Dekabrın 3-də Təhsil Nazirliyinin Elmi-Metodik
Şurası fizika bölməsinin Azərbaycan Dövlət
Pedaqoji Universitetinin fizika fakültəsində
elmi seminarı keçirildi. Tədbirdə universitetin
professor-müəllim heyətinin nümayəndələri ilə
birgə orta məktəb müəllimləri, metodistlər və
magistrlər də iştirak edirdi. Bir ilə yaxın
müddətdə fəaliyyət göstərən seminarda "Fizika və
onun tədrisi problemləri" müzakirə olunur.
Seminarı
giriş sözü ilə açan ADPU-nun fizika fakültəsinin
dekanı, professor Mirzəli Murquzov "XXI əsr
fizikası" mövzusunda məruzə ilə çıxış etdi. O,
fizika elmində (ümumiyyətlə, təbiətşünaslıqda)
XX əsrdə əldə edilmiş nailiyyətlər haqqında
məlumat verərək, XXI əsrin fizikasını
səciyyələndirən əsas xüsusiyyətləri təhlil etdi.
Professor qeyd etdi ki, müasir təbiətşünaslığın
əsas istiqamətlərindən biri onun inkişaf
haqqında elmə çevrilməsidir. Keçən əsrdə baş
vermiş qlobal kəşflər: dünyamızın başlanğıca
malik olması, kainatın iyerarxiyalığı və
durmadan genişlənməsi, dünyada gedən proseslərin
qapalı deyil, açıq tarazlıqdan uzaq və mürəkkəb
sistem olması təbiətşünaslığa yenidən baxmağı,
yeni metodologiyaya keçilməsini zəruri edir. Bu
baxımdan dünyanın yeni sintetik (kibernetika,
informatika və sinergetika) təbii elmi mənzərəsi
formalaşmaqdadır. Professor M.Murquzov müasir
fizikanın (təbiətşünaslığın) əsas xüsusiyyətini
qlobal təkamülçülük konsepsiyasının reallaşması,
bütün canlı, cansız və sosial materiyaya vahid
universal təkamül prosesi kimi baxıldığını qeyd
etdi. Bildirildi ki, hazırkı təbiətşünaslıqda
ənənəvi baxışdan fərqli olaraq, dünya elmi açıq,
mürəkkəb, qeyri-tarazlıqlı, qeyri-davamlı,
dönməyən və qeyri-xətti sistemlərin
öyrənilməsinə, onun tədqiqinə və tədrisdə
tətbiqinə keçməkdədir. Məruzəçi belə müxtəlif
fiziki, kimyəvi, bioloji, sosioloji və s.
sistemlərdə quruluşun öz-özünə formalaşması
prosesinin baş verdiyini, bunları nəzərə
almaqla elmdə və təhsildə fənlərarası əlaqə
yaratmaq iddiasında olan sinergetik yanaşmadan
istifadə edilməsinin vacibliyini bildirdi. Qeyd
edildi ki, təbii proseslər qeyri-xətti
proseslərdir və sistem xarici aləmlə enerji,
maddə və informasiya mübadiləsindədir. Professor
XXI əsr fizikasında, həmçinin digər təbiət
elmlərində riyaziyyatlaşdırmanın gücləndiyini,
bu elmlərin abstraktlıq, mürəkkəblik
səviyyəsinin yüksəldiyini və bütün bunların
riyazi modelləşdirmənin rolunun artırılmasına
səbəb olduğunu nəzərə çatdırdı.
Mövzu ətrafında müzakirələr və diskussiya
aparıldı.
Niyazi RƏHİMOV |