı
yolunda öz töhfələrini verəcəyindən də ətraflı
danışdı.
Sonra təhsil nazirinin müavini İradə Hüseynova,
BDU-nun rektoru, akademik Abel Məhərrəmov,
BDU-nun doktorantı Ziya Əmrahov və başqaları
da çıxış etdilər.
Konfrans öz işini bölmələr üzrə davam etdirdi.
Şakir CƏFƏROV |