Dekabrın
3-də ADU-nun rektoru, millət vəkili, professor
Səməd Seyidov Polşa Respublikasının Azərbaycana
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Mikal Labenda ilə görüşdü.
Azərbaycanda diplomatik fəaliyyətə başlaması
münasibətilə qonağı təbrik edən rektor
xalqlarımız arasında səmimi münasibətlərin
olduğunu vurğuladı.
Görüşdə regional və beynəlxalq, həmçinin bir
sıra maraq doğuran məsələlər barədə geniş fikir
mübadiləsi aparıldı. Ölkələrimiz arasında bir
sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi
üçün geniş potensialın olduğunu bildirən səfir
Mikal Labenda əlaqələrin dərinləşməsi
istiqamətində çalışacağını qeyd etdi.
Rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat
verən Səməd Seyidov bildirdi ki, universitetdə
bir çox istiqamətlər üzrə müxtəlif ixtisaslar
mövcuddur. ADU-da Qafqazşünaslıq ixtisasının
açılmasının qonşu ölkələri öyrənmək baxımından
böyük əhəmiyyət kəsb etdiyini deyən rektor
Fransa, Almaniya, Koreya, Malayziya mərkəzləri
haqqında danışdı. S.Seyidov dövlətçilik
ənənələrindən söz açaraq Azərbaycanın beynəlxalq
təşkilatlarla apardığı uğurlu əməkdaşlıqdan
danışdı. Polşa-Azərbaycan əlaqələrinə toxunan
rektor bu münasibətlərin çox yüksək səviyyədə
olduğunu bildirdi.
Səfir Mikal Labenda universitetlə gələcək
əməkdaşlıq perspektivlərinin olduğunu qeyd
edərək Polşa universitetlərində Azərbaycan
dilinin tədrisinin mümkünlüyündən söz açdı.
Tələbə-müəllim mübadiləsi haqqında danışan səfir
Polşa universitetlərində həmçinin Azərbaycan
dili kafedrasının açılmasının
universitetlərarası əlaqələrə təkan verəcəyini
dedi.
Görüşdən sonra səfir Mikal Labenda Azərbaycan
Dillər Universitetinin İnformasiya Resurs
Kompleksi ilə tanış oldu.
ADU-nun Mətbuat xidməti |